Məhkəmə qərarları › İş №e-2(002)-2267/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2267/2023

13.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2267/2023 13.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən tərtib olunmuş, xx.xx.2023-cü il tarixli 03821745 №li Akta əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi massiv 3 ünvanında **********00181 nömrəli sayğaca müdaxilə olunub, qaz itkisi 25920 m3 hesablanmışdır.

2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-ci il tarixli 14-2- 2/3-5-3863-1 nömrəli Aktına əsasən G-4 markalı **********1 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı üst sol hissədən aralanması aşkar olunmuş, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən **********00181 saylı abonent İddiaçı 25920 m3 qaz sərfiyyatına uyğun dəymiş ziyan həcmi hesablanmışdır.

3. İddiaçı (abonent **********00181) məxsus saldo məlumatlarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ,massiv 3ünvan, Zenner G4T mexaniki sayğac qurğusu üzrə istehlakçıya 2019-cu il üzrə 0,00 manat; 2023-cü ilin iyul ayı üzrə 3110.40 manat məbləğində borc hesablanmışdır. İddia tələbi

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, massiv 3 ünvanında yerləşən evə (Abonent kodu **********00181 ) əsassız olaraq yazılmış olan 1500 manat məbləğində borcun X1 tərəfindən silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ,massiv 3 ünvanında yerləşən abonent kodu **********00181 olan İddiaçı məxsus fərdi evə qanunsuz olaraq borc kimi yazılmış 3110.40 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, massiv 3 ünvanında yerləşən mənzil faktiki olaraq mənim və ailə üzvlərimin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********00181 olmaqla cavabdeh X1 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfimdən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. 17 aprel 2023 – cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilmişdir, belə ki, onlar tərəfindən sayğaca baxış keçirilərkən sayğaca müdaxilə olması qeyd olunmuşdur. Akta əsasən mənə 1500 manat borc yazılmışdır, qeyd etmək istərdim ki,tərəfimdən və ailə üzvlərim tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmişəm və tərəfimdən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. Qeyd edim ki, mənzilimdə həmişə qaz sayğacı olub və sayğac işləyib, sayğacın göstəriciləri əsasında mən təbii qaza görə haqq ödəmişəm. Əgər həmin sayğac işlək deyilsə, o halda mən o sayğacı necə işlədə bilərdim və mənzilimə təbii qaz necə gələ bilərdi? Digər tərəfdən, həmin sayğacda plombların yerinin səhv olmasında, element plombunun yerinə metrologiya plombunun, sonuncunun yerinə isə element plombunun vurulmasında mənim hər hansı təqsirim yoxdur. Həmin plomblar qaz idarəsinin əməkdaşları tərəfindən həmin sayğac quraşdırılarkən vurulub. Mən ümumiyyətlə həmin plombların necə vurulması prosedurundan məlumatlı deyiləm və bunu bacarmıram. Əgər sayğac işlək deyildirsə və həmin plombların yeri səhv vurulubsa, həmin sayğac yeni qaz sayğacı ilə əvəz olunarkən, cavabdeh qurumun əməkdaşları bu faktı aşkar edə bilərdi və tərtib edilmiş Aktda bu barədə müvafiq qeyd apara bilərdilər. Aktdan görünür ki, orada belə qeyd aparılmayıb. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İddiaçı tələbin hüququ əsası kimi “İstehlakçıların müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci, 26-cı maddələrinə; “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsi, 12-ci maddəsinin 5-ci bənidnə, 12-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad etmişdir. İddia tələbinə etiraz

8. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

9. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də təmin edilməməlidir: Belə ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə saldo üzrə 3092.90 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlarımız tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına yoxlama aparılmış və təbii qazdan qeyriqanuni istifadə aşkar olmuşdur. Nəticədə Cavabdehnə ümumilikdə 3110,40 manat həcmində ziyan vurmuşdur: faktla bağlı xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilərək foto şəkillər çəkilmişdir. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 3110,40 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X3”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

10. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, 3110.40 manat borc yazıldığını, cərimənin səbəbi sayğacın plasmas qutusu qırıldığını, aprel ayında sayğacı dəyişdirəndə müdaxilə olunduğu qeyd olunduğunu bildirmişdir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi.

12. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək, öz izahatında iddia tələbini qəbul etmədiyini, cavabdehin borcu olması barədə akt tərtib edildiyini, 3100 manat borcu olduğunu, sayğacın laboratoriya müayinəsindən keçdiyini və sayğaca müdaxilə olunması barədə rəy verildiyini, 180 gün ərzində qazdan istifadə olunduğunu bildirmişdir.

13. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a)İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

17. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu

19. 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanun

20. 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.

21. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

22. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

23. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

25. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

26. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

30. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

31. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b)Əsaslandırma

34. İddia əsaslıdır.

35. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac üzrə xx.xx.2023-cü il tarixli cavabdeh tərəfindən tərtib edilmiş aktlara əsasən sayğaca kənar müdaxilə edilməklə qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 25920 m3 qaz itkisi müəyyən edilmiş və iddiaçıya məxsus saldo məlumatlarından göründüyü kimi ona 2023-cü il üzrə isə 3110.40 manat borc hesablanmışdır. İstehlakçı cavabdehin hesablanmış olduğu ziyan məbləği və aktla razılaşmayaraq borcun silinməsini tələb edir.

36. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.

37. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: əməl (hərəkət və hərəkətsizlik); əməlin hüquqazidd olması və təqsir.

38. Hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, kənar xəttin çəkilməklə qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz Cavabdeh İB-nin üzərinə düşür.

39. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2023-cü il tarixli akta, cavabdehin özü tərəfindən tərtib edilmiş laborator akt və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir.

40. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin aktlar kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlar-sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir. Bundan əlavə qeyd edilən aktların tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdehin özü tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı məhkəmə iclasında verdiyi izahatında aktın tərtib edilməsi zamanı ümumiyyətlə evdə olmadığın bildirmişdir. Bu hal isə həmin aktın formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə odluqda, cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir.

41. Göründüyü kimi, cavabdeh tərəfindən isə iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa heç bir sübut vasitəsi təqdim edilməmişdir. Bununla da, hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* №li aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, qeyd edilən akt əsasında cavabdeh tərəfindən istehlakçı qismində iddiaçıya məxsus sayğac üzrə 3110.40 manat vurulmuş ziyan məbləği əsassız borc olaraq yazılmışdır. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir.

43. Bununla da, məhkəmə hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində qaz paylayıcısına maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halını sübut edilməmiş hesab edir. Bu da öz növbəsində iddiaçıya hesablanmış borc məbləğinin əsassız olmasını şərtləndirir. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, iddiaçının cavabdeh qarşısında qaz sərfiyyatına görə yaranmış 3110.40 manat məbləğində pul öhdəliyinin yaranması halı aşkar olunmadığından, iddia tələbi təmin edilməlidir.

44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar və 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, MPM-in 119-cu maddəsinin tələbi baxımından hazırkı mülki iş üzrə tərəflərin dövlət rüsumu ödəməkdən azad olunması halının nəzərə alınmasını zəruri hesab edir.

45. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdeh iddiaçının tələbdə göstərilən borcunun yaranması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-i tərəfindən ünvan 3 ünvanı üzrə (abonent kodu: **********00181 üzrə) hesablanmış 3110.40 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən silinməlidir

46. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, massiv 3 ünvanında abonent kodu **********00181 olan İddiaçı məxsus fərdi evə yazılmış 3110.40 manat borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar