Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2434/2025 05.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilmiş 10.678,73 manat məbləğində pulun, 320 manat vəkil xidmət haqqının və 123 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-2594/2024 saylı qətnaməsinə əsasən ondan xx.xx.2019-cu il tarixli, L-BK-0050069-F saylı kredit müqaviləsi üzrə 7.246,63 manat əsas borc, 2.630,53 manat faiz, 555,57 manat əldən çıxmış fayda olmaqla, cəmi 10.432,73 manat borc pul və 122 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir. Həmçinin, ondan iş üzrə ekspert rəyinin alınması ilə bağlı 124 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunan məhkəmə qətnaməsində göstərilən 10.432,73 manat kredit borc məbləğinin və 122 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi cavbadehdən tələb olunsa da, onun tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubuna həmin məktubda qeyd olunan 5 iş günü ərizində cavab verilməmişdir. Belə ki, qeyd olunan xx.xx.2019-cu il tarixli, L-BK-0050069-F saylı kredit müqaviləsi sənəd üzərində onunla bağlanılsa da, həmin kredit müqaviləsi üzrə ayrılmış kredit məbləği Cavabdeh verilmiş və həmin məbləğ onun tərəfindən öz şəxsi ehtiyaclarına xərclənmişdir. Cavabdeh "xxxx" BOKT MMC-nin vəzifəli şəxsi olduğundan qulluq mövqeyindən irəli gələn səlahiyyətlərindən sui-istifadə edərək onun kimi sadə vətəndaşların etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə kredit məbləğləri götürərək əsassız olaraq varlanmış və nəticə etibarı ilə vəzifəli şəxs olduğu bank olmayan kredit təşkilatı qarşında onu borclu qoymaqla maddi və mənəvi cəhətdən sarsıdaraq ona maddi və mənəvi ziyan vurmuşdur. Buna sübut olaraq cavabdehin barəsində başlanılmış cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış 1(101)-395/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü məhkəməyə təqdim edir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə keçirilən məhkəmə istintaqı zamanı o, şahid qismində dindirilərkən çarpaz dindirmə zamanı təqsirləndirilən şəxs hazırkı mülki iş üzrə cavabdehin vermiş olduğu ifadələri ilə hazırkı iddia ərizəsində qeyd olunaları etiraf etmişdir. Belə ki, həmin ifadələrdə cavabdeh şəxsi ehtiyacları üçün pul lazım olduğuna görə yaxın dost münasibətində olduqları üçün ondan işlədiyi "xxxx" BOKT MMC-yə gələrək orada formal olaraq onun adına sənədləşdirilmiş, kredit müqaviləsinə qol çəkməsini, həmin kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin faktiki olaraq ona verilmədiyini və həmin kredit müqaviləsi üzrə götürülmüş krediti məbləğini isə cavabdeh şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. İddiaçı tərəf olaraq hesab edir ki, qeyd olunan xx.xx.2019-cu il tarixli, L-BK-0050069-F saylı kredit müqaviləsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-2594/2024 saylı qətnaməsinə əsasən ondan "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalı olan ümümilikdə 10.554,73 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmasa da, mülki doktrinaya görə əsassız varlanma yalnız pulun, əmlakın artması ilə deyil, həm də aktivin artması və ya passivin azalması ilə baş verə bilər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, iddia ərizəsinə İddiaçı mülki iddiaçı kimi deyil, zərər çəkmiş şəxs qismində tanımaqla tələbinə etirazı yoxdur. İddiaçı mülki iddiaçı kimi tanınması hissəsinə etiraz edir. Ona qarşı zərər çəkmiş şəxs qismində tanınmaqla iddiasına etirazı yoxdur və mübahisələnən məbləği qismən, hissə-hissə ödəməyə etirazı yoxdur. Mübahisəli məsələ ilə əlaqəli barəsində cinayət işi başlanaraq iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, hal-hazırda cəza çəkdiyi müəssisədə əmək fəaliyyəti ilə məşğul olaraq, 185 manat məbləğində maaş alır. 29 faizini, yəni 50 manat məbləğində vəsaiti göstərilən hesaba ödənilməsi təmin olunur. Ödəniş qəbzini ərizəsinə əlavə edərək məhkəməyə göndərir. Yuxarıda qeyd olunanların nəzərə alınaraq qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-395/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Cavabdeh ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; Cavabdeh tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 4 may 2021-ci il tarixdən hesablanması; iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 600 manatın Cavabdeh tutularaq dövlət nəfinə keçirilməsi; Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, iş üzrə maddi sübutlara və s. hüquqi qiymət verilmişdir. Hökmlə müəyyən olunmuşdur ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2594/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdeh İddiaçı qarşı «borcun tutulması» tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixli, L-BK-0050069-F saylı kredit müqaviləsi üzrə 7.246,63 manat əsas, 2.630,53 manat faiz, 555,57 manat əldən çıxmış fayda olmaqla, cəmi 10.432,73 manat borc pul və 122 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi; hazırki iş üzrə ekspert rəyinin alınması ilə bağlı 124 manat ekspertiza xərcinin cavabdeh İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2594/2024 saylı icra vərəqəsindən (xx.xx.2024-cü il tarixdə verilmişdir) görünür ki, yuxarıda qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü məhkum Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Pula qəsəbəsi ərazisində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. - xx.xx.2025-ci il tarixli ödəniş sənədindən (PulPal sistemi vasitəsi ilə) görünür ki, İddiaçı tərəfindən «Pro Bono» Vəkil bürosunun hesabına 320 manat pul vəsaiti ödənilmişdir. - xx.xx.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 123 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eləcə də, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçının hesabına ümumilikdə 10.678,73 manat əsassız varlanmışdır. Bu səbəbdən, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əsassız varlanma nəticəsində əldə edilmiş 10.678,73 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat və məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsassız varlanma nəticəsində əldə edilmiş 10.678,73 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat və məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-2434/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2434/2025
05.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver