Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-253/2025 30.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdеh Cavabdeh 2885 manat məbləğində pul vəsaitinin və 49 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hеsabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində saat 23:00 radələrində Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi ərazisində Cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21074” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW 530” markalı, **-LS- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP 55001133 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “BMW 530” markalı, **-LS-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 2885 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən PXA130842 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 2885 manat məbləğində sığorta ödənişi ödənilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, hadisə zamanı cavabdeh avtomobili etibarnamə olmadan istismar etdiyindən, onun icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı idarə etməyə hüququ olmamışdır, bu səbəbdən iddiaçının cavabdehə qarşı zərər məbləğini subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, “VAZ 21074” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktının, PXA130842 saylı sığorta aktının surətlərindən görünür ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 530” markalı, **-LS-*** dövlət nişanlı avtomobilə 2885 manat məbləğində zərərin dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, “VAZ 21074” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı sığorta predmeti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İş materiallarında olan ƏN-İV No 116221 saylı etibarnamənin surətindən görünür ki, X2 xüsusi mülkiyyətində olan “VAZ 21074” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2022-ci il tarixədək Cavabdeh etibarnamə vermişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh sürücülük vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, “VAZ 21074” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı icbari sığorta üzrə müqavilə qüvvədə olmuş və həmin avtomobilin sürücüsü Cavabdeh sürücülük vəsiqəsinə malik olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı sığorta təşkilatı cavabdehin etibarnaməsinin olmadığını əsas gətirərək onu icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istismar etməyə hüququ olmayan şəxs kimi qiymətləndirməkdə haqlı olmamış və göstərilən halda subroqasiya hüququ yaranmadığı halda ona qarşı əsassız iddia qaldırmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdən aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Qərarda qeyd olunmuşdur ki, etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının realizə və təmin edilməsi məqsədilə verilir və etibarnamə üzrə təmsilçi təmsil olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir. Mövcud qanunvericilikdə etibarnamə məhz əqdlərin bağlanması üçün təmsilçiliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi vasitəsi kimi nəzərdə tutulduğundan, daşınar əşya olaraq nəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarə edilməsi üçün etibarnamənin olması ilə bağlı tələb qanunvericilik qaydasında aradan qaldırılmalıdır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, iddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-253/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-253/2025
30.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver