Məhkəmə qərarları › İş №e-2(002)-2581/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2581/2024

01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2581/2024 01.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, X1 «icra məmurunun qərarının ləğv edilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib məhkəmə MÜƏYYƏN ETDİ : X2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, Qaradağ rayon İcra Şöbəsinin rəisi Azər Paşayevin barəsində olan İcra işi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab olunması, Qaradağ rayon İcra Şöbəsinin İcra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Asif Allahverdiyevin barəsində olan icra işi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab olunması, Qaradağ rayon Polis İdarəsinin polis kapitanı, Semral İbayevin həmin icra işi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Xətai rayon ərazisində əməliyyat keçirməsi, 4 nəfərlə onu saxlayıb Qaradağ rayon İcra şöbəsinə gətirməsi hərəkətləri qanunsuz hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, müraciət “ərizə”, “iddia ərizəsi” formasında deyil, “Məhkəmə nəzarəti qaydasında şikayət” formasında verilmiş, X4 öz statusunu da ərizədə “şikayət verən şəxs” kimi qeyd etmişdir və tələb 3 hissədən ibarətdir: Qaradağ rayon İcra Şöbəsinin rəisi Azər Paşayevin barəsində olan icra işi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab olunması, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Asif Alahverdiyevin onun barəsində olan icra işi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab olunması, Qaradağ rayon Polis İdarəsinin polis kapitanı Semral İbayevin həmin icra işi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Xətai rayon ərazisində əməliyyat keçirilməsi, 4 nəfərlə onu saxlayıb Qaradağ rayon İcra Şöbəsinə gətirməsi hərəkətlərinin qanunsuz hesab olunması. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin “Qaradağ rayon Polis İdarəsinin polis kapitanı Semral İbayevin həmin icra işi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Xətai rayon ərazisində əməliyyat keçirilməsi, 4 nəfərlə onu saxlayıb Qaradağ rayon İcra Şöbəsinə gətirməsi hərəkətlərinin qanunsuz hesab olunması” hissəsində iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd edir ki, hazırkı tələbin polis əməkdaşının hərəkətləri ilə bağlı hissəsi inzibati orqanın faktiki xarakterli hərəkətindən şikayət qaydasında verilməli olduğundan həmin hissədə iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aiddir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü bəndinə əsasən, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1- ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, polis əməkdaşının hərəkətlərindən şikayətlə vətəndaşın ilk öncə inzibati orqana daha sonra isə inzibati icraat qaydasında məhkəməyə müraciət etmə hüququ ona izah etməklə həmin hissədə iddianı icraata qəbul etməkdən imtina edir. İddia tələbinin “icra məmurunun icra işi ilə əlaqədar hərəkətlərindən şikayət” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, ərizəçi həmin tələblə iddia icraatı qaydasında deyil, məhkəmə qərarlarının icra icraatı” qaydasında müraciət etməli idi. Belə ki, “İcra haqqında” Qanunun tələblərinə əsasən, icra sənədi üzrə borclunun axtarışı barədə əsaslandırılmış qərar icra məmuru tərəfindən qəbul edilir. Məhkəmə icra məmurunun icra sənədi üzrə borclunun axtarışı barədə qərarı daxil olduqdan sonra həmin qərarı qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə ləğv edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi “icra məmurunun məhkəmə qərarının icrası ilə bağlı hərəkətlərindən şikayət”inə dair hissədə iddia ərizəsinin forma və məzmununa uyğun olmadığı üçün geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 153.2.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : X4 tərəfindən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə qarşı Qaradağ rayon İcra Şöbəsinin rəisi Azər Paşayevin barəsində olan İcra işi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab olunması, Qaradağ rayon İcra Şöbəsinin İcra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Asif Allahverdiyevin barəsində olan icra işi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab olunması”na dair iddia ərizəsi geri qaytarılsın. X4 tərəfindən verilmiş “Qaradağ rayon Polis İdarəsinin polis kapitanı, Semral İbayevin həmin icra işi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Xətai rayon ərazisində əməliyyat keçirməsi, 4 nəfərlə onu saxlayıb Qaradağ rayon İcra şöbəsinə gətirməsi hərəkətlərinin qanunsuz hesab olunması”na dair iddia tələbi yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar