Məhkəmə qərarları › İş №e-2(002)-259/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-259/2023

11.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-259/2023 11.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1.100 (bir min bir yüz) manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra“Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus plastik kartdan istifadə edərək və ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2019-cu il tarixlərində müvafiq olaraq 1000 (bur min) manat istifadə etmiş, buna görə 10 (on) manat komissiya tutulmuşdur, eyni tarixdə 89 (səksən doqquz) manat istifadə etmiş, buna görə isə 1 (bir) manat komissiya tutulmuşdur. Həmin pullar Qaradağ rayonunda yerləşən İddiaçı ASC-nin Qaradağ filialında olan ATM dən çıxarılmışdır. (ödəniş kartı üzrə çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 1.100 (bir min bir yüz) manat ziyan vurmuşdur. Bununla bağlı bank tərəfindən cavabdehə və onun ailə üzvülərinə borcunun olduğu izah olunaraq pulun qaytarılması ilə bağlı müraciət olunsa da, cavabdeh vəsaiti qaytarılmasından imtina etmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - Burada əmlakın əldə edilməsi dedikdə eyni zamanda pul vəsaitinin əldə edilməsi də nəzərdə tutulur. Belə ki, AR Mülki Məcəlləsinin 135.1, 135.2-cimaddələrinə əsasən əmlak bütün əşyaların toplusudur, pullar isə əşyadır. - AR Mülki Məcəlləsinin 1091.2-ci maddəsində qeyd edilmişdir ki, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuniəsas və ya müqavilə əsası olmur. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə İddiaçının hesabına əsassız varlanmışdır. 2. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - Hesab edir ki, varlanmış şəxsin əldə etdiklərinin məhrum olanın tələbi ilə sonuncuya qaytarılması norması AR Mülki Məcəlləsinin 6.1.8- ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Belə ki, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun AR Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən bərpası təmin edilməlidir. - Əsassız varlanan şəxs məhrum olanın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Bu isə həm dövlətdaxili hüquqi aktlar, həm də beynəlxalq konvensiyalarla qadağan olunur. Belə ki,“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”. Analoji norma AR Konstitusiyasının 29-cu maddəsində də nəzərdə tutulmuşdur. - Bundan əlavə, AR Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Beləliklə, əsassız varlanma halının baş verməsi ilə varlanmış şəxsin əldə etdiklərini məhrum olana qaytarmaq vəzifəsi yaranır, məhrum olanın isə əsassız varlanma obyektini qaytarmaq hüququ yaranır. Qeyd olunanlara əsasən Cavabdehin İddiaçının hesabına əsassız varlandığını nəzərə alaraq Cavabdeh əldə etdiklərini İddiaçıya qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq Cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum olmalı, onlardan əsassız olaraq məhrum olmuş İddiaçı isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir. 3. Başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. - AR Mülki Məcəlləsinin 449.1-ci maddəsində qeyd olunanlara əsasən, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Adıçəkilən Məcəllənin 449.2-ci maddəsində qeyd edilmişdir ki, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. X1 Heyətinin qərarı ilə xx.xx.2020-ci il tarixindən uçot dərəcəsi 6,25% miqdarında müəyyən edilmişdir. - Həmin Məcəllənin 449.4-cu maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bankdan istifadə etdiyi, bu günə kimi qaytarmadığı pullara görə Cavabdeh həmin vəsait məbləğindən faizləri də İddiaçıya ödəməlidir. İddiaçı ASC ərizə ilə məhkəmədən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən və xx.xx.2022-ci il tarixə olan dövr ərzində Cavabdeh adına olan kart hesabından 2200 manat məxaric olunmuş və 1100 manat isə mədaxil olunmuşdur.. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünürki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının ona verdiyi plastik kart hesabında olan vəsaitdən artıq miqdarda vəsaiti-1100 manat pulu xərcləyərək onları qaytarmayaraq, iddiaçının hesabına 1100 manat məbləğində əsassız varlanmışdır. Nəticədə İddiaçı ASC Cavabdeh xx.xx.2022-ci il tarixinə olan 1100 manat əsas borc yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 31 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 31 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli Cavabdeh İddiaçı ASC-nın xeyrinə xx.xx.2022ci il tarixinə yaranmış 1100 manat məbləğində borc pul və ödənilmiş 31 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 483, 120-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1100(bir min bir yüz) manat məbləğində borc pul və ödənilmiş 31(otuz bir) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar