Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-280/2025 26.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Qaradağ rayon icra şöbəsinə qarşı əsassız hesablanmış borcun silinməsi və icra məmurunun qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Qaradağ rayon icra şöbəsinə qarşı əsassız hesablanmış borcun silinməsi və icra məmurunun qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış borcun silinməsi və icra məmurunun qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Hüseynova Qərənfil Polad qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 105LN**********00001 saylı kredit müqaviləsinə əsasən ona illik 22 faiz hesablanmaqla 36 ay müddətinə 39500 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 10CL**********1/c saylı ipoteka müqaviləsinə əsasən Hüseynova Qərənfil Polad qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 2A saylı evin 56 saylı mənzilini "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək kreditə görə 30976,71 ABŞ dolları, faiz borcuna görə 3193,21 ABŞ dolları, cərimə borcuna görə 499,49 ABŞ dolları olmaqla, cəmi 34669,41 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, sənədlərin notarial təsdiqinə görə ödənilmiş 24 manat xərcin əvəzinin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4451/2017 nömrəli, xx.xx.2017-cı il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia qismən təmin edilmiş, 30976,71 ABŞ dolları əsas borc, 2941,70 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə, cəmi 33938,41 ABŞ dollarının (Azərbaycan manatına olan məzənnə ilə hesablanılmaqla) ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial təsdiqi üçün ödənilmiş 24 manat xidmət haqqının Hüseynova Qərənfil Polad qızından tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsaitin qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutulma yönəldikdən və onun satışından bir ay sonra cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması və 50 manat ekspertiza xərcinin tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-795/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), İ.Vəliyev və E.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Hüseynova Qərənfil Polad qızı tərəfindən kassasiya şikayəti verilsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-5009/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Tərəflər arasında mübahisəli mənzil razılaşma əsasında icradankənar qaydada satılmış, heç bir icra hərəkətləri aparılmadan bankla mübahisəyə son verilmişdir. Lakin üzərindən 6 ildən çox müddət keçdikdən sonra Bakı şəhəri Qaradağ rayon icra şöbəsindən şifahi qaydada əlaqə saxlanılaraq icra xərclərinin ödənilməsi tələb edilmişdir. Bundan əlavə olaraq telefon vasitəsi ilə ərizəçiyə zəng edib banka borclu olduğu faiz və cərimə borcları tələb edilmişdir. Lakin qeyd edildiyi kimi ərizəçinin heç bir borcu qalmamışdır. Qətnamə də məcburi icraya yönəldilmədən icra edilmişdir. Mənzilin üzərindən yüklülüyün götürülməsi və borcun olmamasına dair hesabdan çıxarış da verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Buna görə də həmin Fonda və Qaradağ rayon icra şöbəsinə rəsmi qaydada müraciət edilərək hesablanmış əsassız borc məbləğinin silinməsi tələb edilmişdir. Məhz bundan sonra icra məmuru təqdimatla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(002)-423/2024 qərardadı ilə təqdimat təmin edilərək Orucəliyeva (Hüseynova) Qərənfil Polad qızına məxsus olan torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Hazırda qeyd edilən hərəkətlər iddiaçının hüquqlarını pozmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-280/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin icra məmurunun qanunsuz hərəkətlərinə son qoyulması hissədə icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, iddiaçı AG Bank" ASC-dən kredit götürüb, mənzilini də ora ipotekaya qoyub. Lakin devolivasiyaya görə pulu qaytara bilməyib. Borcla bağlı iş Ali Məhkəmədə bitib, razılığa gəlinib ki, icradan kənar mənzil satılsın, borc ödənsin. Bunun üçün bank iddiaçıya şərait yaradıb, iddiaçı da evi satıb, aparıb borcunu bağlayıb. 2018-ci ildə iddiaçıını Tərtər rayonuna həkim kimi təhkim etdilər. Orada olanda ona bildirilib ki, torpaq əmlakına həbs qoyulub, araşdırdı ki, həbs bu borca görə qoyulub. Bank 2020-ci ildə müflis elan olunub.İddiaçının banka borcu yoxdur.Qətnaməni bu məhkəmə çıxarıb, apelyasiya instansiyası dəyişməyib. İddiaçı ilə bankın mübahisəsi 2018ci ildə bitib.İş üzrə Əmanətlərin Sığortalanması Fondunun hüququ 2021-ci ildə yaranıb.İcra məmuru iddianın icra vərəqəsi üçün borcu qaldığına əsaslanaraq onun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimat vermiş təmin edilməmiş və tələbkarın şikayəti üzrə həmin təqdimat Bakı Apellyasıya Məhkəməsi tərəfindən borclu tərəfindən icra vərəqəsi üzrə borc tam ödənilmədiyindən və tələbkarın müvafiq ərizəsi üzrə icra məmuru tərəfindən icraata xitam verilmədiyindən məhkəmə qətnaməsinin icrası məqsədilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır.Onların həmin qərardan şikayət hüququ olmadığından qərardadı mübahisələndirməmişdir. Lakin hazırki iddia ərizəsinə əlavə edilmiş sübutlardan görünür ki, məhkəmə qətnaməsi 2017-ci il tarixdə qəbul olunsa da, iddiaçı tərəfindən ipoteka qoyulmuş mənzil satılaraq borcundan 27785,05 manat məbləğində borcu xx.xx.2018-ci il tarixdə ödənilmişdir. Həmin çıxarışdan görünür ki, iddiaçının borc məbləği qətnamədə göstəriləndən azdır, demək ki iddiaçı qətnamə qəbul olunandan xx.xx.2018-ci il aralığından müəyyən qədər ödənişlər etmişdir. Nəticədə çıxarışdan iddiaçının qalıq borcunun olmadığı göründüyü halda tələbkar və icra məmuru icra vərəqəsi üzrə müəyyən hərəkətləri yerinə yetirməklə iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin nümayəndəsi X3 xx.xx.2024cü il tarixli məhkəmə iclasında izahatında qeyd etdi ki, icra şöbəsi bu işdə cavabdeh olmalı deyil, bu bank və borclu arasında olan məsələdir. Belə ki, iş ilə bağlı icra məmuru kimi ona məlumat gəldi ki, iddiaçının 6000-dən yuxarı borcu qalıb. İddiaçı isə onun borcunun olmadığını qeyd etmişdir. İddiaçının həmçinin 7% icra haqqı da qalıb. İcra işinə hələ xitam verilməmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondun nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında qeyd etdi ki iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Belə ki, iddiaçı 27785 ABŞ dolları 5 senti bir dəfəyə banka ödəniş edib. Əgər tərəflər arasında razılıq olsaydı, o, yazılı olmalı idi. Əgər iddiaçının borcu olmasaydı bank icra məmuruna məlumat verərdi. Amma indi icra işi icraatdadır.Qətnamə ilə əmlak 56000 qiymətləndirilib. Bank tərəfə şərait yaradıb ki, evi satıb pulu ödəsin. O, ümumi borc olan 33938,41 ABŞ dolları borcundan 27785,05 ABŞ dolları ödəmiş və qalıq borcunu ödəmədiyindən icra vərəqəsi tam icra edilməmişdir. Əgər borclu icra vərəqəsini tam icra etmiş olsaydı onda bank icra məmuruna icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair ərizə təqdim etməlidi idi. Eyni zamanda əgər şəxsin adında borc tamamilə ödənilmiş olsaydı bu barədə məlumat Azərbaycan Respublikası Bank kredit bürosuna göndərilməli idi. Hazırda aktiv icra işi mövcuddur, iddiaçının qalıq borcunun ödənilməsinə dair tutarlı sübutları yoxdur. Bu səbəbdən hesab edir ki, icra vərəqəsi tam icra olunmayıb, bu səbəbdən tələbkar olaraq bank və icra qurumu tərəfindən lazımı tədbirlərin görülməsi zərurəti yaranmışdır. Cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Qaradağ rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4451/2017 nömrəli, xx.xx.2017cı il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia qismən təmin edilmiş, 30976,71 ABŞ dolları əsas borc, 2941,70 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə, cəmi 33938,41 ABŞ dollarının (Azərbaycan manatına olan məzənnə ilə hesablanılmaqla) ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial təsdiqi üçün ödənilmiş 24 manat xidmət haqqının Hüseynova Qərənfil Polad qızından tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsaitin qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutulma yönəldikdən və onun satışından bir ay sonra cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması və 50 manat ekspertiza xərcinin tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-795/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Hüseynova Qərənfil Polad qızı tərəfindən kassasiya şikayəti verilsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)- 5009/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan “AGBank" ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı xx.xx.2018-cü il tarixli məktubundan görünür ki, “AGBank" ASC Sahil filialı ilə Hüseynova Qərənfil Polad qızı arasında 27 yanvar 2015-ci il (tarixində 105.LN.1604.270115.00001 saylı Kredit Müqaviləsi bağlanmışdır Həmin müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə 27 yanvar 2015-ci il tarixində 105.CL.270115.00001/c saylı İpoteka Müqaviləsi bağlanaraq Hüseynova Qərənfil Polad qızına məxsus Bakı şəhəri. Qaradağ rayonu. Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində mülkiyyətində olan 2a nömrəli evdə yerləşən Ümumi sahəsi 47.31 kv.m, o cümlədən yaşayış sahəsi 28.41 kv.m, köməkçi sahəsi 18.9 kv.m olan 2 otaqlı 56 nömrəli mənzilin İpoteka qoyulduğu barədə ARƏMDKDƏDRX HDQHDƏDR (Seriya RX № 0570323, Reyestr nömrəsi **********88- 05101-093021.Qeydiyyat nömrəsi ********** Qeydiyyat tarixi xx.xx.2015-ci il) və 12 saylı NK (№ 3M-71,Tarix xx.xx.2015-ci il) tərəfindən qeydiyyat aparılmışdır. Xahiş edir, yuxarıda göstərilmiş mənzilin girovdan çıxarılması və bildiriş qeydinın ləğvi üçün müfaviq qeydiyyat aparılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci i ltarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri. Qaradağ rayonu. Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində mülkiyyətində olan 2a nömrəli evdə yerləşən Ümumi sahəsi 47.31 kv.m, o cümlədən yaşayış sahəsi 28.41 kv.m, köməkçi sahəsi 18.9 kv.m olan 2 otaqlı 56 nömrəli mənzil Hüseynova(Orucəliyeva) Qərənfil Polad qızı tərəfindən X1. İş materiallarında olan "xxxx" MMC-nin məhkəməyə sorğuya cavab olaraq ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayonu məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(002)-280/2025 saylı qərardadının icra edilməsi ilə əlaqədar İddiaçı Polad qızının (AZE********) Büronun məlumat bazasından çıxarışı Sizə təqdim olunur.Bildirir ki, Büroda məlumat təchizatçılarının (bank, bank olmayan kredit təşkilatı və s.) təqdim etdiyi informasiyalar yalnız texniki emal olunur və bu məlumatların hər birinin dəqiqliyi Büro tərəfindən yoxlanılmır. Həmin çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcu 3191,66 ABŞ dolları, 8162,21 ABŞ dolları faiz olmaqla borcu qalmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)- 458/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbkar ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-423/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, borclu Orucəliyeva (Hüseynova) Qərənfil Polad qızının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-423/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-423/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin həmin qərardadda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4451/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən borclu Orucəliyeva (Hüseynova) Qərənfil Polad qızından cəmi 33.938,41 ABŞ dolları (Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və sənədlərin notarial təsdiqi üçün ödənilmiş 24 manat xərcin əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma borclunun mülkiyyətində olmaqla ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməlidir. Bundan sonra borclu tərəfindən tələbkara 27.785,05 ABŞ dolları məbləğində borc ödənilmiş və bu ödənişin məbləği nəzərə alınaraq, tələbkar tərəfindən xx.xx.2018-ci il tarixdə ipoteka ilə yüklü edilmiş mənzilin girovdan çıxarılması və bildiriş qeydinin ləğvi üçün müvafiq qeydiyyatın aparılması barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə müraciət edilmişdir. Məbləğ etibarı ilə borclunun tələbkara (33.938,41-27.785,05=6.153,36 ABŞ dolları) 6.153,36 ABŞ dolları (dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulla birlikdə) məbləğində borcu qalmışdır. Bu məbləğdə borcun hər hansı əsasla, o cümlədən əldə edilmiş qarşılıqlı razılıq nəticəsində borclunun hesabından silinməsi, habelə borcun tam ödənilməsi barədə tələbkar tərəfindən borcluya hər hansı sənədin verilməsi müəyyən edilmir. Nəticə etibarı ilə tələbkar icra icraatına xitam verilməsi barədə Qaradağ rayon İcra şöbəsinə də müraciət etməmişdir. Borclu da borcun tam ödənilməsi və icra sənədinin icra edilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Tələbkar hazırda da qalıq borc məbləğinin ödənilməsini tələb edir və məhz bu məbləğin ödənilməsini təmin etmək məqsədi ilə Qaradağ rayon İcra şöbəsinə müraciət edərək, məcburi icra tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırki mülki iş üzrə qeyd edir ki, iddiaçı tərəf verilmiş dövriyyə hesabatına dair çıxarışa əsaslanaraq banka borcunun olmadığını bildirərək, tələbkar bank və icra məmurunun icra vərəqəsi üzrə tədbirlərinin qanunsuz olmasını və hesablanmış əsassız borcun silinməsini xahiş etmişdir. Cavabdeh tərəf olan icra şöbəsinin icra məmuru qeyd edir ki, tələbkar bankdan borcun tam ödənilməsinə dair məlumat(ərizə) daxil olmamış, eyni zamanda hətta tələbkar icra şöbəsinə ərizə ilə müraciət edərək qalıq borcunun borcludan tutulmasına dair icra vərəqəsi üzrə müvafiq tədbirlərinin görülməsini xahiş etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu isə iddia tələbini qəbul etməyərək, qeyd etmişdir ki, bank tərəfindən borcun 27875,05 ABŞ dolları hissəsində ödənildiyi mübahisələdirilmir, lakin borcun qalıq hissəsi ödənilməmişdir. Hazırda iddiaçının konkret nə qədər borcu qalması dəqiq olmasa da , amma iddiaçının icra vərəqəsini tam icra etmədiyi dəqiqdir, çünki əks halda bu barədə məlumatları bankın sistemində əks olunmalı idi və eyni zamanda müvafiq aidiyyatı üzrə məlumatlar göndərilməli idi. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və icra işinin araşdırılması əsasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4451/2017 nömrəli, xx.xx.2017-cı il tarixli qətnaməsi üzrə Qaradağ rayon icra şöbəsinin(icra məmuru Səbuhi Əhmədzadənin) icraatında icra işi mövcuddur. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış "xxxx" MMC-nin məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcu 3191,66 ABŞ dolları, 8162,21 ABŞ dolları faiz olmaqla borcu qalmışdır. Həmçinin İddiaçı banka borcunun qalması halı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-458/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə də öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçı(borclu) borcun tam ödənilməsi və icra sənədinin icra edilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir. Qalıq məbləğdə borcun hər hansı əsasla, o cümlədən tələbkarla əldə edilmiş qarşılıqlı razılıq nəticəsində borclunun hesabından silinməsi, habelə borcun tam ödənilməsi barədə tələbkar tərəfindən borcluya hər hansı sənədin verilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir iddia tələbi əsasız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 100 manat dövlət rüsumu ödənilmiş və hazırda iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qanunsuz və əsasız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia iddiası təmin olunmasın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №e-2(002)-280/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-280/2025
26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver