Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2927/2024 17.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 4000 (dörd min) manat pulun və ödənilmiş dövlət rüsumu kimi 60 (altmış) manat məbləğində pulun, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat vəsaitin, ümumilikdə 4360 (dörd min üç yüz altmış) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, özünə məxsus fərdi yaşayış evini satışa çıxarmış, makler vasitəsilə cavabdehlə tanış olmuş, evin 36 min manata satılmasına dair razılığa gəlmişdir. Həmin ev Maştağa qəsəbəsində təqribən bir sotdan artıq torpaq sahəsində yerləşən təxmini 70 m2 sahəyə malik sənədsiz tikilidən ibarətdir, həmin ərazidə evlərin əksəriyyətinin sənədi yoxdur. Cavabdehə evin sənədinin olmadığını demiş, əgər bələdiyyə sənədinin olmasını və kommunal xidmətlərin adına keçirilməsini istəyirsə, qiymətin 38 min manat olacağını bildirmişdir. Lakin cavabdeh 36 min manata razı olduğunu, 32 min manatı dərhal ödəyəcəyini, qalan 4000 manat məbləğindəki pulu isə 2 ay ərzində çatdıracağını bildirmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə cavabdeh nağd olaraq 32000 manat məbləğində pulu ona vermişdir. Bununla bağlı aralarında qəbz imzalanmış, qəbzin əsli onda olmasa da, şəklini çəkmişdir. Lakin cavabdeh qalan pulu indiyə kimi ödəməmiş, evin sənədsiz olduğunu və kommunal xidmətlərə həddən artıq xərc çəkdiyini bəhanə etmişdir. Əslində ərazidə su problemi olduğundan, 17 qonşu pul yığaraq su çəkdirmiş, hər qonşu 250 manat pul vermiş, lakin cavabdeh onlara qoşulmamış, ona görə də onun suyunu kəsmişdir. Onun bildiyinə görə, cavabdeh 500 manat bələdiyyə üçün, 1200 manat ayrıca suyun çəkilməsi üçün xərc çəkmişdir. Lakin ona ödənilməli olan 4000 manat məbləğində pul vəsaiti indiyə kimi cavabdeh tərəfindən ödənilməmişdir. Polisə müraciət etsə də, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hesab edir ki, qarşı tərəf razılaşma üzrə öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə 4000 manat pul və ödənilmiş 60 manat dövlət rüsumu cavabdehdən tutularaq onun xeyrinə ödənilməlidir. Eyni zamanda, onunla vəkil arasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar müqavilə imzalanmış, 300 manat vəkil xərci ödənilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, tərəflərindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzin fotoşəklindən görünür ki, həmin qəbzdə Cavabdeh İddiaçı 2800 ABŞ dolları və 27240 manat olmaqla, ümumilikdə 32 min manat pul verdiyi, 4000 manat borcunun qaldığı qeyd edilmişdir. Həmin razılaşmada heç bir əlavə şərt qeyd olunmamışdır. Cavabdeh evin sənədsiz olduğunu bilmişdir. Məhkəməyə təqdim edilmiş bələdiyyə sənədi iddiaçının özünün yaşadığı evə aiddir, satılan evin isə heç bir sənədi olmamışdır. Həmçinin, cavabdeh polisə verdiyi izahatında qalan 4000 manatı ödəmədiyini özü təsdiq etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh iddia tələbinə qəti etiraz edir. Belə ki, cavabdeh Gömrük Akademiyasının tələbəsi olan bacısı qızı üçün həmin ərazidə təcili ev axtarmış, makler vasitəsilə iddiaçı ilə tanış olmuşdur. Cavabdeh evin sənədlərini və kommunal xidmətlərlə təminatını soruşanda, iddiaçı bunun üçün müəyyən vaxt və ödəniş lazım olduğunu bildirmişdir. Ona görə də tərəflər arasında 32 min manatın dərhal ödənilməsi, qalan 4 min manatın isə evin sənədlərinin verilməsindən və kommunal xidmətlərin təmin olunmasından sonra ödənilməsi barədə razılaşma olmuşdur. İddiaçının özünün etiraf etdiyi kimi, sənədə və kommunal xidmətlərə görə ödəniş barədə aralarında danışıq və razılaşma olmuşdur. Belə ki, tərəflər evin sənədsiz vəziyyətdə 32 min manata satılması, sənədlər və kommunal xidmətlər təqdim edildikdən sonra isə 4000 manatın verilməsi barədə razılaşmışlar. Həmin ərazidə oxşar vəziyyətdə, yəni təqribən bir sotdan artıq torpaq sahəsində yerləşən təxmini 70 m2 sahəyə malik sənədsiz evlərin qiyməti 32 min manatdan aşağıdır, yalnız sənədli evlər 36 minə satıla bilərdi. İddiaçı cavabdehi aldadaraq, evə dair sənədlərin və kommunal xidmətlərin təqdim olunacağını bildirmiş, lakin sonradan həmin şərtə əməl etməmiş, öz öhdəliyini yerinə yetirməmişdir. Hətta, iddiaçı qanunsuz olaraq cavabdehin kommunal xidmətlərini kəsərək, ona böyük məbləğdə ziyan vurmuşdur. Belə ki, cavabdeh təkcə suyun çəkilməsinə 2500 manatdan artıq olmaqla, kommunal xidmətlərin bərpası üçün 4000 manatdan artıq vəsait xərcləmişdir. İddiaçı suyun xərcini 1200 manat olaraq qeyd edir, lakin su təqribən bir km-dən artıq məsafədən çəkilmişdir. Cavabdehin polisə verdiyi izahatından da görünür ki, evin sənədləri iddiaçı tərəfindən qaydasına salınandan sonra, yəni cavabdehin adına keçiriləndən sonra qalan 4000 manat cavabdeh tərəfindən ödənilməli idi, bu şərtə isə iddiaçı özü əməl etməmişdir. Ona görə də iddia tələbi tamamilə əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, iddiaçının evində usta kimi iki aya yaxın işləmişdir. Cavabdehin anası olan yaşlı qadını iddiaçının evinə gəlibgedərkən görmüşdür. İddiaçı ilə həmin qadının söhbətinə əsasən, ona aydın olmuşdur ki, qadının iddiaçıya 4000 manat məbləğində borcu vardır. Belə ki, o, iddiaçının evində işlədiyi zaman həyətdə siqaret çəkərkən həmin qadının iddiaçıya “4000 manat sənin halal pulundur, mütləq qaytaracam” kimi cümlə işlətdiyini eşitmişdir. Bundan əlavə, günlərin birində həmin qadın gələrək notariusa getməyi təklif etmiş, 3000 manatı yaxın müddətdə verəcəyini, 1000 manatı daha sonra ödəyəcəyini bildirmişdir. Ev satılarkən iştirak etməmiş, tərəflərin razılaşma şərtləri barədə dəqiq məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, cavabdehin qardaşıdır, alqı-satqıda şəxsən iştirak etmişdir. Cavabdeh evi alarkən ona evin sənədli olduğu deyilmişdi, ona görə də evin 36000 manata satılması, 32000 manatın nağd verilməsi, qalan 4000 manatın isə yalnız evin sənədlərinin və kommunal xidmətlərinin cavabdehin adına keçirilməsindən sonra verilməsi barədə razılığa gəlinmişdi. Lakin iddiaçı buna əməl etməyərək, polis orqanlarına şikayət etmiş, cavabdeh də polisdə olduğu kimi izahat vermiş, 4000 manatın sənədlər verilmədiyinə görə ödənilmədiyini bildirmişdir. Mübahisəli evin təkcə kommunal xidmətlərinə görə cavabdehin 4000 manatdan çox xərci çıxmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, cavabdeh onun bibisi qızıdır. O, evin alqı-satqısında şəxsən iştirak etmişdir. Bibisinin nəvəsi tələbə idi və mübahisəli ev tələsik formada alınmışdır. Onları inandırdılar ki, evin bütün sənədləri qaydasındadır. Ona görə də evin 36000 manata satılması, 32000 manatın nağd verilməsi, qalan 4000 manatın isə yalnız evin sənədlərinin və kommunal xidmətlərinin cavabdehin adına keçirilməsindən sonra verilməsi barədə razılığa gəlinmişdir. Yəni, razılaşmaya görə ev cavabdehin adına keçirilməli, həmçinin kommunal xidmətlər cavabdehin adına keçirilməli idi. Lakin iddiaçı bu şərtlərə əməl etmədi, nəticədə evin təkcə kommunal xidmətlərinə görə cavabdeh 4000 manatdan artıq xərc çəkməli oldu. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh 2800 dollar və 27240 manat almışdır, 4000 manat qalmışdır. İş materiallarında olan "xxxx" MMC-nin “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsinə və torpaqların inventarlaşdırılmasına dair” hesabat cədvələnin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən tikintinin sahibi İddiaçıdır. İş materiallarında olan ev alqı-satqısı ilə fərdi qaydada fəaliyyət göstərən X4 (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində 1,5 sot torpaq sahəsində 70 kv.m-dən ibarət iki otaq, mətbəx və hamam-sanitar qovşağından ibarət heç bir sənədi olmayan təmirli evin hazırki vaxtda bazar qiyməti təqribən 26000-28000 manat təşkil edir, 2023-cü ilin sentyabr ayında isə təqribən 22000-24000 təşkil edirdi. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində 1,5 sot torpaq sahəsində 70 kv.m-dən ibarət iki otaq, mətbəx və hamam-sanitar qovşağından ibarət çıxarışı olan təmirli evin hazırki vaxtda bazar qiyməti təqribən 30000-32000 manat təşkil edir. 2023-cü ilin sentyabr ayında isə təqribən 26000-28000 təşkil edirdi. İş materiallarında olan ev satışı elanları saytından çıxarışlardan görünür ki, Maştağa qəsəbəsində yerləşən oxşar şəraitli fərdi yaşayış evlərinin satış qiymətləri xx.xx.2024-cü il tarixli arayışa uyğundur. İş materiallarında olan Cavabdeh Sabunçu RPİ-nin 14-cü PŞ-nə verdiyi yazılı izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixində İddiaçı ilə 36000 manata razılaşmış, 32000 manat pulu Südabəyə vermişdir, 4000 manat pulu isə İddiaçı evin sənədlərini qaydasına salandan, yəni onun adına keçirəndən sonra ödəyəcəkdir. Lakin Südabə adlı qadın notariusa gəlməmiş, qaz, işıq suyu onun adına keçirməkdən imtina etmişdir. Bu səbəbdən o, qaz və işığa görə 1500 manat pul xərcləmişdir, suyu da öz hesabına çəkəcəkdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahidlərin ifadələrinə, yazılı sübutlara əsasən müəyyən edildi ki, hazırda iddiaçı hər hansı hüquqmüəyyənedici sənədi olmayan özbaşına tikintinin cavabdehə satılması barədə şifahi razılaşmaya və məhkəməyə əsli təqdim edilməmiş əlyazma qəbzin surətinə əsaslanaraq, cavabdehin həmin əqd üzrə öhdəliyini icra etmədiyini iddia etməkdə və bu səbəbdən ondan 4000 manat pulun tutulmasını tələb etməkdədir. Mülki iş üzrə sübutlara və mülki qanunvericiliyin tələblərinə əsasən, məhkəmə hesab edir ki, etibarsız əqdə əsaslanan iddia tələbinin hüquqi əsası olmadığından, iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan əlavə, məhkəmə, tərəflərin dəlillərinə mülki iş üzrə sübutlara əsasən hüquqi qiymət verərək müəyyən edir ki, mübahisə predmeti olan əmlakın xüsusiyyətləri nəzərə alınmadan tərəflər arasında hər hansı əqdin mövcudluğu qəbul edilsəydi belə, iddiaçının 4000 manatı tələb etmək üçün tərəflər arasında bununla bağlı şərtləşdirilmiş öhdəliyini yerinə yetirməməsi səbəbindən, iddia tələbi yenə də əsassız hesab olunmalıydı. Belə ki, mübahisəli 4000 manatın sənədləşmə və kommunal xidmətlərlə bağlı olduğu tərəflərin özlərinin izahatları (o cümlədən iddiaçının 36-38 min qiymətləri, habelə kommunal xidmətlərlə bağlı xərclər barədə məhkəmə iclasında verdiyi izahatında, eyni zamanda cavabdehin 14-cü PŞ-də verdiyi yazılı izahatında qeyd olunan hallar), şahidlərin ifadələri (bilavasitə alqı-satqının və tərəflər arasında hər hansı söhbətin şahidi olmayan H.Abasovun ifadəsi istisna olmaqla), xx.xx.2024-cü il tarixli arayış, ev satışı elanları saytından çıxarışlar, həmçinin mülki işin halları ilə tam təsdiq olunur. Ona görə də iddia tələbinin qanuni əsası kimi əqdin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi da çıxış edə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Həmçinin, iddia təmin edilmədiyindən, dövlət rüsumu və vəkil xərci iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-2927/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2927/2024
17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver