Məhkəmə qərarları › İş №e-2(002)-3028/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3028/2024

24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3028/2024 24.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.500 manat əsas borc, banka ödənilmiş 4.014 manat faiz, 106 manat dövlət rüsumu olmaqla, cəmi 8.620 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh müəllimə kimi tanımışdır. Normal münasibətləri, bir-birilərinə etibarları olmuşdur. Təxminən 2022-ci ilin sonlarında cavabdeh ona bildirmişdir ki, pula ehtiyacı var, lakin ona banklardan kredit vermirlər. Ona isə dövlət qulluqçusu olduğundan kredit verirlər və cavabdeh ondan xahiş etmişdir ki, kredit götürüb sonuncuya versin, sonuncu isə krediti və faizləri özü ödəyəcək. O, bankdan ****** müddətinə illik 42 %-lə 5.000 manat kredit götürmüşdür. Müqavilədə 5.100 manat göstərilməsinə baxmayaraq, 100 manat komissiya tutulmuşdur. Hər ay üçün 253 manat pul ödənilməli idi. Həmin kreditin 4.500 manatını cavabdehə vermişdir. Qalanı isə birinci ayın ödənişinə getmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh krediti ödəməmiş, pulu da hal-hazıra qədər geri qaytarmamışdır. Məcbur olub aylıq ödənişləri özü etmişdir. Baxmayaraq ki, bu ödənişləri cavabdeh etməli idi. Bundan sonra başa düşmüşdür ki, cavabdeh onu aldadır. Cavabdehdən verdiyi pulu qaytarmasını tələb etmişdir. Cavabdeh pul aldığını etiraf edərək, qısa müddətə qaytaracağını bildirmişdir. Hətta guya evini satışa çıxardığını demişdir. Lakin müxtəlif bəhanələr gətirərək satmaqdan imtina etmişdir. Bu barədə polis orqanlarına müraciət etsə də, oradan bu məsələnin mülki mübahisə olduğu bildirilmişdir. Borcun cavabdeh tərəfindən etiraf edilməsinə dair səs yazıları da mövcuddur. Göründüyü kimi, cavabdehin ondan pul alması hər-hansı bir əsasa söykənmir, başqa sözlə, əsassız varlanma kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən etiraf etdi və izahatında bildirdi ki, iddiaçıdan 4.500 manat deyil, 1.500 manat pul götürmüşdür. Aralarında bununla bağlı «WhatsApp» tətbiqi vasitəsi ilə aparılmış yazışmalar da var. Həmin yazışmalarda iddiaçı ona 4.500 manat pul verdiyini bildirsə də, o, iddiaçıdan yalnız 1.500 manat götürmüşdür. Yazışmalarda heç yerdə deməmişdir ki, iddiaçıdan 1.500 manatdan çox pul götürüb. Hazırda iddiaçıya 1.500 manat borcu var, həmin pulu qaytarmağa razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq edildi ki, İddiaçı şəxsi məqsədləri üçün bankdan kredit götürmüş və həmin kredit məbləğindən 1.500 manatı Cavabdeh vermişdir. Cavabdeh həmin pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, vədinə riayət etməmiş və pul vəsaitini iddiaçıya qaytarmayaraq 1.500 manat həcmində əsassız varlanmışdır. Cavabdeh ilk öncə pul vəsaitini iddiaçıya qaytardığını qeyd etsə də, pul vəsaitini iddiaçıya qaytarmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmədə iddiaçı ilə cavabdeh arasında «WhatsApp» tətbiqi vasitəsi ilə aparılmış yazışmalar sonuncunun nəzərinə çatdırıldıqda, cavabdeh bildirmişdir ki, həqiqətən iddiaçıdan aldığı 1.500 manat pul vəsaitini qaytarmamışdır və həmin hissədə iddianın təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, cavabdeh iddiaçının hesabına 1.500 manat həcmində əsassız varlanmışdır. İddiaçı həmin pul məbləğinin qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh qeyd olunan pul vəsaitini iddiaçıya qaytarmamışdır. Halbuki, pul vəsaitinin cavabdehdə qalması üçün hər hansı müqavilə və yaxud digər qanuni əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 106 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1.500 manat pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı iddia tələbinin digər hissəsinin əsaslı olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.500 manat pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar