Məhkəmə qərarları › İş №e-2(002)-305/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-305/2024

14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-305/2024 14.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun hesabına ödənilmiş 1100 (min yüz) manatın və 31,40 manat dövlət rüsumunun, cəmi 1131,40 manat (min yüz otuz bir manat qırx qəpik) pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixində saat 17:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində Cavabdeh idarə etdiyi “VAZ 21723” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil manevretmə qaydasını pozmuş, nəticədə iddiaçı təşkilatda “Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası” növündə PME********** saylı, xx.xx.2020-ci il tarixli müqavilə ilə sığortalanmış X3 idarə etdiyi “Teztiger TR35” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Lakin Qaradağ RPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2021-cu il tarixli AP0197955 saylı inzibati xəta haqqında protokola və MN0703955 saylı inzibati tənbeh haqqında qərara əsasən “Teztiger TR35” markalı, **-JS-*** dövlət nömrə nişanlı avtobusun sürücüsü X6 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar olaraq müəyyən edilmiş və həmin şəxs barəsində AR İXMnin 327.1-ci maddəsinə əsasən cərimə tətbiq olunmuşdur. Həmin qərara əsaslanaraq müvafiq sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq “VAZ 21723” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün həmin avtomobilin sürücüsü Cavabdeh hesabına 1100 (min yüz) manat ödəniş həyata keçirilmişdir. Lakin sığorta hadisəsinin araşdırılması zamanı tərəflərindən xx.xx.2021-ci il tarixli 531-05/21 SH saylı məktubla AR Daxili İşlər Nazirliyinin X4 Xidmətinə yol-nəqliyyat hadisəsi baş verən ərazidə yerləşən TŞ11-006 nömrəli izləyici kameranın görüntülərinin təqdim edilməsi ilə bağlı müraciət ünvanlanmış və təqdim edilmiş kamera görüntülərinə əsasən iddiaçı təşkilatda icbari qaydada sığortalanmış “Teztiger TR35” markalı, **-JS-*** dövlət nömrə nişanlı avtobusun sürücüsü X3 baş vermiş yolnəqliyyat hadisəsi zamanı təqsirsiz olduğu aşkar edilmişdir. Qeyd olunan faktla bağlı müvafiq səlahiyyətli orqanlara müraciət olunmuş, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən göndərilmiş məktubda həmin inzibati tənbeh vermə haqqında qərarın yanlış tərtib olunması halı təsdiq olunmuş və ona xitam verildiyi bildirilmişdir. Nəticə etibarilə, “Teztiger TR35” markalı, **- JS-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X3 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqsirli olmadığı, həmin hadisədə Cavabdeh təqsirkar olduğu məlum olmuşdur. Beləliklə, Cavabdeh hesabına ödənilmiş 1100 (min yüz) manat ödənişin heç bir hüquqi əsası olmamışdır və Cavabdeh əsassız varlanmış şəxsdir. Belə olan təqdirdə, Cavabdeh ona ödənilmiş 1100 (min yüz) manat məbləğində pul vəsaitini iddiaçı təşkilata geri qaytarmalıdır. Bu səbəbdən iddiaçı təşkilat əsassız varlanma ilə bağlı hüquq normalarına əsaslanaraq 1100 manat pulun cavabdehdən tutulmasını və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçı təşkilat iddia müddətini ötürdükdən sonra ona qarşı iddia qaldırmışdır. Hadisədən üç ilə yaxın vaxt keçmişdir. Ona görə də iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Teztiger TR35” markalı **-JS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il - xx.xx.2021-ci il dövrü üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış, həmin şəhadətnaməyə əsasən sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat məbləğində müəyyən edilmiş, sığortalı kimi "xxxx" MMC qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun və xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə X6 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktının və İAS210723 saylı, xx.xx.2021-ci il tarixli sığorta aktının surətlərindən görünür ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21723” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1100 manat məbləğində zərərin dəydiyi müəyyən edilmiş, avtomobili idarə edən Cavabdeh 1100 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi X4 Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddia ərizəsində qeyd olunan videogörüntülər iddiaçı təşkilata xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan AR DİN BDYPİ-nin "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdə daxil olan xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin əsassız protokolun tərtib edilməsi ilə bağlı müraciətinə baxılaraq İ.Quliyev barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol ləğv edilmiş, rəyin surəti icra olunması üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdə daxil olan xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İ.Quliyev barəsində AR İXM-nin 327.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara xitam verilmiş, yol-nəqliyyat hadisəsinin sənədləşdirilməsi zamanı nöqsanlara yol verdiyinə görə Qaradağ RPİ-nin X11 baş inspektoru (YNH üzrə) polis leytenantı X1 intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün rəyin surəti icra olunması üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsinin "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdə daxil olan xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vətəndaş İntizam Quliyev barəsində qanunvericiliyin tələblərinə zidd inzibati sənədləşmə apardığına görə Qaradağ RPİ DYPŞ-nin YNH üzrə baş inspektoru, polis leytenantı X2 yol verdiyi nöqsana görə intizam tənbehinə layiq bilinməklə ciddi xəbərdar edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə iddiaçı təşkilatda “Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış avtomobilin sürücüsü İ.Quliyev xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb edilmiş, bununla əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 1100 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra İ.Quliyevin inzibati məsuliyyətə cəlb edilməsinin əsassız olduğu müəyyən edilərək xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara xitam verilmiş və bu barədə müvafiq dövlət orqanları tərəfindən iddiaçı təşkilata 2021-ci ilin avqust ayında (AR DİN BDYPİ-nin "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdə daxil olan xx.xx.2021-ci il tarixli məktubu, Azərbaycan Respublikasının Baş Prokurorluğunun "xxxx" ASC-yə xx.xx.2021ci il tarixdə daxil olan xx.xx.2021-ci il tarixli məktubu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsinin "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdə daxil olan xx.xx.2021-ci il tarixli məktubu ilə) məlumat verilmişdir. Beləliklə, iddiaçı tərəf həmin hadisə üzrə sığorta ödənişinin əsassız aparılması barədə 2021-ci ilin avqust ayından məlumatlı olmuşdur. İddiaçı tərəf qeyd olunan məlumatlara və əsassız varlanma ilə bağlı hüquq normalarına istinad edərək cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Cavabdeh tərəf isə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Mülki iş üzrə sübutlara və mülki qanunvericiliyin tələblərinə əsasən, məhkəmə müəyyən edir ki, iddiaçı tərəf öz hüququnun ona məlum olduğu vaxtdan, yəni 2021-ci ilin avqust ayından iki il dörd aydan çox vaxt keçdikdən sonra iddia qaldırdığından və əsassız varlanma ilə bağlı iddia müddətini ötürdüyündən, habelə cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcələnin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-cü il tarixli Qərarınd qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Bundan əlavə, iddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar