Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3444/2023 21.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istehlakçıya dəymiş maddi ziyanın qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istehlakçıya dəymiş maddi ziyanın qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 250 manat qəbzlə ödənilmiş pul vəsaiti, 1.000 manat mənəvi ziyan və 500 manat maddi ziyan olmaqla, ümumilikdə dəymiş 1.750 manat ziyanın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xidmətlərin göstərilməsi barədə «Permanentstudio» ilə İddiaçı Oqtay qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən «Permanentstudio» təmsilçisi Cavabdeh (icraçı) İddiaçı Oqtay qızına (sifarişçi) gigiyenik xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Lakin müqavilə əsasında görülmüş işlər yararsız olmaqla müqavilə şərtlərinə uyğun deyildir. Belə ki, adı çəkilən müqavilə ilə göstərilən xidmət qüsurlu həyata keçirildiyindən estetik normalara uyğun deyil, sifətin görünüşündə simmetriyanı pozur, çəkilmiş xətlər sonradan qısa müddətdə özözünə silinmişdir. Bu hallar da ona dəlalət edir ki, keyfiyyətsiz materiallardan istifadə edilmişdir. Bu qüsurların korreksiya zamanı aradan qaldırılacağı və korreksiyanın ödənişsiz olması barədə söz verilsə də, son nəticədə korreksiyaya görə 250 manat əlavə ödəniş olunmalı olduğu bildirilmişdir. Belə ki, korreksiya tarixi barədə razılaşarkən onun iş günü olmadığı tarixə salınmasını xahiş etmişdir. Lakin korreksiya tarixi (xx.xx.2023-cü il saat 11:00) onun iş günü ilə üst-üstə düşdüyündən bu prosedura gedə bilməmişdir. Növbəti gün gələ biləcəyi barədə məlumat verdikdə ona bildirilmişdir ki, vaxtında gəlmədiyi üçün 100 manat əlavə ödəniş etməlidir. Hesab edir ki, korreksiya üçün əlavə haqq tələb olunması qanunsuz olmaqla, müqavilə şərtlərinə ziddir. Belə olan halda qüsurlu xidmət göstərilməsi nəzərə alınmaqla ümumiyyətlə bu xidmət üçün tərəfindən ödənilmiş 250 manat pul geri qaytarılmalıdır. Bu barədə cavabdehə pretenziya göndərilsə də, həmin pretenziya məktubunu alan cavabdeh yalnız hədələrlə dolu mesajlar göndərmişdir. Nəticədə ona həm də mənəvi ziyan dəymişdir ki, o, bu qüsurlu vəziyyətdə ictimaiyyət içində olmaq zərurətindədir. Bundan başqa, bu qüsurlu vəziyyətin cavabdeh tərəfindən aradan qaldırılmasından imtina edildiyi nəzərə alınaraq daha 500 manat tələb olunur ki, bu qüsurlu vəziyyət aradan qaldırılsın. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, xidmətlərin göstərilməsi barədə «Permanentstudio» ilə İddiaçı Oqtay qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən «Permanentstudio» təmsilçisi olaraq onun tərəfindən İddiaçı Oqtay qızına gigiyenik xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, eyni zamanda müqavilə tərəfi olaraq onu lazımi qaydada təlimatlandırmışdır. Belə ki, adı çəkilən müqavilə ilə göstərilən xidmət qüsursuz həyata keçirildiyindən estetik normalara uyğun gəlmiş, sifətin görünüşündə hər hansı simmetriyanı pozmamış, ümumiyyətlə iş görülərkən sertifikatlaşdırılmış materiallardan istifadə edilmişdir. Lakin müqavilə tərəfi olan İddiaçı təyin edilən 21 sentyabr 2023-cü il tarixdə saat 11:00-da korreksiya proseduruna gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə onları məlumatlandırmadığından mövcud şərtlərlə ona xidmət göstərilməsi tərəflərindən mümkün olmamış, sonradan sifarişçi tərəfindən həmin xidmətin göstərilməsi onlardan tələb edilsə də müqavilə şərtlərini pozduğuna görə xidmətin göstərilməsindən imtina edilmiş, xidmət göstərilməsi barədə yenidən müqavilə bağlaması tövsiyə edilmişdir. Səbəb olaraq isə təyin edilmiş vaxt keçdikdən sonra onlara müraciət etməsi, üzərindən xeyli müddət keçdikdən sonra yaranmış dəyişiklik səbəbindən korreksiyanın aparılmasının qeyri-mümkün olması, bunun üçün isə məsulliyətin icraçı tərəf deyil, bütünlüklə sifarişçi tərəfin daşıması müqavilə tərəfinə izah edilmişdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xidmətlərin göstərilməsinə dair 21 avqust 2023-cü il tarixli müqavilədən görünür ki, («Permanentstudio») Cavabdeh (icraçı) ilə İddiaçı (sifarişçi) arasında gigiyenik xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilədə həmin müqavilənin predmeti, xidmətlərin göstərilməsi qaydası (işlərin icrası), tərəflərin öhdəlikləri, hesablaşma qaydası, tərəflərin məsuliyyətləri, fors-major hallar, müqaviləyə əlavə və dəyişikliklərin edilməsi və xitam verilməsi, mübahisələrin həll edilməsi barədə şərtlər ətraflı və aydın şəkildə, eləcə də yekun müddəalar göstərilmişdir. Tərəflər müqavilə şərtləri ilə tanış olaraq, sərbəst iradə ifadələrini nümayiş etdirərək müqaviləni imzalamışlar. xx.xx.2023-cü il tarixli 2123 nömrəli çekdən görünür ki, permanent make up üçün 250 manat ödəniş edilmişdir. Təqdim edilmiş qaimədən görünür ki, müqavilədə nəzərdə tutulan korreksiyanın aparılması 21 sentyabr 2023-cü il tarixə saat 11.00-a təyin edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, cavabdeh tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və keyfiyyətlə yerinə yetirməmiş, ona bunun nəticəsində həm maddi, həm də mənəvi ziyan vurmuşdur. İddiaçı öncə pretenziya qaydasına riayət edərək cavabdehə məktub ünvanlamış, daha sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim olunmuş qaimədən görünür ki, müştərinin təyin olunan tarix və saatda mütləq yaxınlaşmalı olması, əks təqdirdə mövcud şərtlərlə xidmətin göstərilməyəcəyi qaimədə məxsusi olaraq vurğulanmışdır. Qeyd olunan qaiməni məzmunu ilə tanış olaraq həm sifarişçi, həm də icraçı imzalamışlar. İş materiallarına əlavə olunmuş təlimatdan və cavabdeh tərəfin verdiyi izahatdan görünür ki, prosedurun aparılması üçün təyin edilmiş vaxtda müştərinin (sifarişçinin) mütləq şəkildə gəlməli olması icraçının subyektiv mülahizələri ilə bağlı olmayıb, prosedurun özünün aparılması üçün şərtlərə ciddi riayət edilməsi ilə əlaqədardır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı qeyd olunan tarixdə və vaxtda prosedurun keçirilməsi üçün icraçının xidmət göstərdiyi ünvana yaxınlaşmamışdır. Cavabdeh tərəf müqavilə öhdəliklərini pozmamış, iddiaçıya təyin olunan tarixdən və vaxtdan sonra gəldiyi üçün mövcud şərtlərlə xidmət göstərilməmişdir. Çünki, sifarişçi prosedurun aparılmasına yubandıqda, 1 ay öncə aparılmış ilkin prosedurun yenidən aparılması zərurəti yaranır və sonrakı proseduru icra etmək mümkün olmur. Qeyd olunan prosedurun aparılması üçün zaman aralıqlarına diqqət yetirilməsi vacibdir. İddiaçı iddia tələbində qeyd edilən ilk prosedurun cavabdeh tərəfindən qüsurlu, keyfiyyətsiz vasitələrdən istifadə edilməklə aparıldığını qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «istehlakçıya dəymiş maddi ziyanın qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «istehlakçıya dəymiş maddi ziyanın qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3444/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3444/2023
21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver