Məhkəmə qərarları › İş №e-2(002)-389/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-389/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-389/2022 21.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişi və iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişi və iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-də 26 fevral 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21074” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni 05 iyul 2021-ci il tarixdə Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 525” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində həmin avtomobili zədələmişdir. Abşeron DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Lakin hadisə baş verərkən Cavabdeh1 hadisə yerindən qaçmışdır. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı ona 1000 manat məbləğində sığorta ödənişi verilmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1000 manat məbləğində sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi X2 və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, tələb aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, il materiallarında olan “icbari sığorta müqaviləsinə dair” məlumatın surətindən görünür ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2021-ci il tarixdə PGU********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarında olan “Elektron” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, “VAZ-21074” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsus olmaqla, o həmin avtomobili etibarnamə əsasında X1 istifadəsinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, 9/1908 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə müstəqil ekspert tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “BMW” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 800.0 manat müəyyən edilir. Beləliklə, məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, sığortalı ilə sığortaçı arasında sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə cavabdeh sığortalının avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, bununla da mülki hüquq pozuntusu (delikt) törətmişdir. Delikt nəticəsində vurulmuş həmin zərəri sığortaçı sığortalıya ödəmiş və sığortalı da öz növbəsində zərər vuran şəxsə qarşı tələbini subroqasiya qaydasında sığortaçıya vermişdir. Digər tərəfdən cavabdehə məxsus avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığına görə dəymiş zərər sığortaçıya ödənilmişdir. Bununla da sığortaçı sığortalıya ödədiyi ödənişi zərər vuran şəxsdən tələb etməkdə haqlıdır. Məhkəmə müəyyən edilmiş həmin hallara aşağıdakı hüquq normalarını tətbiq edib iddianın ödənilmiş sığorta ödənişinin əvəzinin tələb edilməsi hissəsində əsaslı olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 800.00 manat məbləğində sığorta ödənişi tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı iddiaçının tələbinə gəlincə isə qeyd edir ki, iddiaçının həmin tələbi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən maddəyə əsasən iddiaçı zərərçəkənin avtomobilinə 800.00 manatdan əlavə 200.00 manat dəyərində maddi ziyan vurulması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə də “BMW” markalı, **-RR-***4 markalı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərclərinin iddiaçının tələb etdiyi məbləğdə olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30.40 manat dövlət rüsumu da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, aparılan tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməli, həmin məbləğ onlardan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənlməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 800.0 manat məbləğində sığorta ödənişi və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30.40 manat dövlət rüsumu müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Aparılan tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin. Həmin məbləğ müştərək qaydada onlardan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar