Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-4087/2025 12.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sahibliyin pozulmasının aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sahibliyin pozulmasının aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan küçəsi, 5 saylı evin yaxınlığında yerləşən və onun sahiblik və istifadəsində olan torpaq sahəsinə sahiblik hüququnun pozulmasının Cavabdeh qadağan edilməsi və həmin torpaq sahəsinə sahiblik hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan küçəsi, 5 saylı evin 65 saylı mənzilində 1986-cı ildən yaşayır. O, yaşadığı binanın yaxınlığında yerləşən və zibilliyə çevrilmiş boş torpaq sahəsini 1990-cı ildə zibillikdən təmizləyərək daşla hasara almış, darvaza və əl qapısı qoymuş, orada ağac əkmiş, yaşıllıq yaratmış və 1 otaqlı yay evi inşa etmişdir. Cavabdeh onun adına olan torpağa dair çıxarışı 26 avqust 2025-ci ildə göstərərək onun 1990-cı ildən sahiblik və istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyata əsasən mülkiyyət hüquq ilə ona məxsus olan torpaq sahəsinin tərkib hissəsini təşkil etdiyini bildirərək və ona hədə-qorxu gələrək 35 ildir sahiblik və istifadəsində olan torpaq sahəsini ələ keçirərək sahiblənmişdir və onu torpaq sahəsinə buraxmır. Bildirir ki, sahiblik hüququ ilə ona məxsus olan torpaq sahəsi cavabdehə məxsus olan torpaq sahəsinin tərkib hissəsini təşkil etmir və bu torpaqlar qonşudur və ayrı-ayrı ərazilərdə yerləşir. Mövcud vəziyyətdə cavabdeh Bakı şəhəri, Qobustan qəsəbəsində adına torpağa dair çıxarışın olmasından sui-istifadə edərək 35 ildir sahiblik və istifadəsində olan torpaq sahəsini qanuni əsas olmadan ələ keçirmək istəyir, bu məqsədlə onu hədələyir, torpağa sahiblik hüququnu pozur, ona zərər vurur və sahiblik hüququnu pozmağı davam etdirir. Bu səbəbdən cavabdeh tərəfindən hüquqi əsas olmadan özbaşınalıq qaydasında pozulmuş sahiblik hüququ məhkəmə qaydasında müdafiə edilərək 35 ildir sahiblik və istifadəsində olan torpaq sahəsinə sahiblik hüququnun cavabdeh tərəfindən pozulması aradan qaldırılaraq bərpa edilməlidir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsində qeyd edilən əraziyə yerində baxış keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, məhkəmə mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün iddia ərizəsində qeyd edilən əraziyə (Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən) xx.xx.2025-ci il tarixdə tərəflərin və onların nümayəndələrinin (vəkillərinin) iştirakı ilə yerində baxış keçirən zaman müəyyən edildi ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi cavabdehə məxsus qeyri-yaşayış binasının önündə yerləşir. Qeyri-yaşayış sahəsinin həmin torpaq sahəsindən girişi vardır. Həmin ərazi daş hasarla hörülmüş, dəmir darvazası vardır. Darvazanın açarı cavabdehdədir, çünki əraziyə daxil olarkən darvazanın qapısı cavabdeh tərəfindən açarla açılmışdır. Mübahisəli torpaq sahəsi ilə qeyri-yaşayış binası arasında sərhədlər müəyyən edilməmişdir, lakin əvvəllər hasarın mövcud olduğu müşahidə olunur. Ərazinin bir hissəsi torpaq örtüyündən ibarətdir, müxtəlif növ meyvə ağacları əkilmişdir. Qeyri-yaşayış sahəsi hal-hazırda istifadə olunmur, lakin əvvəllər cavabdehin deməsinə əsasən iaşə obyekti kimi istifadə olunmuşdur. Sonradan iaşə obyektinin giriş-çıxışı iddiaçı tərəfindən zəbt edilmişdir. Verilən suala cavab olaraq iddiaçı bildirmişdir ki, qeyd olunan torpaq sahəsi sağdan cavabdehə məxsus qeyri-yaşayış sahəsinə doğru ona məxsusdur, həmin meyvə ağacları da onun tərəfindən əkilmişdir. Verilən suala cavab olaraq cavabdeh bildirmişdir ki, həmin yeri açıq hərracda almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin bir hissəsi iddiaçı tərəfindən zəbt olunub. Bundan sonra cavabdeh iddiaçıya 20.000 manat pul verərək oranı almışdır. Eləcə də, məhkəməyə təqdim edilmiş cd/dvd formatlı informasiya daşıyıcıda olan audiovizual materiala (videogörüntülərə) məhkəmədə baxış keçirilmişdir. Videogörüntülərdə açıq-aydın şəkildə görünür ki, iş üzrə tərəflər bir-biri ilə digər şəxslərin iştirakı ilə torpaq sahəsi ilə bağlı razılaşma əldə edirlər, cavabdeh tərəfindən iddiaçıya 15.000 manat pul sayılaraq təhvil verilir, iddiaçı həmin vəsaiti təhvil alır, həmçinin 5.000 manat pul vəsaitinin də sonra, torpaq sahəsi təhvil verilərkən ödəniləcəyi bildirilir. İddiaçı torpaq sahəsində olan əşyaları həmin ərazidən çıxarıb, ərazini təmiz şəkildə təhvil verəcəyini bildirir və tərəflər arasında bu cür razılığa gəlinməsindən məmnun olduğunu ifadə edir. İş materialarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu ünvan 2 ünvanda yerləşən Şadlıq evinin ətrafında, yəni bağ sahəsində qulluq etdiyi hasar içərisində olan torpaq sahəsini mülkiyyətçi Cavabdeh qarşılıqlı razılaşma yolu ilə 20.000 manata satdığını bildirmiş, həmin bağda olan giriş qapısı, əl qapısı, əkilmiş ağaclar və digər qiymətə daxil olan əşyalar qalmaq şərti ilə gələcəkdə onun tərəfindən bu razılaşmaya heç bir narazılıq olmayacağını qeyd etmiş, halallıq vermişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və 04/4879 inventar nömrəli xx.xx.2022-ci il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 3 ünvanda (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4, 39) yerləşən 0,074020 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 351,90 m2 olan qeyriyaşayış binası xüsusi mülkiyyət kimi tam pay şəklində Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Eləcə də, qeyri-yaşayış sahəsinə dair onun adına bütün zəruri texniki məlumatlar qeyd edilməklə texniki pasport tərtib edilmişdir. - Azərabycan Respublikası DİN Qaradağ RPİ 11-ci PB-yə müvəqqəti ezam olunmuş təhqiqatçı polis leytenantı X3 xx.xx.2025-ci il tarixli istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarından görünür ki, Cavabdeh 26 avqust 2025-ci il tarixdə saat 11:16 radələrində DİN-in «102» zəng məlumat xidmətinə müraciət edərək, vasitəçi kimi keçmiş polis əməkdaşı Əliyev Fazilə 20.000 manat verərək Firdovsi adlı şəxsdən torpaq sahəsi aldığını, lakin sonuncu Firdovsidən 20.000 manatı geri alaraq torpağı geri qaytarması və pulunu ona qaytarmaması barədə məlumat vermişdir. Qeyd edilən müraciət araşdırılaraq aidiyyəti şəxslərin izahatları alınmış, müraciətlə bağlı toplanmış HK-1-1042 saylı materialın istintaq aidiyyatı üzrə Bakı şəhəri Qaradağ RPİ İŞ-yə göndərilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Qobustan qəsəbəsi 5 saylı evdə və qonşuluqda yaşayan sakinlər qeyd edilən aktı tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri Qobustan qəsəbəsi Salyan keçidi 5 saylı evin 65 saylı mənzilində 1986-cı ildən yaşayır. İddiaçı yaşadığı binanın yaxınlığında yerləşən boş torpaq sahəsinə 1990-cı ildən sahiblik və istifadə edir. Həmin torpaq sahəsi daşla hasara alınmış, darvaza və əl qapısı qoyulmuşdur və orada 1 otaqlı yay damı inşa etmiş, işıq və su xətti çəkilmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları yoxdur və bu səbəbdən, bu mübahisə üzrə cavabdehə qarşı hazırki iddia tələblərini irəli sürmək hüququ yoxdur. Digər sözlə ifadə etdiklə, hazırki iş üzrə iddiaçının iddia predmeti ilə bağlı mülkihüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Digər tərəfdən, məhkəmə tərəfindən iddiaçı tərəfə əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini təklif etsə də, iddiaçı tərəf torpaq sahəsinin cavabdehin adına qeydiyyata alınmamışdan öncə kimin mülkiyyətində olmasından asılı olmayaraq, uzun illər ərzində həmin torpaq sahəsinin iddiaçının istifadəsi və sahibliyində olduğunu bildirərək, işə verilmiş tələblər üzrə mövcud tərəflərin iştirakı ilə baxılmasını tələb etmişdir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Göründüyü kimi, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüququ yaranmamışdır. Məhkəmə vurğulayır ki, hazırki iş üzrə cavabdeh mübahisə edilən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Onun mülkiyyət hüquqları Dövlət tərəfindən tanınır və qorunur. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.6-cı bəndinə əsasən Dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İşin faktiki hallarından göründüyü kimi, mübahisələndirilən daşınmaz əmlak üzərində cavabdehin adına dövlət reyestrində aparılmış qeydiyyat mübahisələndirilməmişdir, dövlət reyestrinin cavabdehin mülkiyyət hüquqlarına dair məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı hazırda iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda sadalanan səbəblərdən, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «sahibliyin pozulmasının aradan qaldırılması» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «sahibliyin pozulmasının aradan qaldırılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-4087/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-4087/2025
12.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver