Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-465/2021 29.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət üzrə payların naturada ayrılması” tələbi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət üzrə payların naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərindəki mülkiyyət payını iddia ərizəsinə əlavə olunan sxemə uyğun qaydada naturada ayrılması(bölünməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi məhkəmə iddia tələbinin dəqqiləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsindən çıxarışla İddiaçı məxsus olan paya uyğun hissəsinin (30/80) naturada ayrılıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi babası X1 məxsus olmuş,o 1992-ci ildə vəfat etmişdir.Ev vərəsəlik qaydasında onun atası və əmisi,onlardan isə müvafiq olaraq ailə üzvləri kimi ona və əmisinin arvadı Cavabdeh və onun uşaqlarına keçmişdir.Mülkiyət hüququna dair DR-dən çıxarışa əsasən, 116.7 kv.m fərdi yaşayış evi və 690 kv.m torpaq sahəsi 30/80 hissə olmaqla ona,qalan hissələr isə Cavabdeh və onun uşaqlarına keçib.Hazırda evin iki otaq,evin yarısı və digər kiçik tikililər olmaqla xeyli hissəsi cavabdehin,qalan hissəsi isə onun istifadəsindədir.Paylarının naturada müəyyən edilməsinə zərurət yaranıb.Belə ki,evin faktiki olaraq istifadəmizdə olan hissəsindən istifadə ilə bağlı arasında mübahisə olmasa da,torpaq sahəsindən istifadə ilə bağlı mübahisə illərdir ki,davam edir.Cavabdehin torpaq sahəsini ayırmaq üçün tikdirdiyi hasarı uçurur,onun torpaq sahəsinə çıxışını məhdudlaşdırır.Mülkiyyət payını (30/80) nəzərə alsaq,torpağın ona düşən hissəsi 258.8 kv.m təşkil edir.Buna müvafiq olaraq,aşağıda göstərdiyi sxem üzrə bölgünü ədalətli hesab edir.Sxemdə xətlərlə işarələnmiş A tikilisinin bir hissəsi onun istifadəsində olmasına baxmayaraq,torpaq hissəsindən istifadə cavabdeh problem yaradır.Torpaq sahəsinin bu şəkildə bölünməsini hər ikisinin yola çıxışını təmin etməklə,daha ədalətli bölgü hesab edir.Belə olduqda ona düşməli olan 258 kv.m hissədən daha az pay düşsə də,bu cür bölgü hər ikisinin mənafeyinə uyğundur. Qeyd edilənləri nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaısnda iddia tələbini müdafiədə edərək, iddia ərizəsinin məzmununa dəlillərinə uyğun izahat verərək, öz izahatında hazırki iş üzrə təyin eidlmiş ekspert rəyi ilə tanış olduqlarını, ekspert rəyində də naturada bölgünün mümkünlüyünün qeyd edildiyini, cavabdeh tərəf özü də paona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 13 dekabr 2021-ci il tarixli məhkəmə baxış iclaısnda veridyi izahatından aydın olur ki, o, hazırki iş üzrə ekspert rəyi ilə tanışdır, həmin sahənin naturada bölgüsünə razıdır, ekspert rəyinə uyğun bölünməsini istədiyini, orada o və 4 uşağının payının olduğunu, naturada bölgü aparılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehə və iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X4, X7, X12, X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınınm vəkilinin izahatını dinləyib, cavabdeh tərəfin izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən (elektron) Çıxarışın məzmunundan aydın olur ki, ünvan 2-də yerləşən daşınmaz əmlakın ümumi sahəsi 116.7 kv.m olan, torpaq sahəsinin ölçüsü 0,069050 ha olan əmlak ümumi paylı mülkiyyət hüququ əsasında 34/80 hissədə Cavabdeh, 4/80 hissədə X2, 4/80 hissədə X5, 30/80 hissədə İddiaçı, 4/80 hissədə X8, 4/80 hissədə X6 məxsus olmaqla, onların ümumi paylı mülkiyyətindədir, bu hüquq18.07.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 10/3967 № li 23 noyabr 2021-ci tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin məzmunundan aydın olur ki, ünvan 2 ünvanındakı mənzilin yerləşdiyi torpaq sahəsinin paylara (Çıxarışda qeyd edilən hissələrə uyğun) naturada bölgüsü mümkündür. Mübahisəli torpaq sahəsi 690 kv.metrdir. Bu torpaq sahəsinin 258.7 kv.metri iddiaçının payına düşür. Hal hazırda iddiaçı həmin torpaq sahəsinin tikintialtı sahəsinə düşən hissəsindən, yəni 102.82 kv.metr hissəsindən istifadə edir. İddiaçının payına düşən 155.8 kv.metr torpaq sahəsinin bərpa edilməsi üçün, həyətyanı sahədə fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsindən divardan 4.60 metr həyətə doğru, həmin hissədən uzunluğu 17 metr olmaqla həyətyanı sahənin darvaza istiqamətinə doğru düz xətt boyunca ayrılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir.Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti oaln mənzil ümumi paylı mülkiyyət hüququ əsasında Cavabdeh 34/80 hissədə, X2 4/80 hissədə, X3 4/80 hissədə,İddiaçı 30/80 hissədə,X8 4/80 hissədə,X6 4/80 hissə məxsus olmaqla, həmin hüquq dövlət qeydiyyatına alınmışdır. İddiaçı ona aid olan pay hissəsinin naturada ayrılmasını tələb etmişdir. Həmçinin, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair rəyin məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.11.2021-cu il tarixli,10/3967 nömrəli rəyi ilə ünvan 2 ünvanındakı mənzilin yerləşdiyi torpaq sahəsinin paylara (Çıxarışda qeyd edilən hissələrə uyğun) naturada bölgüsü mümkündür. Mübahisəli torpaq sahəsi 690 kv.metrdir. Bu torpaq sahəsinin 258.7 kv.metri iddiaçının payına düşür. Hal hazırda iddiaçı həmin torpaq sahəsinin tikintialtı sahəsinə düşən hissəsindən, yəni 102.82 kv.metr hissəsindən istifadə edir. İddiaçının payına düşən 155.8 kv.metr torpaq sahəsinin bərpa edilməsi üçün, həyətyanı sahədə fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsindən divardan 4.60 metr həyətə doğru, həmin hissədən uzunluğu 17 metr olmaqla həyətyanı sahənin darvaza istiqamətinə doğru düz xətt boyunca ayrılmalıdır. Belə olan halda, iddiaçıya məxsus 258.7 kv.metr torpaq sahəsi bərpa olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Həmçinin, məhkəmə iclasında cavabdehin verdiyi izahatından aydın olur ki, o, iddiaçıya məxsus payın müvafiq ekspert rəyinə əsasən Çıxarışda qeyd dilən hissələrə uyğun olaraq naturada bölünməsinə razı olmuşdur. Məhkəmə, ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanındakı mənzilin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.11.2021-cu il tarixli,10/3967 nömrəli rəyini əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 690 kv.m olan torpaq sahəsinin paylı mülkiyyətçi olan İddiaçı aid olan 30/80 hissəsi (iddiaçının faktiki istifadəsində olan tikintialtı sahəsinə düşən 102,82 kv.m olan hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsindən divardan 4,60 metr həyətə doğru, həmin hissədən uzunluğu 17 metr olmaqla həyətyanı sahənin darvaza istiqamətinə doğru düz xətt boyunca ayrılmaqla, bərpa edilən 155,8 kv.m olan hissəsi olmaqla, cəmi 258,7 kv.m olan hissəsi) naturada bölünsün və həmin 30/80 hissə (102,82 kv.m +155,8 kv.m. =258,7 kv.m olan hissə) İddiaçı verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-465/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-465/2021
29.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver