Məhkəmə qərarları › İş №e-2(002)-512/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-512/2025

30.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-512/2025 30.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «digər valideynin razılığı olmadan uşağın ölkə xaricinə çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «digər valideynin razılığı olmadan uşağın ölkə xaricinə çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək onunla birlikdə Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı iki övladları dünyaya gəlmişdir. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan ailə vəziyyətləri pisləşmiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-741/2022 saylı qətnaməsi ilə tərəflərin nikahının pozulması, uşaqların ananın yanında və himayəsində qalması qət edilmişdir. Uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün müalicəyə və istirahətə ehtiyacı vardır. Tərəflər iki ilə yaxındır ki, ayrı yaşayırlar. İddiaçı uşaqları mütəmadi olaraq müayinə üçün ölkə hüdudlarından kənara aparmaq istəyir. Lakin bunun üçün Cavabdeh notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur. Bununla bağlı Cavabdeh pretenziya məktubu göndərilsə də, o, bu günə kimi heç bir cavab verməmişdir. Qeyd olunduğu kimi, iddiaçı tərəfindən Cavabdeh pretenziya məktubu ilə müraciət olunaraq, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı ilə ölkə xaricinə getməsinə 3 gün müddətində notarial qaydada razılıq verməsi xahiş olunsa da, hazırki dövrədək cavabdeh tərəfindən heç bir cavab məktubu göndərilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli e-2(012)-741/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı «nikahın pozulması və birgə nikahdan doğulmuş uşaqların onun himayəsində saxlanılması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 02 noyabr 2010-cu il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsində 127 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 iddiaçı X1 yanında saxlanılmaları qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 2 uşaqlarının olması, tərəflər arasında olan nikahın pozulması, uşaqların ananın yanında saxlanılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı uşaqların Ölkə xaricinə aparılıb-gətirilməsi zərurətini uşaqların, eləcə də, özünün Konstitusion hüquqlarının həyata keçirilməsi ilə əsaslandırır. Bundan başqa, təqdim olunmuş tibbi sənədlərdən görünür ki, uşaqların hər ikisinin səhhətində ciddi problemlər var. Uşaqlardan birinin səhhətindəki problem daha ciddi xarakter daşıyır, təəssüf ki, talassemiya xəstəliyindən əziyyət çəkir. İş materiallarına əlavə olunmuş Bakı 6 saylı Mediasiya Təşkilatının 12 dekabr 2024cü il tarixli MŞB/6-02280 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, cavabdeh 12 dekabr 2024-cü il tarixə saat 14:30-a təyin edilmiş mediasiya sessiyasına gəlməmiş, iddiaçının nümayəndəsi həmin sessiyada iştirak etməklə 50 manat İMS xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ və İV hissələrinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyannaməsinin 4-cü prinsipinə əsasən uşaq sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyənnaməsinin 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 himayəsində olduqları İddiaçı ilə birlikdə konstitusion hüquq olan - azad hərəkət etmək hüquqlarını, yəni ölkədən gedib-gəlmək hüquqlarını sərbəst həyata keçirə bilmirlər. Məhkəmə qeyd edir ki, hazırkı işdə uşaqların maraqları, yəni azad hərəkət etmək hüququ (ölkədən gedib-gəlmək hüququ) valideynlərin maraqlarından üstün tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki işin araşdırılması zamanı uşaqların konstitusion hüquq olan azad hərəkət etmək hüququna dövlət tərəfindən müdaxilə edilməsi üçün tutarlı əsas müəyyən edilmədiyindən, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 atası Cavabdeh razılığı olmadan 18 yaşına çatanadək (daimi əsaslar olmadan) anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara sərbəst getməsinə və qayıtmasına icazə verilməlidir. Lakin məhkəmə uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlərdə hər iki valideynin iştirakının zəruri olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılarkən anaları İddiaçı tərəfindən ataları Cavabdeh mütləq şəkildə yazılı qaydada məlumat verilməli, məlumatda uşaqların hansı ölkəyə, hansı müddətə və nə məqsədlə aparılması qeyd edilməlidir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 18 yaşına çatanadək daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, ataları - Cavabdeh razılığı olmadan, sonuncuya öncədən rəsmi məlumat verilməklə anaları İddiaçı ilə birgə Azərbaycan Respublikasından gedib-gəlmə hüququna icazə verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 18 yaşına çatanadək daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, ataları - Cavabdeh razılığı olmadan, sonuncuya öncədən rəsmi məlumat verilməklə anaları İddiaçı ilə birgə Azərbaycan Respublikasından gedib-gəlmə hüququna icazə verilsin. Ödənilmiş 50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar