Məhkəmə qərarları › İş №e-2(002)-997/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-997/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-997/2021 13.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 315 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 20 manat dövlət rüsumu, ümumilikdə 335 (üç yüz otuz beş) manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “X5” markalı ** PF *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş və nəticədə, “Changan CS7164B” markalı ** OK *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi rayon DYPŞ-də tərtib olunmuş TP4067414 inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin qərarda Cavabdeh hadisə yerindən yayındığı da qeyd edilmişdir. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Changan CS7164B” markalı ** OK *** dövlət nömrə nişanlı avtomobilə 315 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə, xx xxxxxx 2020-ci il tarixli İAS 201272 saylı Sığorta ödənişi aktına əsasən “xxxx” ASC tərəfindən zərərçəkənə 315 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, baş vermiş bu yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh hadisə yerindən yayındığı üçün bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən, Changan CS7164 B markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobilə dəmirçilik işi üzrə 80.00 manat, armatur işi üzrə 25.00 manat, rəngsaz işi üzrə 180.00 manat, plastmas işi üzrə 30.00 manat olmaqla, cəmi 315.00 manat zərər dəymişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Changan CS7164 B markalı, **- OK-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin təsviri belədir: arxa baqaj qapısı, arxa bufer, arxa park radar qeyri-dəqiq işləyir, baqajın daxilində əyilmələr. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, **-PF-*** dövlət nömrə nişanlı, X5 markalı avtomobil “xxxx” ASC tərəfindən sığorta olunmuşdur. İş materiallarında olan TP ******* nömrəli, inzibati tənbeh vermə haqqında protokolun məzmunundan görünür ki, sürücü Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində idarə etdiyi avtomobil ilə araməsafəsi qaydalarını pozmuş, yol hərəkəti qaydalarını pozaraq hadisə yerindən yayınmasına görə İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə də 100 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, X1 hesabına 315.00 AZN məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan görünür ki, **-PF-*** dövlət nömrə nişanlı, X5 markalı avtomobilin sahibi X3 FZCO Şirkətinin Azərbaycan Respublikasındakı filialıdır. İş materiallarında olan etibarnamənin məzmunundan görünür ki, **-PF-*** dövlət nömrə nişanlı, X5 markalı avtomobilin sahibi X3 FZCO Şirkətinin Azərbaycan Respublikasındakı filialı həmin avtomobili Cavabdeh Nəbati oğlunun istifadəsinə vermişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin məzmunundan görünür ki, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmasə hallarından biri kimi Həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş hal göstərilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ** PF *** dövlət qeydiyyat nişanlı X5 markalı avtomobili Cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Changan CS7164B markalı 90OK247 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində Changan CS7164B markalı 90OK247 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 315 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hazırki mülki iş üzrə vurulmuş ziyanın məbləği mübahisələndirilməmişdir. Həmçinin Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, o, hadisə yerindən yayınmışdır. Bu halda, məhkəmə hesab edir ki, sığorta haqqında qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçının yol nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən yayınmış olan cavabdehdə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 315 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 20 manat dövlət rüsumu, cəmi 335 (üç yüz otuz beş) manat tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Changan CS7164B” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində ödənilmiş 315 manat məbləğində sığorta ödənişi və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar