Məhkəmə qərarları › İş №e-2(003)-1055/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1055/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1055/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin cinayət əməlləri nəticəsində 110.189,53 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 400,19 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmünə əsasən İddiaçı ASC-nin X11 sabiq müavini Cavabdeh4, bankın “Gəncə” filialının sabiq müdiri Cavabdeh2, həmin filialın sabiq mühasibi Cavabdeh3 və həmin filialın sabiq xəzinədarı Cavabdeh1 bankda işlədikləri dövrdə vəzifəli şəxs kimi qulluq mövqelərindən sui-istifadə edərək qabaqcadan əlbir olmaqla külli miqdarda mənimsəmə, külli miqdarda dələduzluq və vəzifə saxtakarlığı cinayətlərini törətmişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şşikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsininxx.xx.2019-cu il tarixli Qərarı ilə Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilmiş və Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəzarə alınmış, sonuncunun cəzası azaldılmış, qalan hissələrdə isə əvvəlki hğkm və qərar dəyişilmədən saxlanılmışdır. Cavabdeh4 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Digər cavabdehlər barəsində isə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək onlara təyin edilmiş cəzalar şərti hesab edilmişdir. Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 bankın “Gəncə” filialının müştərisi olan borclu kreditorların kredit xəttlərindən saxta kassa məxaric orderləri, ödəniş qəbzləri, saxta kredit sənədləri hazırlamaqla ümumilikdə 110.189,53 manat məbləğində pul vəsaitini şəxsi məqsədlər üçün istifadə edərək banka külli miqdarda ziyan vurmaqla özgəsinin əmlakını mənimsəmişdirlər. Bu günə qədər həmin məbləğdə dəymiş ziyan cavabdehlər tərəfindən banka ödənilməmişdir. Bank tərəfindən yazılı xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamış, cavabdehlər tərəfindən banka heç bir vəsait qaytarılmamışdır. Qeyd olunanları nəzərə alaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmü ilə məhkum edilmiş cavabdehlərdən 110189,53 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə, iddia tələbinə dair mülahizə və etirazlarının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişlər. Digər Cavabdeh4 ərizə ilə müraciət edərək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmündən görünür ki: 1.Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

2. Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti hesab edilmişdir.

3. Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti hesab edilmişdir.

4. Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti hesab edilmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(104)-04/2019 saylı qərarından görünür ki, Cavabdeh2 əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilərək həmin məcəllənin 179.3.2 və 308.2-ci maddələri ilə qismən toplanmaqla ona qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti hesab edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(102)-767/2019 saylı qərarından görünür ki, Cavabdeh4 dələduzluq əməli Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və həmin məcəllənin 179.3.2 və 308.2-ci maddələri ilə qismən toplamaqla qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. -LPO İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, bank tərəfindən yazılı xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamış, hökm çıxarıldığı tarixdən xx.xx.2023-cü il tarixədək 110.189,53 (bir yüz on min bir yüz səksən doqquz manat, əlli üç qəpik) manat məbləğində dəymiş ziyandan cavabdehlər tərəfindən banka heç bir ödəniş edilməmişdir. -Mülki iş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli Hökmü ilə müəyyən edilir ki, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən 29 sentyabr 2010-cu il tarixli 014/1 F/S, 014/2 F/S və 014/3 saylı ipoteka müqavilələrinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs- X1 adına illik 24 faiz ödəmək şərti ilə açılmış 100000 (bir yüz min) manat məbləğində kredit xəttindən istifadə etməklə pul vəsaitinin müəyyən hissəsini şəxsi işlərinə istifadə üçün müvafiq sənədlər tərtib etməklə rəsmiləşdirərək Vüsal İsgəndərovun məlumatı və razılığı olmadan, bankın kompyuter əməliyyat sistemində müvafiq məlumatların məzmununa yalan məlumatların daxil edilib kredit xəttinin müddətinin uzadılması barədə xx.xx.2012-ci il, xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli ərizələr və eyni tarixli kredit xətti müqaviləsinə əlavə razılaşmalar hazırlamaqla kredit xəttindən Vüsal İsgəndərovun adına 50000 (əlli min) manat məxaric olunmasına dair xx.xx.2012-ci il tarixli 1406/04 nömrəli və 17000 (on yeddi min) manatın məxaric olunmasına dair xx.xx.2013-cü il tarixli 5654/02 saylı xəzinə məxaric orderləri tərtib edərək saxta imza etməklə həmin saxta rəsmi sənədlər əsasında qanunsuz olaraq filialın xəzinəsindən götürülmüş cəmi 67000 (altmış yeddi min) manat pul vəsaitini öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, etibar olunmuş özgə əmlakını külli miqdarda mənimsəmə yolu ilə təkrarən talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməlləri ağır nəticələrə səbəb olmuşdur (Hökmün 3-cü səhifəsi). Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən bankın “Gəncə” filialının xəzinəsində olan nağd pul vəsaitini şəxsi işlərində istifadəsi üçün filialda sənədi olan şəxslərdən birinin adına müvafiq saxta sənədlər əsasında kredit kimi sənədləşdirilib pulların götürülərək ona göndərilməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən sonuncunun göstərişi ilə Cavabdeh3 tərəfindən 2010-cu il tarixdə X4 filialda olan şəxsiyyət vəsiqəsinin surətindən istifadə olunmaqla sonuncunun məlumatı və razılığı olmadan bankın kompyuter əməliyyat sistemində müvafiq məlumatların məzmununa yalan məlumatların daxil edilib guya ona 18000 (on səkkiz min) manatın ödənilməsinə dair xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və eyni tarixli 4551/04 saylı xəzinə məxaric orderi tərtib edilməklə həmin rəsmi sənədlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən imzalanmaqla rəsmiləşdirilib həmin saxta rəsmi sənədlərlə qanunsuz olaraq filialın xəzinəsindən sonuncu tərəfindən götürüldükdən sonra həmin məbləği Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə etibar olunmuş külli miqdarda özgə əmlakını mənimsəməklə təkrarən talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşlar (Hökmün 6-cı səhifəsi, 2-ci abzası). Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2 və Cavabdeh1 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən xx.xx.2014-cü il tarixli 002F saylı kredit müqaviləsi əsasında bankın “Gəncə” filialından X3 adına verilmiş 19500 (on doqquz min beş yüz) manat məbləğində pul kreditinin ödənişindən ötrü qəbul edilmiş pul vəsaitinin müəyyən hissəsini şəxsi işlərində istifadəsi üçün müvafiq saxta rəsmi sənədlər tərtib etməklə sənədləşdirilib ona göndərməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən sonuncunun göstərişi ilə Cavabdeh1 tərəfindən müştəri Aygün Dadaşovadan ayrı-ayrı vaxtlarda kreditin ödənişi kimi qəbul edilərək filialın xəzinəsinə mədaxil edilməmiş o cümlədən xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 556 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 650 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 700 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə alınmış 600 manatın 200 manatı, cəmi 2106 manat məbləğində pul vəsaitini Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, rəsmi sənəd hesab olunan yuxarıda qeyd edilən qəbzlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir (Hökmün 6cı səhifəsi, 3-cü abzası). Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən xx.xx.2009-cu il tarixli 010 H saylı kredit müqaviləsi əsasında bankın “Gəncə” filialından "xxxx" MMC-nin direktoru X6 adına verilmiş 100000 (yüz min) manat məbləğində pul kreditinin ödənişindən ötrü qəbul edilmiş pul vəsaitinin müəyyən hissəsini şəxsi işlərində istifadəsi üçün müvafiq saxta rəsmi sənədlər tərtib etməklə sənədləşdirilib ona göndərməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən sonuncunun göstərişi ilə Cavabdeh1 tərəfindən müştəri Xalis Ələsgərovdan ayrı-ayrı vaxtlarda kreditin ödənişi kimi qəbul edilərək filialın xəzinəsinə mədaxil edilməmiş o cümlədən xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 1000 manatı, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat və Cavabdeh3 tərəfindən müştəri Xalis Ələsgərovdan xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə qəbul edilmiş 1000 manat olmaqla cəmi 7000 manat məbləğində pul vəsaitini Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə etibar olunmuş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, rəsmi sənəd hesab olunan yuxarıda qeyd edilən qəbzlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir (Hökmün 6-cı səhifəsi, 4-cü abzası). Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq xx.xx.2014-cü il tarixli 003F saylı kredit müqaviləsi əsasında bankın “Gəncə” filialından X2 adına verilmiş 19000 (on doqquz min) manat məbləğində kredit vəsaitinin ödənişi kimi filialın xəzinəsinə qəbul edilmiş 16083,53 manatın mədaxil olması barədə məlumatları bankın informasiya resurslarında görərək həmin vəsaitin şəxsi işlərində istifadəsi üçün müvafiq saxta rəsmi sənədlər tərtib etməklə sənədləşdirilib ona göndərməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən Cavabdeh3 tərəfindən kreditor Şəfiqə İsmayılovanın bacısı X5 xx.xx.2014-cü ildə filialın xəzinəsinə ödədiyi bankın sisteminə daxil edilmiş 16083,53 manatın ödənişinə dair məlumatlar bankın kompyuter əməliyyat sistemindən pozulmaqla Cavabdeh1 tərəfindən qanunsuz olaraq xəzinədən götürülmüş 16083,53 manat pul vəsaitini Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə etibar olunmuş külli miqdarda özgə əmlakını mənimsəməklə təkrarən talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın müştərilər qarşısında etibarlılıq baxımından nüfuzuna, bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmuş, tamah niyyəti ilə bilə-bilə informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəliş etməklə vəzifə saxtakarlığı törətmişdir (Hökmün 7-ci səhifəsi, 2-ci abzası). İş materiallarından da göründüyü kimi Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmü üzrə verilmiş apellyasiya şikayətləri təmin olunmamış, yalnız “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı təqsirləndirilən şəxslər törətdikləri əməllərdə təqsirli bilinərək bəzi epizodlar üzrə külli miqdarda sözləri xeyli miqdarda sözləri ilə əvəz edilmiş, həmçinin bəzi epizodlar üzrə xeyli miqdarda sözləri hökmdən xaric olunmuşdur. Məhkəmə hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda iddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alıb, qeyd olunanları və iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 törətdiyi cinayət əməlləri nəticəsində İddiaçı ASCyə ümumilikdə 110189,53 (bir yüz on min yüz səksən doqquz manat, əlli üç qəpik) manat məbləğində pul vəsaitini iddiaçıdan qanunsuz olaraq ələ keçirmələri, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan bu hal işin mübahisəsiz halıdır. Lakin iddia tələbində qeyd olunan məbləğin cavabdehlər arasında müştərək qaydada bölünməsinə münasibətdə qeyd edir ki, iddiaçıya dəymiş zərərin pul ilə ifadə olunan dəyəri cavabdehlərin törətdiyi cinayət əməllərində faktiki iştirakına uyğun hesablanaraq tutulmalıdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Məhkəmənin hökmündən göründüyü kimi, bankın tələbində qeyd etdiyi Vüsal İsgəndərovun adına 50000 (əlli min) manat məxaric olunmasına dair xx.xx.2012-ci il tarixli 1406/04 nömrəli və 17000 (on yeddi min) manatın məxaric olunmasına dair xx.xx.2013-cü il tarixli 5654/02 saylı xəzinə məxaric orderləri tərtib edərək saxta imza etməklə, həmin saxta rəsmi sənədlər əsasında qanunsuz olaraq filialın xəzinəsindən götürülmüş cəmi 67000 manat məbləğlə bağlı əməldə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakçı olsalarda Cavabdeh1 iştirakçı kimi keçməmişdir. Bundan başqa bankın müştərisi Aygün Dadaşovadan ayrı-ayrı vaxtlarda kreditin ödənişi kimi qəbul edilərək filialın xəzinəsinə mədaxil edilməmiş cəmi 2106 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iştirakçı olsalarda Cavabdeh3 iştirakçı kimi keçməmişdir. 18000 manat məbləğində ziyan vurulmasına dair əməldə, 7000 manat məbləğində ziyan vurulmasına dair əməldə və 16083,53 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 faktiki olaraq iştirak etmişlər. Beləliklə də müəyyən edilmişdir ki, 16083,53 manat, 18000 manat və 7000 manat olmaqla, cəmi 41.083,53 manat məbləğində ziyan vurulmasına dair əməllərdə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, 67000 manat məbləğlə bağlı əməldə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, 2106 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məsuliyyət daşıyırlar. Bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada ümumi məbləğ deyil, onların hər birinin faktiki iştirakına uyğun olan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlərin əməllərdə faktiki iştirakları nəzərə alınmaqla Cavabdeh4 , Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 67000 manat, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2106 manat, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 16083,53 manat, 18000 manat və 7000 manat olmaqla, cəmi 41.083,53 manat və ödənilmiş dövlət rüsumunun məbləği iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 67.000 (altmış yeddi min) manat iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2106 (iki min bir yüz altı) manat iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 18000 (on səkkiz min) manat, 7000 (yeddi min) manat, 16083,53 (on altı min səksən üç manat, əlli üç qəpik) manat olmaqla, cəmi 41.083,53 manat və dövlət rüsumuna görə ödənilmiş 400,19 (dörd yüz manat, on doqquz qəpik) manat tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar