Məhkəmə qərarları › İş №e-2(003)-1104/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1104/2024

17.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1104/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin açıq hərracdan satılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizələri ilə məhkəməyə müraciət edərək tərəflərin paylı mülkiyyətində olan “Toyota Camry" markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobilin dəyərinin yarısı, yəni 32500 manatın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, bu mümkün olmadıqda isə avtomobilin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylarına uyğun 1/2 hissədə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı iddia ərizəsinə dəqiqləşmə verərək ekspert rəyində göstərilmiş məbləğin yarısını, yəni 21.000 manatın və bu məbləği indeksləşdirilməklə 6447 manatın cavabdehdən ayrıca almaqla, bu mümkün olmadıqda avtomobilin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylara uyğun ½ hissədə bölüşdürülməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizələrini onunla əsaslandırmışdır ki, həmin avtomobil əslində 68 000 manata alınsa da, tərəflər arasında sözügedən əvvəlki məhkəmə araşdırmaları zamanı həmin avtomobilin 65 000 manata alınması işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Hazırda avtomobil faktiki olaraq cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı 1/2 payına uyğun olaraq cavabdehə həmin məbləğin yarısının ona verilməsini təklif etsə də, cavabdeh buna reaksiya verməmişdir. Hal-hazırda avtomobil ekspert tərəfindən 42.000 manata qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Dovlət Statistika Komitəsinin arayışına əsasən 2021-ci ildən istehlak qiymətləri 106,7 %, 2022-ci ildə 113,9%, 2023-cü ildə 108,8%, 2024-cü ilin yanvar-fevral aylarında 101,3% təşkil etmişdir. Qeyd olunan faizlərə əsasən iddiaçıya çatacaq 42.000 manatın yarısı olan 21.000 manatın hazırki vaxtda indeksasiya aşağıdaki kimidir: 2021-ci il üçün (21.000 manat x 106,7% \ 100) = 22.407 AZN – 21.000 AZN = 1407 manat; 2022-ci il üçün 2919 manat; 2023-cü il üçün 1848 manat; 2024-cü il üçün 273 manat Cəmi: 6447 manat təşkil edir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 eyni məzmunlu ifadə verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 göstərdi ki, “Toyota Camry” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu ildə 65000 manat qiymətə alınmışdır, lakin hazırda avtomobilin qiyməti az təşkil edir. Onlar iddiaçı tərəfindən avtomobilin qiymətinin yarısını ona verilməsi barədə bildirişi onlar almışlar, lakin bununla razı deyillər. İddianın rədd olunmasını məhkəmədən xahiş edildi. Məhkəmə tərəfləri dindirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 9/2907 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert rəyinə təqdim edilmiş 2019-cu il buraxılışlı, mühərrik tutumu 2494 sm3 , qara metallik rəngli, “Toyota Camry” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 42.000 manat müəyyən olunmuşdur. Espertiza xərcləri 100 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi idarəsinin kompüter uçot bazasına görə Cavabdeh adında xx.xx.2019-cu il tarixdən “Toyota Camry” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuş və nikahları 2021-ci ildə pozulmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə Elay adlı qızları anadan olmuşdur. “Tayota Camry” markalı **-MM-*** dövlət nömrə nişanlı avtomobil üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə bərabər payları müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2446/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023cü il tarixli müraciət-təklifdən görünür ki, iddiaçı avtomobillə bağlı 32.500 manat məbləğində pulun ona verilməsini Cavabdeh təklif etmişdir. İş materiallarına əlavə olunan 131548 nömrəli qəbzdən görünür ki, İddiaçı müraciəttəklifini Cavabdeh xx.xx.2023-cü il tarixdə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən “paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər”. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən “bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər”. Məhkəmədə müəyyən olundu ki, “Toyota Camry” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən Cavabdeh mülkiyyətindədir, yəni birgə nikah dövründə əldə olunmuş əmlakdır. Məhkəmə tərəfindən İddiaçı bu avtomobilə payı ½ hissədə müəyyən edilmişdir. İddiaçı avtomobilin qiymətinin yarısını ona verilməsini Cavabdeh təklif etmişdir. Lakin cavabdeh bu təklifə heç bir reaksiya verməmişdir. Bu səbəbdən iddianın avtomobilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul tərəflər arasında paylarına uyğun ½ hissədə bölüşdürülməsi təmin olunmalıdır. İddia tələbinin indeksasiya olunmuş 6447 manat məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsi təmin oluna bilməz. Belə ki, MPM-in 232.1-ci maddəsinə əsasən, “Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər”. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olunan faktlara və qanunvericiliyə əsasən indeksasiya ilə bağlı tutulmalı pul məbləğlərinin məhkəmə qətnaməsi yoxdur, bununla bağlı tərəf heç bir sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı 100 manat məbləğində ekspertiza xərci tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Toyota Camry" markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobil açıq hərracda satılsın. Satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına uyğun 1/2 hissədə bölüşdürülsün. İddiaçı 100 (yüz) manat məbləğində ekspertiza xərci tutulsun. İddianın qalan hissəsi əsassız oluğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar