Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1171/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı X1 Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X3 Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı X2 məxsus olan “X5” şirkəti və Cavabdeh arasında 02 oktyabr 2020-ci il tarixdə daşınar əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehə “Perfect” modelli (RO 50-7-M4 seriya nömrəli) su təmizləmə aparatı və onun aksesuarları verilmişdir. Əvəzində isə cavabdeh alıcı qismində 690 manat iddiaçıya ödəməli idi. İlkin ödəniş olaraq 90 manat ödəniş həyata keçirilmiş, qalan 600 manat hər ay 50 manat olmaqla, 12 ay ərzində hər ayın 02-də ödənilməsi nəzərdə tutulur. Lakin, cavabdeh tərəfindən bu günədək cəmi 200 manat ödəniş etmiş, ödənilməli olan qalan 490 manat ödənilməmişdir. Cavabdehdən pretenziya qaydasında qalan məbləğin tələb edilməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirilməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən maddi zərərə məruz qalmışdır. Belə ki, iddiaçıya həm müqavilə üzrə 490 manat ödənilməli, həm də hüquqi yardım xidmətindən istifadə etmək məcburiyyətində qaldığı üçün 400 manat, əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Belə ki, qeyd olunan alqı-satqı müqaviləsi hüquqi şəxs olan “X5” ilə cavabdeh arasında bağlanmışdır. Bununla əlaqədar olaraq öhdəliyin yerinə yetirilməməsi ilə hüquqları pozulan tərəf- yəni, hüquqi şəxs məhkəməyə hazırkı iddia tələbi ilə müraciət edə bilərdi. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı X1 Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1171/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1171/2024
26.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver