Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1241/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “ödənilmiş vəsaitin əvəzinin geriyə tələbireqres” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı “ödənilmiş vəsaitin əvəzinin geriyə tələbi-reqres” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin mülkiyyətindəki “Lada X- Ray” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh uzun müddətli icarəyə verilmişdir. O, avtomobili idarə edərkən 2021-ci ilin avqust ayının 06-da digər nəqliyyat vasitəsinin təqsiri üzündən ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. Avtomobilin təmiri məqsədi ilə sığorta müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı ASC-yə 1170 manat vəsait ödəmişdir. Həmin məbləğ avtomobilin təmiri üçün lizinq alan Cavabdeh kart hesabına köçürülmüşdür. Eyni zamanda, bu avtomobili Kərimov icbari sığorta etdirdiyinə görə onun ərizəsi əsasında “Azərsığorta Dövlət Sığorta” şirkəti avtomobilin təmiri üçün 585 manat İddiaçı ASC-yə ödəmiş və həmin vəsait də lizinq alan Cavabdeh hesabına köçürülmüşdür. Hər iki sığorta məbləğini Kərimov avtomobilin təmirinə yönəltmişdir. "xxxx" ASC-nin iddiasına əsasən Sumqayıt Kommersiya Məhkəməsinin e2-2(119)-1844/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-dən iddiaçının xeyrinə 585 manat sığorta ödənişinin əvəzi, 20 manat mediasiya haqqı, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 635 manat tutulmuşdur. Qətnamə icra edilmiş, İddiaçı ASC həmin məbləği "xxxx" ASC-yə ödəmişdir. Bu səbəbdən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 635 manat reqres məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə, iddia tələbinə qarşı etiraz və mülahizələrinin təqdim edilməsi təklif olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda, iddia tələbinə qarşı etiraz və mülahizələrini təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AD seriyalı 586520 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ban nömrəsi XTAGAB330K1212331, mühərrik nömrəsi ******* olan “Lada Xray GAB33-XU4 52” minik markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-nin mülkiyyətindədir. Lizinq verən İddiaçı ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı daxili lizinq müqaviləsinin surətindən müəyyən olunur ki, lizinq verən müqavilənin 1-ci bəndində göstərilən müddətə və şərtlərlə əmlakı lizinq alanın gələcəkdə mülkiyyət hüququnun ona keçməsi məqsədi ilə onun, yəni lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müqavilə üzrə lizinq ödənişlərini icra etməyi öhdəsinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, icarəyə götürən Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər hər ay 538 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İcarə haqqı məbləği 24210 manat təşkil edir. Daxili lizinq müqaviləsinə 2 saylı əlavə olan qəbul aktından görünür ki, lizinq predmeti olan ban nömrəsi XTAGAB330K1212331, mühərrik nömrəsi ******* olan “Lada Xray GAB33-XU4 52” minik markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın zamini və lizinq alanın iştirakı ilə İddiaçı ASC-nin Xırdalan şəhəri Sumqayıt şossesi 16 km ünvanında əmlakda heç bir nasazlıq və çatışmazlıq aşkar edilmədən Cavabdeh təhvil verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, xx.xx.2021-ci il tarixli 395 saylı məktub əsasında İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 1170 manat ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, xx.xx.2021-ci il tarixli 426 saylı məktub əsasında İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 585 manat ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, xx.xx.2021-ci il tarixli 426 saylı məktub əsasında İddiaçı ASC tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin e2-2(119)-1844/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 605 manat "xxxx" ASC-nin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu Sumqayıt Kommersiya Məhkəməsinin hesabına keçirilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(119)-1844/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək cavabdeh İddiaçı ASC-dən 585 manat sığorta ödənişinin əvəzi və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 20 manat hissəsi olmaqla, cəmi 605 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və dövlət rüsumu olaraq 30 manat məbləğin dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində sığortaçı "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən 585 manat sığorta ödənişi sığortalı İddiaçı ASC-yə ödənilmişdir. Daha sonra isə "xxxx" ASC tərəfindən 100 manat azadolma məbləği çıxılmaqla 1170 manat məbləğində sığorta ödənişi də İddiaçı ASC-yə ödənilmişdir. İddiaçı ASC tərəfindən hər iki sığorta ödənişlərini avtomobilin təmiri məqsədi ilə lizinq alan Cavabdeh hesabına köçürmüşdür. Bununla da, "xxxx" Dövlət Sığorta Şirkəti ilk növbədə sığorta ödənişini verdiyindən avtomobilin tam sığorta əsasında sığortasını həyata keçirən "xxxx" ASC-nin subroqasiya hüququ itirilmişdir. Bu səbəbdən "xxxx" ASC pul tələbi ilə məhkəməyə müraciət edərək ödənilmiş 1170 manatın İddiaçı ASC-dən alınaraq ona ödənilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1844/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək sığorta ödənişi və xidmət haqqı olaraq 605 manat məbləğində pulun "xxxx" ASC-yə, 30 manat dövlət rüsumunun isə dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı ASC qətnaməni icra edərək 605 manat məbləği "xxxx" ASC-yə, 30 manat dövlət rüsumunu isə dövlət büdcəsinə ödəmişdir. Bununla da, İddiaçı ASC-nin Cavabdeh qarşı ödənilmiş zərərin əvəzinin geriyə tələb (reqres) hüququ yaranmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh məhkəmə qətnaməsi ilə ödəmiş olduğu 605 manat və həmin qətnamə ilə ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 635 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 635 (605+35) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 665 (altı yüz altmış beş) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1241/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1241/2023
31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver