Məhkəmə qərarları › İş №e-2(003)-1280/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1280/2024

05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1280/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 19792.11 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 150.58 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 20342.69 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində 03-799 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 GCZ ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 1. 2017-ci il üzrə 1 akt olmaqla cəmi 1920 manat 2. 2018-ci il üzrə 1 akt olmaqla cəmi 1058.40 manat

3. 2019-cu il üzrə 8 akt olmaqla cəmi 2163.60 manat 4. 2020-ci il üzrə 7 akt olmaqla cəmi 1958.40 manat 5. 2021-ci il üzrə 2 akt olmaqla cəmi 1274.40 manat 6. 2022-ci il üzrə 5 akt olmaqla cəmi 6311.52 manat 7. 2023-cü il üzrə 5 akt olmaqla cəmi 3481.92 manat Ümumilikdə 18168.24 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Yuxarıda göstərilənlərə əlavə olaraq cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 1623.87 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 19792.11 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı İB-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 8532m3 həcmində dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. Ünvanda PQ-4, QSSQ və Dəmir soba işlədilir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 8532m3 həcmində dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. Ünvanda PQ-4, QSSQ və Dəmir soba işlədilir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1422m3 həcmində dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. Ünvanda PQ-4 və QSSQ işlədilir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 972m3 həcmində dəymiş ziyan hesablanmışdır. - Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Həmin müqavilənin 3.1 və 3.4-cü bəndlərinə əsasən qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0.10 manat məbləğində müəyyən edilmiş və hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istahlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. - Cavabdehin adına olan abonent saldosundan ( abonent kodu **********00000) görünür ki, cavabdehin abonent hesabına akt əsasında 2017-ci ilin oktyabr ayında 1920 manat, 2018-ci ilin yanvar ayında 1058,40 manat, 2019-cu ilin yanvar ayında 853,20 manat, fevral ayında 568,80 manat, mart ayında 142,20 manat, avqust ayında 97,20 manat, sentyabr ayında 32,40 manat, oktyabr ayında 32,40 manat, noyabr ayında 142,20 manat, dekabr ayında 295,20 manat, 2020-ci ilin yanvar ayında 295,20 manat, fevral ayında 295,20 manat, mart ayında 127,90 manat, aprel ayında 462,50 manat, may ayında 194,40 manat, iyun ayında 194,40 manat, avqust ayında 388,80 manat, 2021-ci ilin fevral ayında 295,20 manat, dekabr ayında 979,20 manat, 2022-ci ilin yanvar ayında 648 manat, mart ayında 1339,20 manat, aprel ayında 669,60 manat, noyabr ayında 2920,32 manat, dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvarında 734,40 manat, fevralında 734,40 manat, mart ayında 734,40 manat, aprel ayında 734,40 manat və iyul ayında 544,32 manat zərər hesablanmışdır. Ünvana xx.xx.2023-cü il tarixdə “GCZ-G-4-DİAFRAQMA” tipli GCZ0022973 saylı sayğac quraşdırılmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1280/2024 saylı qiyabi qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1280/2024 saylı qərardadından görünür ki, ərizə təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə "X1"nın 6.5-ci, 6.5- 1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla ("X1"-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 +1.5 m3) x12saat x 30 gün=1476 m3. Yay ayları üçün ayda (1.2 m3+1.5 m3) x12 saat x 30 gün = 972 m3 2017-ci ildə tərtib edilmiş 1 akt üzrə: 1yay ayı x 972 m3 = 972 m3, 2018-ci ildə tərtib edilmiş 1 akt üzrə: 1yay ayı x 972 m3 = 972 m3, 2019-cu ildə tərtib edilmiş 8 akt üzrə: 5 qış ayı x 1476 m3+ 3 yay ayı x 972m3 =10296 m3 2020-ci ildə tərtib edilmiş 7 akt üzrə: 3 qış ayı x 1476 m3+ 4 yay ayı x 972m3 = 8316 m3 2021-ci ildə tərtib edilmiş 2 akt üzrə: 2 qış ayı x 1476 m3 = 2976 m3, 2022-ci ildə tərtib edilmiş 5 akt üzrə: 4 qış ayı x 1476 m3+ 1 yay ayı x 972m3 = 6876 m3 2023-cu ildə tərtib edilmiş 5 akt üzrə: 3 qış ayı x 1476 m3+ 2 yay ayı x 972m3 = 6372 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 2016-2021-ci illərdə müvafiq Qərarlarında əhali istehlakçılarının İstehlak tariflərini nəzərə almaqla itirilmiş qazın dəyəri illər üzrə aşağıdakı kimi olar: 2017 və 2018 ci illərdə hər il üzrə: 972 m3 x 0.10 manat = 97,2 manat. 2019-cu il üzrə: 2200 m3 x 0.10 manat +(10296-2200)m3 x 0.20 manat 1839 manat. 2020-ci il üzrə: 2200 m3 x 0.10 manat + (8316-2200) m3 x 0.20 manat=1443 manat. 2021-ci il üzrə: 2200 m3 x 0.10 manat +(2976-2200) m3 x 0.20 manat= 375 manat. 2022-ci il üzrə: 1200 m3 x 0.12 manat +1300 m3 x 0.20 manat + 4376 m3 x 0.25 manat 1498 manat, 2023-ci il üzrə: 1200 m3 x 0.12 manat +1300 m3 x 0.20 manat + 3872 m3 x 0.25 manat = 1372 manat, Cəmi 6721 manat təşkil edər. 2.Cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini, həmin dövr ərzində sayğacdan keçən qazın dəyərinin 1623,87 manat təşkil etdiyini və iddiaçıya dəymiş zərərin məbləğinin 6721 manat təşkil edə biləcəyini nəzərə alsaq, cavabdehdən tələb edilən borc məbləği 1623,87 manat+ 6721 manat = 8344,87 manat təşkil edər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehin evində baxış keçirilərək 01 ədəd PQ-4 tipli qaz plitəsi, 01 ədəd dəmir soba, 01 ədəd qənaətli su qızdırıcısı qaz qurğularının quraşdırıldığı və istifadə edildiyi müəyyən olunmuşdur. Həmçinin verilmiş mütəxəssis rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, abonentin saldosuna nəzər yetirdikdə görünür ki, sayğacdan kənar təbii qazdan istifadəyə görə aktların yazıldığı zamanlarda- müvafiq 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək abonentin sərf məbləği sıfır olmuşdur. Məlumdur ki, təbii qazdan pik istifadə zamanı qış ayları hesab edilir. Lakin, həmin aylarda abonentin sərf məbləği 0 kimi qeyd edilmişdir. Həmçinin, 2020-ci ilin mart ayından 2022-ci ilin yanvar ayınadək sərf məbləği çox aşağı qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əvvəlki dövrlərin orta gündəlik qaz sərfi və mütəxəssis rəyi nəzərə alınmaqla (2017 və 2018-ci illərə hər il üçün 97,2 manat, 2019-cu il üzrə 1839 manat, 2020-ci il üzrə 1443 manat, 2021-ci il üçün 375 manat) 3851,4 manat məbləğində pul tələbi təmin olunmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki mübahisənin yaranmasına səbəb İddiaçı tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin akların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın cavabdehin təqsiri ucbatından baş verməsini iddiaçı Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın cavabdehin hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da «X1» haqqında normativ aktın tələblərini pozmaqla cavabdeh tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktları tərtib etmişlər. Odur ki, məhkəmə hesab edir ki, tərtib edilmiş aktlar əsassızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (2022-ci ilin may ayından qüvvəyə minmiş yeni redaksiyada). Qaz təchizatı haqqınd Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsindən görünür ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Mülki mübahisənin yaranmasına səbəb İddiaçı tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Bundan başqa yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Bu barədə akt tərtib edilməli və aktın 1 (bir) nüsxəsi inzibati icraatın başlanması məsələsinə baxılması üçün inzibati orqana göndərilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Eyni zamanda qanunvericiliyə edilmiş dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixindən sonra tərtib edilmiş aktlarların bir surəti inzibati xəta ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli idi. Hazırki halda talanması iddia edilən qazın məbləği 5.000 manatdan aşağı (2920,32, 734,40, 734,40, 734,40, 734,40, 734,40, 544,32) olduğundan cavabdeh inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aktların surətini EN-ə göndərməli və yalnız istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın qərarı ilə müəyyən edildikdən sonra dəymiş ziyanın ödənilməsini tələb edə bilərdi. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın cavabdehin təqsiri ucbatından baş verməsini iddiaçı Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Eyni zamanda istehlakçı olan cavabdehin qazın talanmasında təqsirli olması inzibati xəta haqqında müvafiq orqanın qərarı ilə müəyyən olunmamışdır. Həmçinin, “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin tələbləri baxımından istehlakçıya məlumat verməklə ildə bir dəfə (hər il noyabr ayının 1- dək) müayinə keçirmək və nəticələrinə dair akt tərtib edərək, bir surətini istehlakçıya təqdim etmək vəzifəsi daşıyan cavabdehin əməkdaşlarının 12 ay (360 gün) ərzində bu ünvan barədə məlumatsız olması qeyri-mümkündür. Həmin maddəyə bu məzmunlu dəyişiklik xx.xx.2022-ci il tarixdə edilmiş, xx.xx.2022-ci il tarixdə isə qüvvəyə minmişdir. Müddət etibarı ilə aktların həmin dəyişiklik qüvvəyə mindikdən təxminən 5 aya yaxın müddət keçdikdən sonra tərtib edilmişdir. Lakin belə bir müayinə aktının mövcud olması da müəyyən edilmir. Bu da öz növbəsində aktlar tərtib edilənədək belə bir müayinənin aparılmadığını təsdiq edir və bu baxımdan da hesablamanın müddət etibarı ilə ümumiyyətlə 12 ay üzrə aparılmasını əsassız edir. “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsinə istinadən o halı da qeyd edir ki, qaz paylayıcı tərəfindən qaz xəttində pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq təkrar müayinə aparılmalıdır. Belə bir müraciətin edilməsi üçün də ilk növbədə istehlakçının müayinənin keçirilməsi və aktın tərtib edilməsi (həmçinin, qanunsuz qoşulma ilə bağlı aktın) barədə məlumatı olmalıdır. Aktın vaxtında istehlakçıya təqdim edilməməsi, istehlakçını, bu hüququndan da məhrum edir. Qeyd olunanlara əsasən cavabdehin abonent hesabına hesablanmış borc məbləği iddiaçı Birlik tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməklə 3851,40 manat dəymiş ziyan, cavabdehin istehlak etdiyi təbii qazın dəyəri olan debitor borc 1623,87 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, bununla bağlı iddiaçı Birlik tərəfindən hər hansı sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 74,76 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 3851,4 manat təbii qazdan istifadəyə görə yaranmış 1623,87 manat borc olmaqla, cəmi 5475,27 manat və ödənilmiş dövlət rüsumuna görə 74,76 manat tutularaq İddiaçı "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə (Kod 805153 VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar