Məhkəmə qərarları › İş №e-2(003)-129/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-129/2025

01.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-129/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı Cavabdeh mənə olan 10400,0 manat borc məbləğinin, 15496,0 manat pulun və 2600,0 manat dəyərində Noutbuk komputerinin və 13649,0 manat dövlət rüsumunun alınıb ondan tutulub mənə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, inanaraq, etibar edərək hazırki cavabdehə əvvəl 10400 manat borc pul verib. 10400 manat pulu və 2600 manat dəyərində Noutbuk komputeri 2023-cü il tarixində verib. Bununla əlaqədar cavabdehə çox saylı müraciətlər edilmişdir. Ancaq cavabdeh tərəfindən bu günə kimi ona olan borcu ödənilməməkdədir. Halbuki mənə həmin pulumu cavabdeh qaytarmır. Çoxsaylı müraciətlərim, xahişləri heç bir səmərə vermədi. Dönə-dönə ondan alınan bu məbləği ondan istəmişdir. O, məcbur qalaraq vəkilə müraciət etmişdir. Rəsmi qaydada ödəniş etmişdir. Cavabdeh ondan aldığı pulu vaxtında versəydi, onun nə vəkilə, nədə dövlət rüsumu ödəməyə zərurəti olmazdı. Bu səbəbdəndə pul tələbinə dair iddianı müdafiə edir. O məcbur qalıb məhkəməyə müraciət edir. İddia tələbini müdafiə edir. Cavabdehdən 10400 manat borcunu və 15496,0 manat pulunu və 2600,0 manat dəyərində Noutbuk komputerini 136,49 manat dövlət rüsumunun ondan tutulub mənə verilməsini istəyirəm. Proses iştirakçılarının izahatı Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdehlə yaxın münasibətləri olub. Cavabdeh Yevlax rayonunda işləyirdi və onu işdən çıxardırdılar. Bu zaman Cavabdeh ondan pul istədi və iddiaçı qızıllarının lombarda qoyaraq onun üçün pul götürdü. Qızılları 10400,0 manata lombarda qoyub və həmin vaxtdan 15496,0 manat faiz ödəyib. Buna görə də iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh iddiaçıdan heç vaxt borc almayıb və iddiaçı iddia tələbini təstiqləyəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Grand Kredit xəzinə mədaxil orderi qəbzlərinin sürətindən görünür ki, İddiaçı cəmi 1496,0 manat məbləğində pul ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh barəsində irəli sürdüyü tələbi əsaslandırmaq üçün iddia etdiyi faktları (yəni pulu cavabdehə verdiyini) sübut etməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi lombarda ödənilən faizlərə dair qəbzlər yalnız onun lombard qarşısında borc öhdəliyi daşıdığını və həmin öhdəliyi yerinə yetirdiyini sübut edir. Lakin cavabdehlə iddiaçı arasında hansısa maliyyə münasibətinin mövcudluğunu *birbaşa təsdiqləmir. Başqa sözlə, iddiaçının üçüncü şəxsdən (lombarddan) borc alması, həmin borcun cavabdeh üçün alındığını və ya cavabdehə verildiyini avtomatik surətdə sübut etmir. Məhkəmələr bu cür mübahisələrə baxarkən əsasən “pulun verilməsi faktını və həmin pulun konkret olaraq cavabdehə verildiyini” sübut edən sənədləri əsas götürür. Məhkəmə vurğulayır ki, yuxarıda qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, iddiaçı iddiasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, o cümlədən iddiasının əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında işin hər hansı bir halı ilə təsdiq edilmədiyindən, iddia əsassızdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar