Məhkəmə qərarları › İş №e-2(003)-151/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-151/2023

19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-151/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikililərin sökülərək söküntü materiallarının ərazindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Buzovna- Ramana DŞ-250 mm-lik neft kəmərinin 1.5-ci km-də 39 T 0420955;4482705 saylı koordinat üzrə kəmərdən təqribən 35 metr aralı məsafədə, 1-ci sırada kəmərə perpendikulyar, neft kəmərinin mühafizə zonasında Xəzər rayonu, Binə atçılıq qəsəbəsi ərazisində Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana DŞ-250 mm-lik yerüstü neft kəmərinin 1.5-ci km-də, 39 T 0420955;4482705 saylı koordinat üzrə, kəmərdən təqribən 35 metr aralı məsafədə, 1-ci sırada kəmərə perpendikulyar, neft kəmərinin mühafizə zonasında Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, ərazisində vətəndaş Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikilisi faktları aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obeykti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neftqaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər, ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İşin baxılması zamanı X6 cavabdeh qismində işə cəlb olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək SOCAR-ın İddiaçı istismarında olan Buzovna- Ramana DŞ-250 mm-lik neft kəmərinin 1.5-ci km-də 39 T 0420955;4482705 saylı koordinat üzrə kəmərdən təqribən 35 metr aralı məsafədə, 1-ci sırada kəmərə perpendikulyar, neft kəmərinin mühafizə zonasında Xəzər rayonu Binə atçılıq qəsəbəsi ərazisində Cavabdeh1 və X6 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasar tikilisinin cavabdehlərin hesabına sökülərək söküntü materiallarının ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, mübahisə predmeti olan ev anasına məxsusdu və evin yerləşdiyi torpaq sahəsi anası X5 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı əsasında verilmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahtında bildirdi ki, ona Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin 28 nömrəli, xx.xx.2003-cü il tarixli əmrdən çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamı ilə 25 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində uzun müddətdir ki, yaşayış evi tikmiş və hazırda orada yaşayır. Ev, qaz və elektrik enerjisi ilə də təmin edilmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 Xəzər rayonu Binə-atçılıq qəsəbəsindən keçən İddiaçı istismarında olan Buzovna-Ramana DŞ-250 mm-lik yerüstü neft kəmərinin 1.5-ci km-də kəmərin mühafizə zonasında tikinti işlərinin aparılmaması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci tarixində, 1 saylı qarovulun 1-ci iş növbəsində, saat 14:10-da 3-4 saylı postların Xəzər rayonu Binə atçılıq qəsəbəsi ərazisində DŞ-250 mm-lik yerüstü neft kəmərinin 1.5-ci km-də, kəmərdən təqribən 35 metr aralı məsafədə Cavabdeh1 aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin, dam örtüyü olmayan hissəsində, 4 metr uzunluğunda və 1 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu izah edilərək, həmin işlərinin dayandırılması tələb edilməklə aparılmaması barədə xəbərdarlıq təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsi tərəfədindən verilmiş xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, Zeynab Nuru qızı X2 müəssisəsi (Buzovna Tərəvəçilik-südçülük sovxozu) tərəfindən xx.xx.2003-cü il tarixli 25 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,025 ha hesabı ilə 5- 337 kodlu torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003 il tarixli 02 saylı protokolu nəzərə alınaraq Cavabdeh2 fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması əmr edilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, Cavabdeh2 0.02 hektar torpaq sahəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli, 27/K nömrəli əmri nəzərə alınaraq həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7187 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi atçılıq massivi ünvanında yerləşən cavabdehin istifadəsində olan fərdi yaşayış evi SOCARİN İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mmlik yerüstü neft kəmərindən 40.2 metr, daş hasar isə 26.40 metr məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin fərdi yaşayış evi və daş hasarın Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşin məhkəmə iclasında araşdırılmış hallarından və iş üzrə verilmiş ekspert rəyindən müəyyən olunur ki, mübahisə predmeti olan olan tikililər (fərdi yaşayış evi və daş hasar) SOCARİN İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilində Cavabdeh2 tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli,167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi haqqında qaydaların 4.1-ci maddəsinə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası-boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi qadağandır. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli 45 nöməli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çox saylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərlərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin, bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması, torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması, hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri, quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işlərinin aparılması qadağandır. Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərindən görünür ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. İstismar olunan ixrac neft boru kəmərlərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi və s. işlərin aparılması qadağandır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərini və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə hesab edir ki, SOCARİN İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilində inşa edilmiş tikililər sökülməlidir. Belə ki, həmin tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə olması halında belə inşaatının aparılması üçün müvafiq qaydada razılıq verilməmişdir. Eyni zamanda məhkəməyə qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, sökülməsi tələb olunan tikililər iş üzrə Cavabdeh2 tərəfindən inşa olunmuşdur. Buna görə də neft kəmərinin mühafizə sonası hüdudlarında yerləşən tikililər onun hesabına sökülməli və söküntü materialları onun hesabına həmin hüdudlardan çıxarılmalıdır. İddia tələbi Cavabdeh1 aid hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yaşayış massivi ünvanında yerləşən cavabdeh X3 istifadəsində olan torpaq sahəsində SOCAR-ın “Neft Kəmərli” İdarəsinin istismarında olan Buzovna-Ramana DŞ-250 mm-lik yerüstü neft kəmərinin 50 metrlik mühafizə zonası hüdudlarında inşa edilmiş tikililər- yaşayış evi və daş hasar, cavabdeh X3 hesabına sökülsün və söküntü materialları onun hesabına həmin hüdudlardan çıxarılmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). Məhkəmə iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikintitexniki ekspertiza tədqiqatlarının dəyərinin (50 manatın) tutulması məsələsinə qiymət verərək hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh X1 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ünvanında yerləşən cavabdeh X3 istifadəsində olan torpaq sahəsində SOCAR-ın “Neft Kəmərli” İdarəsinin istismarında olan Buzovna-Ramana DŞ-250 mm-lik yerüstü neft kəmərinin 50 metrlik mühafizə zonası hüdudlarında inşa edilmiş tikililər - yaşayış evi və daş hasar, cavabdeh X3 hesabına sökülsün və söküntü materialları onun hesabına həmin hüdudlardan çıxarılsın. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh X1 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar