Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-152/2023 21.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 24000,0 ABŞ dollarının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq, Azərbaycan manatı ilə həmçinin 295,0 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun baldızıdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh onunla telefon əlaqəsi yaradaraq ona ticarət işi qurmaq istədiyini, lakin maddi vəsaiti olmadığı bildirmişdir. Mətanət bu adla ondan 11.400 manat borc pul istəmiş və 1 həftə sonra əldə etdiyi mənfəətdən borcunu qaytaracağını demişdir. O, əvvəlcə tərəddüd etsə də, lakin Mətanəti tanıdığı üçün xx.xx.2021-ci il tarixdə 11.400 pulu Buzovna qəsəbəsinə gələrək sonuncunun evində ona vermişdir. O, pulu verərkən nə ticarəti edəcəyini Mətanətdən soruşsa da, Mətanət ona bu işi açıqlamamışdır. 1 həftə keçdikdən sonra Mətanət pulu qaytarmamış və əksinə xx.xx.2021-ci i! tarixdə ona zəng edərək işi böyütmək uçün əlavə 12.600 manat pul lazım olduğunu bildirməklə borc istəmişdir. O, pulu verməyə tərəddüd etdikdə Mətanət ona bu pulu verməsə əvvəlki pulu qaytarmağa çətinlik çəkəcəyini bildirmişdir. Buna görə də o, həmin gün oğlu İlkinlə 12.600 manat pulu Mətanətə göndərmişdir. Sonradan 2021-ci ilin dekabr ayında o, Mətanətlə əlaqə saxlayıb pulunu geri istədikdə Mətanət ona müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. Həmin telefon danışıqları qeydə alınmışdır (Audio disk əlavə olunur). Mətanətin ona qarşı dələduzluq etdiyini gördükdən sonra baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişdir. Xəzər RPİ-də aparılan araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, "İddiaçı Babakərim qızı onun qardaşı Vahidin arvadıdır. Təxminən 2021-ci ilin ortalarında Aytən onun həyat yoldaşı Şəfadan 1.5 sot torpaq sahəsi almış və hissə hissə ona 14.400 manat pulu vermişdir. Buna görə gə Şəfa həmin torpaq sahəsini 20 000 manatda başqa şəxsə satmış və həmin puldan Aytənin 14.400 manat pulu qaytarmışdır. Bundan sonra Aytən onlarla söz-söhbət etməyə başlayaraq həmin pulun faizini də onlardan alacağını bildirmişdir. O, əlavə olanaraq Aytəndən 24.000 pulu almadığını bildirmişdir." Halbuki, əlavə olunmuş audio sübutla Mətanətin ondan qeyd olunan məbləğləri almasını özü telefon danışığı zamanı etiraf edir ki, bu da onun polisdə verdiyini izahatın uydurma olmaqla özünü müdafiə xarakteri daşıdığını göstərmişdir. Bundan başqa hazırkı məsələ ilə bağlı onun digər şahidləri də var ki onlar da məhkəmədə iştirak edəcəklər. Beləliklə də, əlavə olunmuş sübutlara əsasən Cavabdeh ona 24000,0 manat borcunun olduğu təsdiq olunur. Buna baxmayaraq, dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh həmin puldan bir qəpik də ödəməmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, iş materiallarına əlavə etdiyi səs yazısını parça dükanında cavabdehdən xəbərsiz mobil telefonun diktofonu ilə yazmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiaçının izahatındakı xüsusatları qeyd etdi, iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmçinin, məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, işə əlavə olunmuş 3 ədəd audio fayl səs yazıları üzərində qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixində saat 17:58, 17:59-da iddiaçının mobil telefonun diktofonu vasitəsi il qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özü-özlüyündə şəxsi toxuulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərdən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Qeyd olunanlara əsasən hesab edir ki, əlavə olunmuş cavabdehlə iddiaçının danışıqlarını əks etdirən audio fayllar iş üzrə sübut əhəmiyyətini daşıyır. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, iddiaçı qohumu olmaqla yanaşı artıq uzun müddətdir ki, onunla konllikt yaşayır və qeyd edilən məsələlər heç vaxt real olmayıb, hamısı uydurma olmaqla yanaşı əsassız varlanma və şər-böhtan xarakter daşıyır. İlk növbədə, iddiaçı Polis şöbəsinə müraciət etmiş və iddia ərizəsində yazdığı məsələlərin heç biri öz əksini tapmadığı üçün polis təhqiqatçısı tərəfindən “cinayət işinin başlanması barədə rədd" qərarı qəbul etmişdir. İddiaçı öz iddia ərizəsində vurğulayır ki. guya onların telefon danışığı mövcuddur və həmin danışıqlarda borc pulun olmasını etiraf edir, bu məsələ də real deyil elə bir danışıq ümumiyyətlə qanunsuz olaraq qeyd olunub və MPM-nin müvafiq maddələrinə, həmçinin digər qanun normativ aktlara əsasən ançaq onun tərəfindən qəbul olunduğu təqdirdə sübut kimi qəbul oluna bilər. O isə məlum səs qeydlərinin nəinki sübut, həmin səs qeydləri uydurmadır və reallığı əks etdirmir. Ən vacibi isə iddiaçı bildirir ki, onlar hansısa kommersiya iş birliyi görülməsi üçün guya ona pul vermişdirHər hansı sahədən başı çıxmayan bir adama 24000 manat pul vəsaitini verilməsi nə qədər məntiqə sığır? İddiaçı həmçinin bildirir ki, guya onların bu münasibətini hər hansısa şahid təsdiqləməyə qadirdir, bununla bağlı bildirir ki, olmayan bir münasibəti verilməmiş pul vəsaitini hər hansı bir şahid hansı və necə təsdiq edə bilər. İddiaçının bütün iddia tələbi əsassız və qanunsuzdur, ondan qisas və ya ona məlum olmayan səbəblərdən ona qarşı qurulmuş bir addımdır. Əlavə etdi ki, iddiaçıdan 11700,0 manat pul alsa da, həmin pulu qaytarmışdır. Pulları özü üçün almış, heç kəsə verməmişdir. O, iddiaçıdan birinci dəfə 3500 manat, ikinci dəfə 5500 manat və sonuncu dəfə 2700 manat olmaqla hissə-hissə almışdır. Bundan əlavə o, həmin pulların faizi kimi iddiaçıya 7000,0 manatlıq da qızıl vermişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ TŞ-nin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı Babakərim qızı onun qardaşı Vahidin arvadıdır. Təxminən 2021-ci ilin ortalarında Aytən onun həyat yoldaşı Şəfadan 1.5 sot torpaq sahəsi almış və hissə hissə ona 14.400 manat pulu vermişdir. Buna görə gə Şəfa həmin torpaq sahəsini 20000 manatda başqa şəxsə satmış və həmin puldan Aytənin 14.400 manat pulu qaytarmışdır. Bundan sonra Aytən onlarla söz-söhbət etməyə başlayaraq həmin pulun faizini də onlardan alacağını bildirmişdir. O, əlavə olanaraq Aytəndən 24.000 pulu almadığını bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Göründüyü kimi iddiaçı cavabdehə 24000,0 manat pul verdiyini bildirir. Cavabdeh isə iddiaçıdan ayrı-ayrı vaxtlarda 11.700,0 manat aldığını etiraf etməklə və həmin pul ona qaytardığını bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı cavbdehə 24000,0 manat pul verdiyini bildirsə də, buna dair məhkəməyə hər-hansı sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə özü tərəfindən cavabdehin məlumatı olmadan telefonun diktafonu vasitəsi ilə yazılmış CD-R disklər təqdim olunmuşdur. Məhkəmə həmin sübuta münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə qanunvericiliyin tələbinə və tərəflərin izahatlarına əsasən hesab edir ki, sözügedən səs yazısı gizli qeydə alındığından, qanunu pozmaqla əldə edilmiş sübut olduğuna görə istifadə edilməməlidir. Həmin səs yazısının məhkəmədə sübut kimi qəbul olunması məsələsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı mövqeyini qeyd edir. Belə ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Lakin iddiaçı tərəfindən cavabdehə 11.700,0 manat borc pulun verilməsi işin mübahisəsiz halıdır. Belə ki, həmin hal iddiaçı tərəfindən etiraf edilmişdir. İşin mübahisəli halları isə idiaçının cavabdehə 24000,0 manat pul verməsinin və cavbdehin idiaçıya 11.700,0 manat məbləğində pul vəsitinin qaytarılmasıdır. Məhkəmə ilk növbədə, iddiaçı tərəfindən cavabdehə 11700,0 pulun verilməsi işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının 11700,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, cavabdeh 11700,0 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı iddia tələbinin, 11.700,0 manat olan hissəsində yəni cavabdehin ona 11700,0 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Odur ki, məhkəmə alınan pul vəsaitinin qaytarılması halının cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən 11700,0 manat məbləğində pul vəsaitinin ona verməsinin etiraf edilməsindən savayı həmin məbləği iddiaçıya qaytarmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 24000,0 manat pul vəaitinin 11700,0 manat məbləğində olan hissəsinin cavabdehə verdiyini sübuta yetirmiş, qalan hissədə isə sübut edə bilməmiş, cavabdeh isə 11700,0 manat pulu iddiaçıya qaytarması bildirsə də etirazını sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan 11700,0 manat məbləğində pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pul vəsaitini ona qaytarmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 11700,0 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı və şifahi izahatları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh verilmiş borca görə 11700,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh verilmiş borca görə 11700,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-152/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-152/2023
21.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver