Məhkəmə qərarları › İş №e-2(003)-1744/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1744/2025

20.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1744/2025 20.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi, Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi:

1. İddiaçı Cavabdeh1 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakışəhəri, Xəzər rayonu, Buzovna Qəsəbəsi, 8 Mart küçəsi,ev 16 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı Mahmud qızının payının - B tikilisinin, Cavabdeh1 payından - A tikilisindən naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Mahmud qızı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətin B tikilisinə,Cavabdeh1 isə A tikilisinə dair mülkiyyət hüququna sahibdir. Bu tikililər bir-birindən təcrid olunmuşlar və ayrı giriş-çıxışlara və sanitar qovşaqlara malikdirlər. Bundan başqa, bölgü sxeminə əsasən tikililər arasında mümkün olan fiziki hədlər mövcuddur. Bu şərtlər nəticə etibarı ilə paylı olan mülkiyyətin naturada ayrılmasına şərait yaradır. Sözügedən tikililər faktiki olaraq bir-birindən təcrid olunduqlarından (naturada ayrıldıqlarından) iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 2 ünvanında yerləşən B tikilisinə (yeni) ünvan verməklə iddiaçının adına ayrıca çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə iddianı mümkün saymamış və qeyd etmişdir ki, paylı mülkiyyətin bölüşdürülməsi (ayrılması) barədə tərəflər arasında razılıq yoxdursa, bu halda payın naturada ayrılması mülki mühakimə icraatı qaydasında həll edilməlidir. Onu da qeyd edək ki, cavabdeh hər tikiliyə ayrı ünvanın verilməsinə etiraz edir. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna Qəsəbəsi, 8 Mart küçəsi,ev 16 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı Mahmud qızının payının-B tikilisinin, Cavabdeh1 payından- A tikilisindən naturada ayrılması, eləcə də, B tikilisinə ayrıca çıxarışın və ünvanın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X2 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna Qəsəbəsi, 8 Mart küçəsi,ev 16 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı Mahmud qızının payının - B tikilisinin, Cavabdeh1 payından - A tikilisindən naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlakın torpaq sahəsi dövlət mülkiyyətində olsa da, fərdi yaşayış evi tərəflərin xüsusi mülkiyyətindədir və hər birinin evi faktiki olaraq naturada ayrıdır, ancaq sənəd üzərində bir yerdədir, ona görə iddiaçı sadəcə ona məxsus tikilinin sənəd üzərində də ayrılmasını, bununçun məhkəmə qaydasında naturada bölgünün həyata keçirilməli olduğunu, verilmiş ekspert rəyinə əsasən tərəflərin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin, yəni A və B tikililərin naturada bölünməsinin mümkün olduğunu, iddiaçının torpaq sahəsinin deyil, sadəcə tikililərin naturada bölünməsini istədiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 izahatında iddia tələbini qəbul etmədiyini, tərəflərin mübahisəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış olsa da, evin yerləşdiyi torpaq sahəsinin onların adına dövlət qeydiyyatına alınmadığını, ona görə həmin torpaq sahəsi də dövlət qeydiyyatına alındıqdan sonra bölgünün aparılmasını istədiyini bildirərək, bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının:

8. 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

9. 26-cı və 60-cı maddələrinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. 10.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):

11. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 12.152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 13.213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 14.213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 15.213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 16.220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 17.220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 18.220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Yəni ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 20.Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəmədə müəyyən edilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. 21.Hazırda tərəflər arasında mübahisə ümumi müllkiyyətdə olan daşınmaz əmlakdan iddiaçının (paylı mülkiyyətçinin) ona məxsus payın naturada ayrılmasını tələb etməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan qanunvericilikdə ümumi mülkiyyətçinin ona məxsus payın ümumi mülkiyyətdən naturada ayrılması ilə bağlı müxtəlif hüquqi əsaslar nəzərdə tutulmuşdur. Hazırki tələbin qanuni əsasını isə bilavasitə Mülki Məcəllənin 220.3-cü maddəsi təşkil edir. Belə ki, həmin normanın tələbinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi məhkəmə qaydasında öz payının naturada ayrılmasını tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə “...Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil”. 22.Qanunveriiciliyin tələbindən və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, hazırki tələbin qanuni həlli edilməsi üçün ilk növəbədə mübahisə predmeti olan daşınmaz əmlakın paylı mülkiyyətdə olub-olmaması və həmin əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. 23.İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, hazırki mübahisə predmeti olan daşınmaz əmlak (ünvan 2 ünvanında yerləşən “A” və “B” tikililərindən ibarət fərdi yaşayış evi) xüsusi (paylı) mülkiyyət hüququ ilə B tikilisi İddiaçı, A tikilisi isə Cavabdeh1 adına **********62- 10301 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Qeyd edək ki, Çıxarışa əsasən, həmin fərdi yaşayış evinin yerləşdiyi yaşayış məntəqələrin torpaqları olan 0.028890 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla tərəflərin istifadəsindədir. Beləliklə, İddiaçı və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən “A” və “B” tikililərindən ibarət olan fərdi yaşayış evinin paylı mülkiyyətçisi olması məhkəmə iclasında araşdırılan mümkün və mötəbər sübutlarla təsdiq olunur. Belə olan halda, yuxarıda qeyd olunan hüquq normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının paylı əmlakın mülkiyyətçisi olaraq ilk növbədə ümumi əşyadan öz payının naturada ayrılmasını tələb etmək hüququ vardır. 24.Həmin əmlakın naturada bölünməsinin mükünlüyü ilə bağlı isə məhkəmə qeyd edir ki, bu halın müəyyənləşdirilməsi üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın xx.xx.2025-ci il tarixli 10/3936 saylı rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evilərindən İddiaçı istifadəsində olan “B tikilisinin cavabdehin istifadəsində olan A tikilisindən faktiki olaraq ayrılmış vəziyyətdə olduğunu nəzərə alaraq, İnşaat Norma və Qaydalarının 2.08.01.89*nun 2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinə və metodik əsasların Məkhəmə tikinti-texniki ekspertizasının həlll metodlarının tələblərinə uyğun olaraq təcrid mənzillər şəklində texniki cəhətdən naturada ayrılmasının mümkün olduğu və bölgünün texniki pasportda qeyd olunduğu kimi aparılması müəyyən edilir. Məhkəmə, bu halın müəyyən edilməsinin xüsusi bilik tələb edən məsələ olmasını, tərəflərin ekspert rəyinə əks mövqe bildirməməsini və həmin rəyi şübhə altına alan hər hansı bir dəlilin olmadığını nəzərə alaraq qeyd edir ki, həmin ekspert rəyi mümkün və mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin “A” və “B” tikililərinin naturada ayrılması mümkündür. 25.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 26.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən “A” və “B” tikililərindən ibarət fərdi yaşayış evində İddiaçı Mahmud qızının xüsusi mlükiyyətində olan “B” tikilisi, Cavabdeh1 xüsusi mülkiyyətində olan “A” tikilisindən naturada ayrılmalıdır. 27.Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyi üçün iddiaçının özünə aid edilməlidir. Bununla belə, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən “A” və “B” tikililərindən ibarət fərdi yaşayış evində İddiaçı Mahmud qızının xüsusi mlükiyyətində olan “B” tikilisi, Cavabdeh1 xüsusi mülkiyyətində olan “A” tikilisindən naturada ayrılsın. Bölgü həmin fərdi yaşayış evinin texniki pasportunda qeyd olunduğu kimi aparılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (X1, kod 210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar