Məhkəmə qərarları › İş №e-2(003)-1829/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1829/2023

27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1829/2023 27.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçıya məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, cavabdeh ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh “e-manat” ödəniş terminalı vasitəsilə kart hesabına mədaxil əməliyyatı edərkən manat valyutasında vəsait mədaxil etmiş, lakin vəsait müştərinin hesabına ABŞ dolları valyutasında keçmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının nöm: ********************) xx.xx.2022-ci il tarixində digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə cavabdeh banka cəmi 1296,71 ABŞ dolları ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcu barədə bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 1296,71 ABŞ dolları pul vəsaitinin, borca illik 5 faizlə hesablanmış 128,74 manat əldən çıxmış faydanın və 43,36 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İddiaçı ASC tərəfindən verilmiş 4169-75**-****-2340 saylı “multıpan gold front” tipli ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il-xx.xx.2023-cü il tarixləri arasında etdiyi əməliyyatlar nəticəsində banka 1296,71 ABŞ dolları məbləğində zərər vurmuşdur. Belə ki, həmin dövrdə 3.265,28 ABŞ dolları məbləğində pul mədaxil edilib, 4.562,26 ABŞ dolları məbləğində pul məxaric olunmuş, hesabda ilkin qalıq 0.27 ABŞ dolları olmuşdur (fərq 4562,26-3265,28-0.27= 1.296,71). İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli 16/T1566 saylı bildirişdən müəyyən olunur ki, bank borcalana mövcud borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya 4169-75**-****-2340 saylı “multıpan gold front” tipli ödəniş kartı üzrə 1296,71 ABŞ dolları məbləğində və əldən çıxmış fayda kimi borca illik 5 faizlə hesablanmış 128,74 manat məbləğində borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində banka vurulmuş zərərə görə 1296,71 (bir min iki yüz doxsan altı dollar, yetmiş bir sent) ABŞ dolları məbləğində pul (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), əldən çıxmış fayda kimi borca illik 5 faizlə hesablanmış 128,74 (bir yüz iyirmi səkkiz manat, yetmiş dörd qəpik) manat pul və ödənilmiş dövlət rüsumuna görə 43,36 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar