Məhkəmə qərarları › İş №e-2(003)-1866/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1866/2022

19.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1866/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 50000 manat məbləğində borc pulun və 240 manat dövlət rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıdan 50000 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə qəbul etmiş, satacağına və əldə olunan gəliri iddiaçı ilə böləcəyinə vəd versə də, buna əməl etməmişdir. Belə ki, o, 2021-ci ilin iyun ayının əvvəllərində tanış olmuş və tanışlıq yarandıqdan sonra cavabdeh qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu bildirmiş və ona təklif etmişdir ki, qızıllarını 1 ay müddətinə dəyərindən baha qiymətə satsın. Cavabdehin təklifi ilə razılaşmış və ilk dəfə 1600 manat dəyərində qızıl-zinət əşyalarını satmağa vermişdir. Bir ay tamam olduqdan sonra cavabdeh ona 1800 manat pul vermiş və əldə olunan 200 manat gəlir aralarında bölünmüşdür. Həmin vaxtdan sonra cavabdehə etibarı yaranmış, 2021-ci ilin iyul ayından həmin ilin dekabr ayına kimi 100000 manat dəyərində qızıl əşyalarının satışı həyata keçirilmişdir. Həmin vaxt cavabdehə verilmiş qızıl-zinət əşyaları satılmış və əldə olunan qazanc yarı bölünmüşdür. 2021-ci ilin dekabr ayında isə iddiaçı hesablayaraq 50000 manat dəyərində qızıl-zinət əşyalarını vermiş, cavabdeh isə həmin qızılların pulunu ödəməyi gecikdirmişdir. Cavabdehin bu hərəkətindən sonra aralarında mübahisə olmuş və iddiaçıya məlum olmuşdur ki, cavabdeh qızıl-zinət əşyalarını sataraq öz borclarını qaytarmışdır. Sonradan bu məsələ ilə bağlı cavabdehin atası Zaur adlı şəxslə danışıq olmuş və atası onlara məxsus torpağı satacağını və qızının borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq, bu günə kimi heç bir ödəniş edilməmişdir. Bundan sonra o, cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-də cavabdeh düzgün olmayan izahat verərək bu günə kimi 9200 manat borcunun olduğunu bildirmişdir. Cavabdehin ona 50000 manat borcunun olmasına dair səs yazıları, qızılların şəkilləri və digər sübutlar mövcuddur. Xəzər RPİ 2-ci PB tərəfindən çıxarılan qərara əsasən təhqiqat materialları istintaq aidiyyəti üzrə göndərilsə də, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri onu ciddi maddi zərərə məruz qoymuşdur. Belə ki, qohumlarına 50000 manatdan çox borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında münasibət 2021-ci ilin oktyabr ayında yaranmışdır. O, cavabdehə qohumundan aldığı qızılları satması üçün vermişdir. İlk vaxtlar cavabehə az miqdarda qızıl-zinət əşyaları vermiş, o da həmin qızıl-zinət əşyalarını satdıqdan sonra dəyərini ona ödəmişdir. Əsas böyük miqdarda qızıl-zinət əşyalarını cavabdehə 2021-ci ilin noyabr-dekabr aylarında vermişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, etiraz ərizəsini təqdim etmiş, bildirmişdir ki, iddia ərizəsində qeyd olunur ki, “iddiaçı 2021-ci ilin iyun ayının əvvəllərində Cavabdeh ilə tanış olmuş və tanışlıq yarandıqdan sonra cavabdeh qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul oldugunu bildirmiş və iddiaçıya təklif etmişdir ki, qızılları 1 ay müddətinə dəyərindən baha qiymətə satsın. Cavabdehin təklifi ilə iddiaçı razılaşmış və ilk dəfə 1600 manat dəyərində qızıl-zinət əşyalarını satmağa vermişdir. Bir ay tamam olduqdan sonra cavabdeh ona 1800 manat pul vermiş və əldə olunan 200 manat gəlir aralarında bölünmüşdür. Həmin vaxtdan sonra iddiaçının cavabdehə etibarı yaranmış, 2021-ci ilin iyul ayından həmin ilin dekabr ayına kimi 100000 manat dəyərində qızıl əşyaların satışı həyata keçirilmişdir. Həmin vaxt cavabdehə verilmiş qızıl-zinət aşyaları satılmış və əldə olunan qazanc yarı bölünmüşdür. 2021-ci ilin dekabr ayında isə iddiaçı hesablayaraq 50.000 manat dəyərində qızıl-zinət əşyalarını vermiş caavbdeh isə həmin qızılların pulunu ödəməyi gecikdirmişdir.” Həmin iddia ilə aşağıda qeyd olunanlara əsasən razı deyil: Onlar iddiaçı ilə 2021-ci ilin iyun ayinda deyil, həmin ilin oktyabr ayının əvvəllərində tanış olmuşlar. Həmin vaxt iddiaçı - İddiaçı Buzovna qəsəbəsi ərazisində yerləşən mağazada qab-qacaq satışı ilə məşğul idi. Bir neçə dəfə ondan alış-veriş etdikdən sonra onun Whatsappda olan statuslarda qızıl-zinət əşyaları satdığını görmüş və iddiaçıya qızılların satılmasında köməklik edə biləcəyini söyləmişdir. Bundan sonra həmin ilin oktyabr ayının 20-də iddiaçı satmaq üçün 1200 manat dəyərində bir ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzük verdi. Həmin qızılları azyaşlı övladı ilə eyni sinifdə oxuyan uşağın valideyninə satmışdır. Həmin qızılların pulunu 2 dəfəyə ödəməklə 1250 manata satmışdır. Həmin şəxs ilk dəfə 600, daha sonra isə 650 manat pul ödəmişdir. Pulu aldıqca iddiaçıya çatdırmışdır. 2021-ci ilin noyabr ayının ortalarından iddiaçı onların evinə gələrək ona 14200 manat dəyərində müxtəlif qızıllar verərək onları satmağı təklif etdi. İddiaçının təklifi ilə razılaşdıqdan sonra 1 ay müddət keçməsinə baxmayaraq qızıllar satılmadığı üçün həmin qızılları iddiaçıya geri qaytarmaq istəyib. Lakin iddiaçı bununla razılaşmadı, qızılları sataraq pulunu verməyini tələb etdi. Halbuki əvvəlcədən razılaşmaya əsasən qızıllar satılmadığı təqdirdə geri qaytaracaqdı. Bu səbəbdən də aralarında mübahisə baş verdi, çıxılmaz vəziyyətdə qalaraq valideynləri bilməsin deyə həmin qızılları 5000 manata sataraq pulunu iddiaçıya ödəmişdir. Yerdə qalan 9200 manat pulu isə ödəmək üçün iddiaçıdan vaxt istəmişdir. İddiaçı isə razılaşmadı. Sonradan isə həqiqətə uyğun olmayan danışıqlar etdi, vatsapla səs atdı ki, guya ki, onun 50000 manat borcu var. Bunu eşitdikdə yoldaşı ilə iddiaçının evinə getmiş və bildirmişdir ki, 9200 manat borcu qalıb, 50000 manat borc hardan əmələ gəlib. İddiaçı isə cavabında bildirdi ki, faiz hesablayıb. O, etiraz etmişdir ki, onlar faiz danışmamışlar, 14200 manatlıq qızıl almış, 5000 manat qaytarmış, 9200 manat borcu qalıb. İddiaçı hədə-qorxu gəlmişdir ki, pulu verməsə onu polisə verəcək. Həmin ilin dekabr ayının 26-da iddiaçı anası və yoldaşı ilə onların evinə gələrək atası Zaura bildirib ki, guya onun borcu var, istəməyə gəlib. Atası soruşanda isə borcun əvvəlcə 50000, sonra isə 25000 manat olduğunu deyib. Həmin vaxt orada onun yoldaşı və bacısının yoldaşı olublar. O, atasına bildirib ki, iddiaçıya cəmi 9200 manat borcu qalıb. Atası evini satıb 9200 manat pulu ödəyəcəyini öz ohdəsinə götürüb, İddiaçı və əri Məhəmməd Səfərovdan 3 ay vaxt istədi. Atası evi satışa çıxarsa da, ev satılmadığı üçün pulu ödəyə bilməmişlər. 2022-ci ilin mart ayında Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Arif Rzayev onlara gələrək bildirdi ki, İddiaçı şikayət edərək 25000 manat pul istəyir. O, İddiaçı 9200 manat borcu qalmağı barədə yazılı izahat vermişdir. Əlavə etdi ki, iş materiallarında olan diskdəki səs həqiqətən də ona məxsusdur, səs qeydində iddiaçıya 23000 borcu olduğunu bildirir. Həmin səs qeydini o, iddiaçıya göndərib. 055 367 07 41 mobil nömrə ona məxsusdur. Lakin belə bir səs göndərməyini ondan iddiaçı xahiş edib, başqa alıcıya göstərəcəkdi. Ona görə də iddia tələbinin 9200 manat hissədə qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin Məhkəmə iclasında vəkili və nümayəndəsi Nümayəndə cavabdehin izahatındakı xüsusatları qeyd edərək əlavə etmişdir ki, İddiaçı Cavabdeh ona 50000 manat borclu olmasına dair məhkəməyə heç bir sübut, dəlil təqdim edə bilməmişdir. İddia ərizəsində qeyd edilib ki, 2021-ci ilin iyul ayından həmin ilin dekabr ayına kimi 100000 manat dəyərində qızıl əşyalarının satşı həyata keçirilmişdir. Lakin Məhkəmə zamanı iddiaçı hakimin sualına cavab olaraq bildirdi ki, cavabdehə ilk dəfə oktyabr ayında qızıl verib. Verdiyi qızılların çəkilərini, adlarını deyə bilmədi. İddia ərizəsində guya onların arasında 100000 manat alver etdiklərini və xeyiri aralarında böldüklərini qeyd etsə də, məhkəmə zamanı hakimin sualına cavabdehında cavabdeh verilən qızıllara görə iddiaçıya 18-20 min manat pul verdiyini bildirdi. Sonra ifadəsində şifahi olaraq iddia etdiyi 50000 manatdan 25000 manata düşdü. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi mesajlarda və səs yazısında Cavabdeh iddiaçıya 50000 manat borclu olması təsdiq olunmur. Cavabdeh iddianı qismən etiraf edərək iddiaçıya 9200 manat borcunun olmasını etiraf edir. Odur ki, iddia tələbinin 9200 manat hissədə qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun dayısının yoldaşıdır. Mübahisəli qızılları onun lombardında qalmış qızıllardır. Həmin lombard indi də fəaliyyət göstərir.Qızılları şəxsən özü 3 dəfə Səriyyə xanıma verib. 2021-ci ilin noyabr-dekabr aylarında, Rahat marketin qarşısında, Qara Qarayev metrosunun çıxışında vermişdir. 260 qram qızılı Səriyyə xanıma vermiş, iki dəfə isə Mercedes markalı maşınla gələn şəxsə, cavabdehin tapşırığı ilə vermişdir. Səriyyə noyabr ayından sonra verdiyi qızılları qaytarmadı. Aytac onu Səriyyədən başqa heç kəslə tanış etməyib. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 ifadəsində göstərmişdir ki, Aytac onun həyat yoldaşıdır. Səriyyənin əri isə onunla işləyib. Onları 3-4 ildir tanıyır. Şəxsən o özü cavabdehin evinə qızıl aparıb. Məhkəmə iş üzrə tərəflərin izahatını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan tərəflər arasında “Whatsapp” sosial şəbəkəsində aparılmış iki fərqli vaxtda aparılmış səs yazıları dinlənilmişdir. İlkin səs yazısında cavabdeh iddiaçıya 16000,0 manat daha sonra ümumilikdə 23000,0 manat borcunun olmasını bildirir. O cümlədən tərəflərin iştirakı ilə iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan ikinci səs yazısı dinlənilərkən Cavabdeh iddiaçıya “Whatsapp” sosial şəbəkəsində göndərdiyi səs yazısında ona 23000 manat borcunun olduğunu bildirir. İş materiallarında olan təhqiqat materialının istintaq aidiyyəti üzrə göndərilməsi barədə aprel 2022 tarixli qərarın surətindən görünür ki, İddiaçı vəkili Qədirli X3 Səriyyə Elxan qızının barəsində şikayət ərizəsi ilə Xəzər RPİ-nin 2-ci PŞ-yə müraciət etmişdir. Cavabdeh izahat verərək, Aytacdan 14200 manat dəyərində müxtəlif növ qızıllar aldığını, lakin həmin məbləğin 5000 manatını qaytardığını, qalan 9200 manat isə qaytaracağını bildirmişdir. İş materiallarına “Whatsapp” sosial şəbəkəsindən yazışmalar əlavə olunmuş, həmin yazışmalarda qızılların şəkillərinin göndərilməsi və bu barədə söhbətlər əks olunmuşdur. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı qızıl-zinət əşyalarının satılması barədə vəkalət alan cavabdehə tapşırıq vermişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, cavabdehə verilmiş 50000 manat dəyərində əşyaların pulu ödənilməmiş qalmışdır. Cavabdeh isə iddiaya etiraz edərək, ondan 14200 manat dəyərində qızıl əşyalarını aldığını, lakin həmin məbləğin 5000 manatını qaytardığını, hazırda borcunun 9200 manat təşkil etdiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan əşyalar almaq və hüququna malik olduğu kimi, eyni zamanda tapşırığın icrası nəticəsində əldə olunanların hamısını iddiaçıya verməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, iddiaçıdan qızıl əşyalarını almasına dair hüquqlarından istifadə etmiş, tapşırığın icrası nəticəsində əldə olunan pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini tam yerinə yetirməmişdir. Odur ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı satmaq üçün verdiyi qızılların dəyərini tələb etməkdə haqlıdır. Lakin, iddiaçı cavabdehə 50000 manat dəyərində qızıl-zinət əşyalarını verdiyini bildirsə də, verilmiş qızılların məhz tələb olunan miqdarda olmasına dair öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim olunan “Whatsapp” yazışmalarında əks olunan söhbətlər kifayət qədər aydın olmadığından, hazırkı tələb üzrə hər hansı faktın təsdiqi üçün sübut kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçının təşəbbüsü ilə şahid qismində dəvət olunmuş şəxslər öz ifadələrində cavabdehə qızıl-zinət əşyalarının verildiyini təsdiq etsələr də, məhkəmə, iddiaçının maraq və mənafeyinə uyğun verilməklə işin digər halları ilə uyğunlaşmayan şahid ifadələrini inandırıcı saymamışdır. Odur ki, tələbin tam təmin olunması üçün əsaslar müəyyən olunmamışdır. Mülki işdən görünür ki, cavabdeh 14200 manat dəyərində qızılları iddiaçıdan aldığını, həmçinin iddiaçıya “Whatsapp” sosial şəbəkəsində göndərdiyi səs yazısında 23000 manat məbləği etiraf edir. İddiaçı iddia tələbində cavabdehə 50000,0 manat dəyərində qızıl-zinət əşyaları verilməsini bildirsədə məhz həmin dəyərdə qızıl-zinət əşyalarının verilməsi iş materialları eləcə də işin araşdırılmış faktiki halları ilə öz təsdiqini tapmır. Lakin işin mübahisəsiz halıdır ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, cavabdeh də məhkəmə iclasında verdiyi izahatında bunu təsdiq edir. İşin mübahisəli halı isə yalnız verilmiş əşyaların dəyəri ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçıdan cəmi 14200,0 manat qızıl-zinət əşyalarını aldığını ondan 5000,0 manatını qaytarmaqla hazırda iddiaçıya 9200,0 manat borcunun olmasını bildirmişdir. Məhkəmə işin mübahisəli halı ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçıya ayrı-ayrı vaxtlarda aldığı qızıl-zinət əşyalarına görə 5000,0 manat ödəniş etdiyini bildirsə də məhkəmə iclasında iddiaçı, eləcə də cavbdeh təsdiq etdilər ki, cavabdeh iyul ayından iddaçıdan az dəyərdə qızıl-zinət əşyaları götürmüş və həmin əşyaların dəyərini iddiaçıya ödəmişdir. Lakin həmin məbləğində nə qədər olmasını, yəni cavabdeh tərəfindən həmin qızıllara (əvəllər az miqdarda verilmiş qızıl-zinət əşyaları) görə hansı məbləğdə iddiaçıya ödəniş etməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərk hesab edir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi olsada, yəni iddaçı həqiqətən satması üçün cavabdehə qızıl-zinət əşyaları versədə iddiaçı cavabdehə hansı miqdarda qızıl-zinət əşyaları verməsini, cavabdeh isə hansı məbləğdə ödənişlər etməsini sübut edə bilmədi. Beləki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin məhkəmə iclasında tərəflərin iştirakı ilə iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan tərəflər arasında “Whatsapp” sosial şəbəkəsində aparılmış iki fərqli vaxtda aparılmış səs yazıları dinlənilmişdir. Ümumilikdə həmin səs yazısında cavabdeh iddiaçıya ümumilikdə 23000,0 manat məbləğində pulun iddiaçıya qaytarılmalı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh son nəticədə həmin səs yazısında aldığı qızıl-zinət əşyalarına görə iddiaçıya 23000,0 manat pul qaytarmalı olmasını bildirdiyindən və həmin səs yazısı cavabdeh tərəfindən öz istəyi ilə, özünə məxsus “Whatsapp” sosial şəbəkəsindən iddiaçıya məxsus “Whatsapp” sosial şəbəkəsinə göndərildiyindən həmin səs yazıları sübut kimi qəbul edilməlidir. Məhkəmə cavabdehin həmin səs yazılarının ona məxsus olduğunu, həqiqətən də orada iddiaçıya 23000 manat pul verməli olduğunu bildirməsini, lakin buna baxmayaraq həmin səs yazılarının iddiaçının xahişi ilə iddiaçıya göndərilməsi ilə bağlı dəlilini əsassız hesab edir. Bundan əlavə, cavabdeh, iddiaçı ilə razılaşdıqdan 1 ay sonra qızıllar satılmadığı üçün onları iddiaçıya geri qaytarmaq istəməsini, lakin iddiaçının bununla razılaşmamasını və iddiaçının ondan qızılların dəyərini istəməsi ilə bağlı dəlillərinə münasibət də məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının qızılları qəbul etməməsi, yaxud cavabdehin qızılları satmağa məcbur edilməsi ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Həmçinin, məhkəmə, “Whatsapp” səs yazısının məhkəmədə sübut kimi qəbul olunması məsələsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı mövqeyini qeyd edir. Belə ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlirki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 23000 manat məbləğində pul alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 110 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumun qaln hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” (maddə 77.1). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 23000,0 manat məbləğində pul vəsaiti və 110,0 manat dövlət rüsumu olmaqla, cəmi 23110,0 manat pul alınaraq İddiaçı verilsin. Dövlət rüsumunun 130,0 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar