Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-219/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi Hacı-zadə İlham Etibar oğlunun iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən ödənilmiş 6822.31 manat sığorta ödənişinin cavabdeh tərəfindən ödənilməli olan 1822,31 manat hissəsi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1852,31 manat pulun Cavabdeh tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hacı-zadə İlham Etibar oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Sığortalı "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanılmış 14.11.2019-cu il tarixli M0337/19_10 №-li “avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən “Hyundai Accent” markalı, 90PV618 dövlət qeydiyyat nişanlı avtomobil cəmiyyətdə sığortalanmışdır. Cavabdeh 01.11.2020-ci il tarixdə, saat 13:45 dəqiqədə “X6” markalı, 99XX213 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binə qəsəbəsində idarə edərkən sığortalanmış “Hyundai Accent” markalı, 90PV618 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Xəzər DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, 02.11.2020-ci il tarixli, TP4024383 saylı Qərarından görünür ki, 2020-ci ilin 01 noyabr tarixində saat 13:45 dəqiqədə Bakı şəhəri, Binə qəsəbəsində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Sığortalanmış “Hyunadi Accent” markalı, 90PV618 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələbinə əsasən, müqavilə üzrə iddiaçı ilə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən təsdiqlənərək 6822.31 manat məbləğində müəyyən edilmişdir. 05.04.2021-ci il tarixli MCL-177/20 saylı sığorta ödəniş aktına və 21.06.2021-ci il tarixli 21062021-9300-198 saylı ödəniş tapşırığına əsasən, 6822.31 manat sığorta ödənişi faydalanan şəxsin razılığı ilə təmir müəssisəsinin bank hesabına köçürülmüşdür. “İcbari sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinə uyğun olaraq zərərvuranın sığortaçısı "xxxx" ASC- yə 6822.31 manat sığorta ödənişinin 5000 manat hissəsinin ödənilməsi üçün məktub göndərilmiş və "xxxx" ASC tərəfindən 5000 manat ödəniş 14.09.2021-ci il tarixində iddiaçıya ödənilmişdir. Cavabdeh mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC öhdəsinə düşən 5000 manat sığorta ödənişini ödədiyi üçün, 1822,31 manat məbləği Cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Cavabdeh bu barədə 10 sentyabr 2021-ci il tarixli 21/560 saylı pretenziya məktubu da göndərilmişdir. Sığorta ödənişi almış faydalanan şəxs ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarını "xxxx" ASC-yə ötürmüşdür. Qeyd olunanlara əsasən, "xxxx" ASC tərəfindən ödənilmiş 6822.31 manat sığorta ödənişinin cavabdeh tərəfindən ödənilməli olan 1822,31 manat hissəsi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1852,31 manat pulun Cavabdeh tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, HYUNDAİ SANTAFE markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına, Hyundai Accent minik markalı **-PV-*** dövblət qeydiyyat nişanlı avtomobil X3 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında 02.11.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh 01 noyabr 2020-ci il tarixdə saat 13:45-də X7 minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 60 manat miqdarda cərimə edilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, yol nəqliyyat hadisəsi zamanı zərər görmüş “Hyundai Accent” minik markalı **-PV-*** dövblət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də, Cavabdeh idarə etdiyi «HYUNDAİ SANTAFE» markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə "xxxx" ASC-də sığortalanmışdır. “Auto Azərbaycan” servis mərkəzinin təmir aktına əsasən, “Hyundai Accent” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 6822.31 manat müəyyən edilmiş, həmin məbləğin 5000 manat hissəsi 14.09.2021-ci il tarixdə zərər vuranın sığortaçısı tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, qalan 1822.31 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli 9/8822 saylı rəyindən görünür ki, “Auto Azərbaycan” şirkətinin 04.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5367 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə sübut növü kimi qiymət verərkən məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən avtomobilə vurulmuş zərərin məbləği 5367 manat müəyyən edilməlidir. Odur ki, zərərvuranın sığortaçısı tərəfindən ödənilmiş 5000 manat çıxılmaqla, 367 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin məhkəmə iclasında müəyyən olunmuş hallarına əsasən, Cavabdeh 01 noyabr 2020-ci il tarixdə “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu hal iş materialları ilə də təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 63.1. maddəsinin tələbinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və onun təqsirli və hüquqazidd əməli nəticəsində “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, 01 noyabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 367 manat məbləğində pul vəsaiti inzibati xətanı törətmiş şəxs olan Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun 6 manat məbləği cavabdehdən alınıb, iddiaçıya verilməli, ekspertiza tədqiatının dəyərinin 20 manatı cavabdehdən, 80 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 367 (üç yüz altmış yeddi) manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumuna görə 6 (altı) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 20 (iyirmi) manat cavabdeh X2, 80 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-219/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-219/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver