Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2292/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat borcun və 475 manat olmaqla ümumilikdə 2275 (iki min iki yüz yetmiş beş) manat pulun və məhkəməyə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Şıxverdi qızı uzun illər iddiaçının mərhum anasının dayəsi kimi çalışmış, o, təxminən 2023-cü ilin noyabr ayında iddiaçıdan 3600 manat dəyərində qızıl-zinət əşyaları almış, onların pulunu bir müddət ödəmiş, lakin iddiaçının anası 2024-cü ilin avqust ayında vəfat etdikdən sonra cavabdeh qızılların qalan pulunu müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. İddiaçı bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, Bak şəhəri 9-cu Polis Bölməsi araşdırma apararaq nəticədə mülki qaydada məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir. Cavabdeh Bakı şəhəri 9-cu Polis Bölməsində vermiş olduğu izahatında 3600 manat dəyərində qızıl-zinət əşyaları aldığını təsdiq etmiş, qızılın pulundan 1800 manat borcunun qaldığını etiraf etmiş, lakin anasına baxdığına guya onun xidmət haqqının artırılması ilə bağlı vəd verilməsini, lakin vəd yerinə yetirilmədiyi üçün özünün əvəzləşdirmə etməsi səbəbilə ödəmədiyini bildirmişdir. Bütün bunlar bəhanədir, borcun etirafı barədə vatsap çıxarışları və səs yazıları vardır. Dövlət Statistika Komitəsinə 750 əyar qızılın istehlak indeksi barədə 2023-cü il noyabr ayları- 2025-ci il mart ayları üzrə artım faizinin müəyyən edilməsi ilə bağlı müraciət edilmiş, Komitənin xx.xx.2025-ci il tarixli 194 nömrəli cavab məktubunda 750 əyar qızılın istehlak qiyməti indeksi 2025-ci ilin mart ayında 2023-cü ilin noyabr ayına nisbətən 126.4 faiz təşkil etmiş bununla da borcun vaxtında ödənilməməsi səbəbilə iddiaçı 475 manat itkiyə məruz qalmışdır.
Proses iştirakçılarının izahatı:
3. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, izahatında həmçinin, cavabdehin Cavabdeh İddiaçı evində anasının dayəsi olaraq çalışdığını, iddiaçıdan 2023-cü ilin noyabr ayında 3600 manat dəyərində qızıl-zinət əşyasını aldığını, tərəflər arasnda şifahi alqı-satqı müqaviləsi bağlandığını, cavabdeh qızılların dəyərini hər ay 300 manat olmaqla bir ilə ödəməli olduğunu, lakin bir ildə cəmi 1800 manat ödədiyini, 1800 manat hissəsinin qaldığını, hazırda qalan borcu ödəməkdən imtina etdiyini, ona görə polisə müraciət etdiklərini, ancaq nəticəsi olmadığı üçün məhkəməyə müraciət etdiklərini, borcun mövcudluğunu təsdiq edən bütün sübutları, eləcə də tərəflərin “watsapp”yazışmasını və səsli mesajlarını, polisdə verdiyi izahatını təqdim etdiklərini, cavabdehin həmin yazışmalarda, səs yazılarında və izahatında hər şeyi etiraf etdiyini, 1800 manat borcun qaldığını və həmin qızılın qiymətinin 2023-cü ildən bu günədək artdığı üçün əlavə olaraq 475 manat da tələb etdiklərini bildirmişdir.
4. Məhkəmənin sonuncu baxış iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmənin sonuncu baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının anası Leyla rəhmətə gedənə qədər evdə onlara xidmət göstərmiş, həm anasına baxmışam, həm evə baxmış, 500 manat maaş verilmiş, bir neçə dəfə özü və övladları üçün iddiaçıdan qızıl əşyaları almış, aldığı qızıla görə hər ay maaşından 300 manat tutulmuş, dəfələrlə maaşının artırılmasını xahiş etmiş, maaşını artıracaqlarına söz versələr də lakin heç vaxt artırılmamış, maaşını artırmadıqları üçün hətta həftələrlə işə getməmiş, iddiaçının anası ölən günədək 500 manat maaşla işləmiş, borcunun 1800-1900 manatını ödəmiş, onun Fəridə qramı 95 manat olmaqla 7,7 qram 750 əyar üzük və pandora bilərziyə görə borcu qalmış, qalan məbləği verə bilməmiş, Leyla vəfat edəndən sonra bir dəfə Fəridgilə gedib evində ona 300 manat pul vermiş, qalsa-qalsa 500-600 manat borcu qalmış, indiyə qədər iddiaçı həmin pulu ondan istəməmiş, 8 ay sonra həmin borcu istəməyə başlamış, bundan əvvəl də iddiaçıdan qızıllar alıb pulunu vermiş, iddiaçıya heç bir borcu qalmamışdır.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2025-ci il tarixli 3-13- 472/2-R-2280 nömrəli cavab məktubundan görünür ki iddiaçıya xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq faktla əlaqəli olaraq mülki qaydada məhkəmə orqanlarına müraciət olunmalı olduğu bildirilmişdir.
7. Cavabdeh Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində vermiş olduğu xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, İddiaçı tanıdığını, həmin şəxsin anasına 2021-ci ildən etibarən baxıcılıq etdiyini və bu müddət ərzində onlardan bir neçə dəfə qızılzinət əşyası alıb borcunu tam ödədiyini, sonuncu dəfə 3600 manat dəyərində qızıl aldığını, hər ay muntəzəm olaraq 300 azn ödəniş etdiyini və qızılın 1800 manat dəyərində olan hissəsini ödədiyini, yerdə qalan 1800 manatlıq hissəsinin ödənilməməsi səbəbi kimi iddiaçının anası Leyla Məmmədovanın onun maaşını 200 manat məbləğində artırmasına söz verməsi, maaş artımı ilə bağlı razılıqdan sonra 11 ay həmin şəxsə baxıcılıq etməyə davam etdiyini və 1800 manatlıq borcun bununla da ödənilmiş olduğunu hesab etdiyini qeyd etmişdir.
8. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2025-ci il tarixli 194 nömrəli məktuba cavab məktubundan görünür ki, 750 əyarlı qızıl üzüyün istehlak qiyməti indeksinin 2025-ci ilin mart ayında 2023-cü ilin noyabr ayına nisbətən 126,4 faiz təşkil etmiş olduğu və 583 əyarlı qızıl məhsulunun müşahidəsi aprılan məhsulların siyahısına daxil olmadığı bildirilmişdir.
9. Cavabdeh tərəfindən onlara məxsus olduğu təsdiq edilmiş və məhkəmə iclasında tədqiq edilmiş WatsApp yazışmalardan və səs yazılarından görünür ki, Cavabdeh tərəfindən iddiaçıdan 3600 manat məbləğində qızıl-zinət əşyalarının alındığı, 1800 manat məbləğində borcun qaldığı (yazı qeydində isə “1750 azn 7 ay qalıb fevralda qurtarır”) bildirilmişdir.
10. 14.08.2025-ci il tarixdə keçirilmiş olan məhkəmə baxış iclasında iddiaçı və cavabdeh tərəfindən təqdim olunan CD disklərin dinlənilməsinə əsasən, hazırkı iş üzrə tərəflər arasında barəsində bəhs edilən 3600 manat məbləğində dəyərə malik qızılların alqı-satqısının həqiqətən mövcüd olması və həmin məbləğin 1800 manat məbləğində hissəsinin iddiaçıya geri qaytarılmaması müəyyən edilmişdir.
11. 26.04.2025-ci il tarixli ********** saylı və xx.xx.2025-ci il tarixli,********** saylı mədaxil qəbzlərindən görünür ki, iddiaçı ayrı-ayrılıqda 30 manat və 12.60 manat (on iki manat altmış qəpik) olmaqla, cəmi 42.60 (qırx iki manat altmış qəpik) dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):
12. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
13. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
14. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. 433.3-ci maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
16. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
18. 529.1-ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
19. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
21. 598.3-ci maddəsinə əsasən, əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
22. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
24. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
26. 601-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”)
27. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
28. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər
Məhkəmənin mövqeyi:
29. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
30. Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
31. MM-in 14.2.1-ci maddəsinə uyğun olaraq, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri alğı-satqı müqaviləsidir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM m. 567) Göründüyü kimi, bu müqaviləyə görə satıcının əsas vəzifəsi əşyanı alıcının mülkiyyətinə vermək, alıcının vəzifəsi isə əşyanı qəbul etmək və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməkdir. Müqavilənin mühüm şərti də məhz bu razılıq hesab edilir. Daşınar (qızıl-zinət) əşyaların alğı-satqı müqaviləsinin forması ilə bağlı qanunvericilikdə hər hansı imperativ göstəriş müəyyən edilməmişdir. Bu da alğı-satqı müqaviləsinin istənilən formada, o cümlədən şifahi bağlana biləcəyini göstərir (MM m. 406.1). Əşyanın qiymətinin olması müqavilənin alğı-satqı hesab edilməsi üçün mühüm şərt olsa da, qiymətin müqavilədə konkret göstərilməsi mütləq şərt deyildir. (MM m. 597.1)
32. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar (tərəflərin məhkəmə iclasında verdiyi izahatlar, cavabdehin polis bölməsində yazdığı izahat və iş materialları (§ 3, 5, 7) əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında şifahi formada “nisyə alqı-satqı müqaviləsi bağlanılmış”dır (məhkəmə tərəfindən həmin müqavilənin əhəmiyyətsizliyinə səbəb ola biləcək hal müəyyən edilməmişdir). Həmin müqavilənin şərtinə görə iddiaçı (satıcı) 3600 manat dəyərində olan qızıl-zinət əşyaları cavabdehin (alıcıın) mülkiyyətinə verməyi, cavabdeh (alıcı) isə əşyanı qəbul edib əvəzində 3600 manat məbləği (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. Həmin qızıl-zinət əşyaları iddiaçı (satıcı) tərəfindən cavabdehin (alıcının) mülkiyyətinə (bilavasitə faktiki sahibliyinə) verilməklə iddiaçı öz öhdəliyini lazımi şəkildə yerinə yetirmişdir. Cavabdeh də izahatlarında iddiaçı ilə 3600 manat dəyərində qızıl-zinət əşyalarının hissə-hissə (12 ay müddətində hər ay 300 manat) ödəmək şərti ilə ona satılması barədə razılığa gəldiklərini və həmin əşyaların iddiaçı (satıcı) tərəfindən ona verildiyini etiraf etmişdir. Belə olan halda, məhkəmə MPM-in tələbinə (§ 27-28) uyğun olaraq, cavabdehin etirafını və bu etirafın qanuna zidd olmaması və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alıb bu etirafı qəbul edir.
33. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, Cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış məbləğin (qiymətin) yarısı (1800 manat hissəsi) ödənilsə də, qalan 1800 manat hissəsi ödənilməmişdir və bununla da cavabdeh öhdəliyini pozmaqla iddiaçıya zərər vurmuşdur. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə cavabdeh tərəfindən də ona məxsusluğu təsdiq edilmiş və məhkəmə iclasında tədqiq edilmiş WatsApp yazışmaları, səs yazıları və cavabdehin 9-cu Polis Bölməsində verdiyi izahat sübut qismində təqdim edilmişdir.
34. Məhkəmə ilk növbədə tərəflərin sübutetmə yükü ilə bağlı qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, iddiaçı (satıcı) sadəcə alğı-satqı müqaviləsinin bağlandığını (mövcudluğunu) və razılaşdırılmış əşyanın alıcıya verilməsi vəzifəsini icra etdiyini sübut etməklə mükəlləfdir. Bununla belə, alıcı əşyanın qiymətinin artıq ödənildiyini irəli sürürsə, bu halda alıcının (cavabdehin) etirazın əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi yaranır. Yəni satıcı alıcının əsaslandırmadan irəli sürdüyü etirazları təkzib etmək vəzifəsi daşımır. Çünki, kreditor öhdəliyin mövcud olmasını, borclu isə olmamasını və ya tam və ya qismən icra edilmiş olmasını sübut etmək vəzifəsi daşıyır. MM-in 433.3. və 529-cu maddələrinin tələbinə görə də, öhdəliyin icrası zamanı borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir və borclu icranı kreditorun qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
35. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsinin bağlandığı və razılaşdırılmış əşyaların (3600 manat dəyərində qızıl-zinət əşyaların) alıcının (cavabdehin) mülkiyyətinə verildiyi sübut olunduğundan (§ 32), artıq alıcının (cavabdehin) razılaşdırımış qiymətin tam və ya qismən icra edilmiş olduğunu sübut etmək vəzifəsi yaranır. Lakin cavabdeh tərəfindən öhdəliyin lazımi şəkidlə icra edildiyi (yəni razılaşdırılmış məbləğin tam şəkildə ödənildiyi) şübhədənkənar, əsaslı və təkzibedilməz dəlillərlə və sübutlarla təsdiq edilə bilməmişdir. Əksinə, istər məhkəmə iclaslarında verdiyi izahatlarında, istərsə də polis bölməsində yazmış olduğu izahatında cavabdeh gah 1800 manat borcunun olduğunu, lakin iddiaçının anasına qulluq etdiyi vaxt maaşını artırmağa söz verib artırmadıqları üçün borcunu həmin pulla əvəzləşdirdiyini, gah cəmi 500-600 manat (WatsApp yazışmalarında 1750 manat) borcunun olduğunu, gah ümumiyyətlə heç bir borcunun olmadığını, bütün məbləği ödədiyini bildirməklə ziddiyətli ifadələr vermişdir. (§ 5) Göründüyü kimi, cavabdehin izahatı şübhədənkənar, əsaslı və mötəbət sübut meyarına uyğun deyildir. İddia olunan məbləğin ödənildiyini təsdiq edən başqa hər hansı mümkün və mötəbər sübut isə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
36. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, müqavilə üzrə yaranmış borcunu razılaşdırılmış qaydada iddiaçıya ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, 1800 AZN (bir min səkksiz yüz manat) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
37. İddiaçı iddia tələbinin 475 manat hissəsinə münasibətdə qeyd edir ki, cavabdehə satılmış 750 əyar qızılın istehlak qiyməti indeksi 2025-ci ilin mart ayında 2023-cü ilin noyabr ayına nisbətən 126.4 faiz təşkil etmiş, bununla da borcun vaxtında ödənilməməsi səbəbilə iddiaçı 475 manat itkiyə məruz qalmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla MM-in 600.2-ci maddəsinin tələbinə əsasən, əşyanın nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir və əşyanın qiymətinin dəyişməsi müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Normanın tələbinə uyğun olaraq, hazırki iş üzrə tərəflər arasında ayrı qayda nəzərdə tutulmadığından, satılmış qızılın qiymətinin dəyişməsi yenidən hesablaşmaya səbəb olmur və ona görə iddiaçı qızılın satış günü qüvvədə olmuş qiymətini tələb edə bilər. Bununla yanaşı, iddiaçı hazırda verilmiş əşyanın dəyərinin (qalan məbləğin) ödənilməsini tələb etdiyindən, onun MM-in 598.3, 600.5-ci maddələrinin tələbinə uyğun olaraq, gecikdirilmiş məbləğdən MM-in 449-cu maddəsinə uyğun faizlər (digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz) ödənilməsini tələb edə bilərdi. Ancaq, hazırda iddiaçı tərəfindən belə bir tələb irəli sürülməmiş və ona görə məhkəmə iddiaya yalnız tələb həddində baxaraq qərar qəbul edir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi 475 manat hissəsində təmin edilməməlidir.
38. Məhkəmə iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı zərər (MM-in 21.2-ci maddəsinin tələbinə uyğun olaraq, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərc) qismində onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hər nə qədər iddiaçı tərəfindən iddianın qiymətinə (2275 manat) uyğun olaraq 42.60 manat dövlət rüsumu ödənilsə də, iddiaçı borcludan 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddia tələbində yalnız 30 manat rüsumun cavabdehdən tutulması xahiş edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1800 AZN (bir min səkkiz yüz manat) və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh 1800 AZN (bir min səkkiz yüz manat) pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutulsun və İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov