Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-244/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş 14141,31 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, 133,63 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 14675,63 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017 il tarixində A-19147 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent X1 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 1702AZ**********93 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 188,10 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat olmaqla ümumilikdə 6675.3 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 7466.01 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 14141.31 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini qismən etiraf edərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, 2020-ci ilin fevral ayında və həmin ilin mart ayının 16-a kimi təbii qazdan qeyri qanuni xətt vasitəsilə istifadə etmişdir. 2016-cı ildə də təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmiş, həmin zaman aktda da imza atmış və həmin akt əsasında ödənişlər də aparmışdır. 2021, 2022 və 2023-cü illərdə qazdan kənar xətt vasitəsilə istifadə etməmişdir. Evində qaz cihazi yalnız dördgözlü qaz sobasıdır, başqa qaz cihazı yoxdur. Evi kondisioner vasitəsilə qızdırmış, yeməyi isə qaz balonunda hazırlamışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, Ak-2/19147 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. - cavabdehin adına olan abonent saldosundan ( abonent kodu **********00000) görünür ki, cavabdehin abonent hesabına 2016-cı ilin oktyabr ayında 188,10 manat, 2020ci ilin mart ayında 885,60 manat, oktyabr ayında 583,20 manat, 2021-ci ilin sentyabr ayında 583,20 manat, oktyabr ayında 504 manat, noyabr ayında 648 manat, dekabr ayında 648 manat, 2022-ci ilin yanvar ayında 648 manat, fevral ayında 648 manat, mart ayında 669,60 manat, aprel ayında 669,60 manat, may-oktyabr aylarında hər ay 362,88 manat, noyabr ayında 734,40 manat, dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvarmart aylarında hər ay 734,40 manat olmaqla aktlar əsasında cəmi 12524,58 manat məbləğində dəymiş zərər hesablanmışdır. Həmçinin iş materiallarında olan “Gasrep” çıxarışından görünür ki, 2011-ci ildən 2022-ci ilin mart ayınadək cavabdeh tərəfindən cəmi 965 manat məbləğində ödənişlər aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. “«Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanunun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında haqqında” Azərbaycan Respublikasının Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və həmin maddəyə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir (qeyd olunan maddə xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. Həmin Qaydaların 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin tərtib edilmiş aktı bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstifadə edilmiş qazın dəyəri istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi və istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı hesablanmalıdır. Məhkəmə qeyd edir ki, 2016-cı ilin oktyabr ayında və 2020-ci ilin mart ayında tərtib edilmiş aktlardan başqa (belə ki, həmin aktlar cavabdeh tərəfindən mübahisələndirilmir) digər 2020-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayı da daxil olmaqla tərtib edilmiş aktlar məhkəməyə təqdim edilməməklə həmin aktların tərtib edilməsinə və dəymiş zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu barədə hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Baxmayaraq ki, iddianın əsaslığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bundan başqa məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini həmçinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Bu hallarla bağlı da məhkəməyə hər hansı bir sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək (mart ayı da daxil olmaqla) aşkar olunmuş halların, yəni qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutlarda cavabdeh Birlik tərəfindən məhkəməyə təqdim olunmadığından həmin müddətdə tərtib edilmiş aktlar əsasında cavabdehin abonent hesabına dəymiş zərərlə bağlı pul məbləğlərinin hesablanaraq ondan tələb edilməsi də əsassızdır. Qeyd olunanlardan əlavə olaraq iddia tələbinə ümumilikdə qiymət verilərkən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh tərəfindən mübahisələndirilməyən hallar nəzərə alınmalıdır. Belə ki, cavabdeh 2016-cı ildə və 2020-ci ilin fevral və mart aylarında qazdan sağyacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməsini etiraf etmişdir. İlk öncə 2016-cı ildə tərtib edilmiş akt əsasında cavabdehin abonent hesabına hesablanmış 188,10 manat məbləğində pulun tutulması hissəsinə məhkəmə qiymət verərək hesab edir ki, həmin borc artıq cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, cavabdehin adına olan “Gasrep” çıxarışından görünür ki, cavabdeh tərəfindən 2011-ci ilin noyabr ayından 2022-ci ilin mart ayı da daxil olmaqla ümumilikdə 965 manat ödəniş aparılmış və həmin ödənişlərdən borca görə tutulmalar olmuşdur. Həmin ödəniş və tutulmalar müqayisə olunduqda müəyyən olunur ki, 2020-ci ilin oktyabr ayında cavabdehin qazdan istifadəyə görə borcun məbləği 360,59 manat təşkil edir. Bu hal onun təsdiq edir ki, 2016-cı ildə tərtib edilmiş akt əsasında cavabdehin abonent hesabına hesablanmış 188,10 manat məbləğində pul cavabdeh tərəfindən hiss-hissə ödənilmiş, qalıq qalmış 360,59 manat borc isə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış borcdan ibarətdir. Həmçinin cavabdehin etirafı nəzər alındıqda (2020-ci ilin fevral ayında və mart ayının 16-a kimi təbii qazdan qeyri qanuni xətt vasitəsilə istifadə etməsi, evdə olan cihaz isə dördgöz (PQ-4) olması) müəyyən olunur ki, cavabdeh tərəfindən 45 gün müddətində qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. Məhkəmə hesab edir ki, həmin dövr üçün cavabdehin qaz istehlakına görə ödəməli olduğu vəsait kimi 77,80 manat qəbul oluna bilər (PQ-4 qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 12 saat x 45 gün=648 m3 x 0.12 manat). Odur ki, məhkəmə hesab edir ki, 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında cavabdehdən 77,80 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa müəyyən olunur ki, cavabdehin qazdan istifadəyə görə ödənilməmiş 344,12 manat məbləğində borcu vardır. Belə ki, yuxarıda qeyd olunduğu kimi “Gasrep” çıxarışına əsasən 2020-ci ilin oktyabr ayında cavabdehin qazdan istifadəyə görə borcun məbləği 360,59 manat təşkil edir. Cavabdeh tərəfindən 2022-ci ilin mart ayına kimi (mart ayı da daxil olmaqla) aparılmış ödənişlərdən, bu müddətdə sərf olunmuş qazın dəyəri ödənilməklə cəmi 16,47 manat məbləğində tutulmalar aparılmışdır ki, yerdə qalan borcun məbləği 344,12 manat təşkil edir. Buna görə də, məhkəmə hesab edir ki, həmin məbləğdə debitor borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 344,12 manat məbləğində debitor borc və təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadəyə görə 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında 77,80 manat məbləğində dəymiş zərər tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, təmin edilmiş pul məbləği və həmin məbləğə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumunun ödənilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq cavabdehdən dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulmalı, 103,63 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 344,12 manat məbləğində debitor borc və təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadəyə görə 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında 77,80 manat məbləğində dəymiş zərər, ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 451,92 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 103,63 manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi (elektron kabinet vasitəsilə) ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-244/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-244/2024
29.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver