Məhkəmə qərarları › İş №e-2(003)-264/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-264/2024

04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-264/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına qarşı əşyaların mənzildən çıxarılması tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evindən Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına məxsus əşyaların boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozunda hal-hazırda mülkiyyətində və istifadəsində olan fərdi yaşayış evini qardaşı X4 03 sentyabr 2016-cı il tarixdə ailə qurduqdan sonra yaşamağa evləri olmadığından həmin evdə yerləşmələrinə icazə vermişdir. X1 Saatlı Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(055)-18/2023 saylı qətnaməsi əsasında Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızı ilə nikahları pozulmuş, nikahları pozulmazdan təqribən 02 il əvvəl Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızı faktiki olaraq ayrılaraq qeydiyyatda olduğu ünvanda Saatlı rayonu Nabatkənddə yaşamışlar. Dəfələrlə Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına əşyalarını evindən götürməsini bildirməsinə baxmayaraq götürməkdən imtina etmişdir. Əşyaların həmin evdə qalması ona çətinlik yaratdığından ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük savxozunda yerləşən fərdi yaşayış evini boşaltması zəruri və qanuna müvafiqdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək issianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2000-ci il tarixdə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evinin çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozu ünvanında yerləşən torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(55)-34/2024 saylı qətnaməsi ilə Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızı və X5 arasında olan nikahın pozulması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qorunmasının təmin edilməsi ilə yanaşı cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızının Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozu ünvanında yerləşən torpaq sahəsinə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Hazırki iş üzrə tərəflər arasında yuxarıda sadalanan mütləq şərtlərin yerinə yetirilməsi müəyyən olunmadı. Digər tərəfdən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilin yaşayış sahəsindən istifadə hüququ olmadığından, onlar özlərinə məxsus əşyalarla birlikdə evdən çıxarılması barədə iddia tələbi əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər və onlara məxsus olan əşyalarının iddiaçının mülkiyyətində olan mənzilindən çıxarılmaması, iddiaçının mənzildən mülkiyyətçi kimi istifadə etmək hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərənjam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka dair öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktları normalarına və tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə hesab hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). İlk növbədə məhkəmə qeyd edir ki, iddia tələbi üzrə olan əmlak dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən daşınmaz əmlakla bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından, analoji mübahisələrlə bağlı Avropa Məhkəməsinin presedentlərində nümayiş etdiyi mövqe nəzərə alınmaqla, mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdi ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir. “X6rşı” məhkəmə işində (həmin şikayətin verilməsinə əsas - 1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı özbaşına tikililər sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub) Avropa Məhkəməsi şikayətçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirərək, qeyd etmişdir ki, “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb". X10 Məhkəməsi bir daha xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır (bax: Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40). X10 Məhkəməsi ərizəçinin qurduğu evin şəhərsalma qaydalarının pozduğunu müəyyən etməklə bərabər belə hesab etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı (bax: b. 28, 80, 86), bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümid etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, qeyd edildiyi kimi, adekvat tədbirlərin görülməməsi (bax: b. 87, 146) Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi. Məhkəmə hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq isə 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Qeyd edilməlidir ki, hazırki mübahisə predmeti olan evin Dövlət Reyestri Xidmətindən Çıxarışı olmasa da gözlənti hüququ vardır. Hazır ki, iş üzrə müəyyən olunmuşdur ki, iddiaçı özünə aid və məxsus olan evi müvəqqəti olaraq qardaşına yaşaması üçün vermişdir. Ona görə də qardaşı ailəsi ilə birlikdə həmin evdə müvəqqəti olaraq yaşayırdı. Lakin, bir müddət sonra qardaşı arvadı ilə boşanmış və qardaşı arvadı evi tərk edib getmişdir. Bundan əlavə hazırda iddiaçı özü evdə yaşamaq istədiyi üçün öz evindən qardaşının keçmiş yoldaşına məxsus olan əşyaların çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən işin hallarına qiymət verərək və qanunvericiliyə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evindən cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına aid əşyalar evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar