Məhkəmə qərarları › İş №e-2(003)-2856/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2856/2023

22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2856/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzində 30000 (otuz min) manat, mənəvi zərərə görə isə 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 19:10 radələrində Cavabdeh idarə etdiyi “Misubishi Pajero” minik maraklı ** CH *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Buzovna-Zaqulba yolunun körpüsünün üzərindəki hərəkət hissəsi ilə Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada arvadı xx.xx.1990-cı il təvəllüdlü X3 ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və Nuranə Nağıyevanın ölümünə səbəb olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(003)-3/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1216/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(003)-3/2023 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X1 dəfn müddətində, hüzür ərəfələrində eləcə də sonrakı mərhələlərdə xərclər çəkilmişdir. Belə ki, morqda meyidin hissələrinin bitişdirilməsi (tikilməsi) üçün ödənilmiş-500 AZN, meyitin məscidə yaşadığı ünvana daha sonra qəbiristanlığa daşınması üçün cənazə maşının xərci 450 AZN, məsciddə yuyulması və digər xərci: 450AZN, qəbiristanlıqda qəbr yerinin hazırlanması və hasarlanması xərci 600 AZN, 3 və 7 mərasimində çadır kirayəsi (ümumi 450 nəfərlik) 750 AZN, 3 və 7 mərasimində 9 nəfərlik işçi personalı xərci (ofisiant,cayçı.qabyuyan) 225 AZN, 3 və 7 mərasimində verilən ehsanda 1 nəfər üçün ödənilmiş 15 azn (450 nəfərlik yemək içmək xərci 450*15) xərc: 6750 AZN, cümə axşamları məclislərinin keçirilməsi üçün ümumi 4 dəfə xərc 1200 AZN, qəbr daşının sifarişi və quraşdırılması xərci: 8000 AZN, 40 mərasimində çadır kirayəsi (450 nəfərlik): 750 AZN, 40 mərasimində 9 nəfərlik işçi personalı xərci (ofisiant,cayçı, qabyuyan) 225 AZN, 40 mərasimində verilən ehsanda 1 nəfər üçün ödənilmiş 15 azn (450 nəfərlik yemək içmək xərci 450*15) xərc 6750 AZN, məclisləri idarə edən kişi və qadın mollasına ödənilmiş (400+200) 600 AZN, İl mərasimində ehsan, molla və çadır xərcləri 200 nəfərlik 3000 AZN təşkil edir. Nuranə Nağıyevanın ölümünə iki azyaşlı övladları 2015-ci il təvəllüdlü X8 və 2017-ci il təvəllüdlü X6 dərin mənəvi sarsıntı keçirməklərinə səbəb olmuşdur. Bütün bu mənəvi ziyanın əvəzini isə 20.000 (iyirmi min) manat qiymətləndirir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq cavabdehdən iddia ərizəsinə dair hər hansı münasibət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizə ilə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iclasın onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 2 saylı Bakı “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 951124 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 781 sayla qeyd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1216/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5 tərəfindən verilmiş apellyasiya protesti qismən və zərərçəkmiş şəxs X2 hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilməklə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(003)-3/2023 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilərək, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qərara alınmışdır. Qərar dərhal qüvvəyə minmişdir. - "xxxx" MMC Hüquq və Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli LF seriyalı 31 saylı hesabatından görünür ki, X2 qəbirüstü abidəsi (baş daşı) üçün orta statistik xərc 3300 manat, məzarlıqda abadlaşdırma işləri 1000 manat, 1 nəfər üçün yas mərasiminə çəkilən xərc 12-15 manat arası və çadırın kirayəsi ölçüsündən asılı olaraq ***-**** manat arası qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin ehtiyatsızlıq nəticəsində iddiaçının arvadını avtomobil ilə vurması və nəticədə sonuncunun ölməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübut edilmişdir. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh ölümə səbəb olan həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxs Nuranə Nağıyeva aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində arvadının ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, "xxxx" MMC Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş hesabat iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, iddiaçıya dəymiş maddi zərər məhz hesabatda göstərilən məbləğdə- yalnız baş daşının qoyulması üçün çəkilən xərc nəzərə alınmaqla ola bilər. Belə ki, iş materiallarında olan qəbir abidəsinin fotoşəkillərindən görünür ki, qiymətləndirici tərəfindən yerində baxış keçirilmiş və orta qiymət müəyyən edilmişdir. Lakin, iddiaçının iddia tələbində qeyd etdiyi yas mərasimlərinin təşkili, çadır kirayəsi və sair xərclər hər hansı sübutla təsdiq edilmədiyindən həmin xərclərin cavabdehdən tutulması əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının arvadının faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, iddiaçının yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 20000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, iddiaçıya dəyən maddi zərərin ödənilməsini, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdeh tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, törədilməsini nəzərə almalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin ehtiyatsızlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçıya 3300 (üç min üç yüz) manat maddi zərərin dəyməsi, həmçinin iddiaçının arvadının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində ona dəymiş maddi zərəri, habelə arvadının həlak olması nəticəsində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh 3300 (üç min üç yüz) manat maddi, 10000 (on min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. İş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 240 manat dövlət rüsumundan ibarətdir. İddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan 120 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat maddi, 10000 (on min) manat məbləğində dəymiş mənəvi ziyan və ödənilmiş dövlət rüsumuna görə 120 (bir yüz iyirmi manat) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar