Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-287/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən 12850 manat pulun, 129 manat dövlət rüsumunun və vəkilə ödədiyi 320 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə tanışlığı olmuşdur. Belə ki, onu yaxın münasibəti olan X2 vasitəsi ilə tanımış və ona görə güvənərək onun vasitəsi ilə 2023-cü ilin sonlarında (22 noyabr) Səltənət ondan 12850 manat pula ehtiyacı olduğunu bildirmişdir. Elə bu niyyət ilə ona istədiyi pulu Vuqara güvənərək vermişdir. Həmin vaxt ona öz əlyazması ilə 12850 manatı almağına və həmin pulu 30 aya, ayda 300 manat olmaqla qaytaracağına dair qəbz yazaraq vermişdir. Belə ki, öz əlyazması ilə yazdığı qəbzə görə ona 6 ay ərzində 300 (cəmi 1800) manat, 3 ay ərzində 500 (cəmi 1500) manat, 20 ay ərzində 450 (cəmi 9000) manat, qalan 450 manatı isə son ayda ödəməli idi. Lakin Səltənət söz verdiyi vədə əməl etməyərək hazırki günə qədər keçən 10 ay müddətində 1 manat belə olsun borcunu qaytarmamışdı. O, dəfələrlə ondan pulunu istədikdə hərdən bir bəhanə ilə imtina etməyə başlamışdır. Onun ailə üzvlərinə və ortaq tanışların, həmçinin Vüqara bu barədə müraciət etdikdə onun xeyli maddi və mənəvi sıxıntılarının olduğunu bildirərək ona biraz da möhlət verməyini istəmişlər. Vuqar isə pulu alaraq ona qaytaracağına söz versə də, o da öz vədinə əməl etməmişdir. Onun pulunu qaytarmaq istəmədiyindən polisə müraciət etdikdə isə, polis ona borc işinə baxmadığını, məhkəməyə verməli olduğunu bildirdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, məhkəməyə təqdim edilmiş əlyazmalar cavabdeh tərəfindən imza edilmiş, bu hal iş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq olunmuşdur. Ona görə də hesab edir ki, iddia tam sübut olunmuşdur. İzahatında həmçinin bildirdi ki, iddiaçı, Cavabdeh1 tanımamışdı və Cavabdeh2 vasitəsilə tanışlığı əsasında pulu borca vermişdir. Pul, Cavabdeh1 özünə verilmişdir. Cavabdeh2 isə şifahi formada zamin kimi öhdəlik götürmüşdür. İddiaçı, pulu Səltənətə birbaşa verilmiş və Səltənət buna görə iddiaçıya əlyazma vermişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədi və rədd edilməsini xahiş etdi. İzahatında bildirdi ki, iddiaçı ilə cavabdeh Səltənət Təməzli arasında tanışlıq olmamış, hər hansı bir razılaşma olmamışdır və iddiaçı tərəfindən ona pul verilməmişdir. Ola bilsin ki, əlyazma Səltənət tərəfindən yazıldığı ekspert rəyi ilə təsdiq edilsin. Lakin həmin qəbz Səltənət tərəfindən Cavabdeh2 verilmişdir. Belə ki, Səltənət ilə Vuqar arasında borc münasibətləri var. Həmçinin pul faizlə verilmişdir. Səltənət pulu Vüqardan almışdır. Bununla bağlı Səltənət öz “Leobank” bank kartı hesabından Vuqara pul ödənilmişdir. Həmçinin bildirmişdir ki, Cavabdeh1 ali təhsilli, savadlı şəxsdir. Səltənət xanım, ərindən xəbərsiz iş gördüyündən Vuqarın hədə-qorxusu nəticəsində sənədləri yazmağa məcbur olmuşdur. Səltənət tərəfindən hal-hazıradək Vuqar tərəfindən edilən hədə-qorxuya görə polis orqanlarına müraciət etməmişdir. Ona müraciət etdikdən sonra bu barədə müraciət olunmuşdur. Səltənətin Vuqara 17000 manat borcu vardır. Hazırda isə faizlə birlikdə 50000 manat pul tələb edirlər. Səltənətin iddiaçıya borcu yoxdur. Hesab edir ki, iddiaçı, hazırda əsl olmayan tərəfdir. İş üzrə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışına hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini etiraf etməyək bildirmişdir ki, Səltənət pulu iddiaçıdan almış və əlyazmalar Səltənət tərəfindən yazılmışdır. Əlyazmalar Səltənət tərəfindən onun yanında yazılmışdır və Səltənət imzalanmışdır. O, iddiaçıdan xahiş etmişdir ki, Səltənətə borca pul versin və iddiaçıya bildirmişdir ki, o, Səltənəti tanıyır və pulu qaytaracaqdır. Səltənət, pulu alandan sonra qaytarmamışdır. Buna görə də onun da iddiaçı ilə arasında olan münasibətlər pozulmuşdur. Pul faizə verilməmişdir. Özü iddiaçıdan pul almamış və iddiaçı qarşısında öhdəlik daşımır. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -əlyazmadan görünür ki, bu əlyazmada qeyd edilmişdir ki, “Mən Cavabdeh1 (xxxxxxx nömrəli fin kod) İddiaçı (xxxxxxx fin kod) 12850 on iki min səkkiz yüz əlli manat pul götürmüşəm (xx.xx.2023 il tarixində) aşağıdan cədvəl əsasında pulu 30 ay müddətində ödəyəcəyəm”. Həmçinin bu əlyazma Cavabdeh1 adından imzalanmışdır. (iş səhifəsi 57) - əlyazmadan görünür ki, bu əlyazmada qeyd edilmişdir ki, “Mən Cavabdeh1 xx.xx.2023 tarixində İddiaçı 12.850 on iki min səkkiz yüz əlli manat pul almışam. 30 (otuz) ay müddətində bu pulu minimum 300 üç yüz olmağla qaytaracam (hər ay)”. Həmçinin bu əlyazma imzalanmış və xxxxxxx yazılmışdır. (iş səhifəsi 58) -iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4/47 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh1 adından olan mülki işin 57-ci vərəqində 12850 manat pula dair borc qəbzindəki əlyazmalar və “Cavabdeh1” yazılarının qarşısında olan imza; X1 adından olan mülki işin 58-ci vərəqində 12.850 manat pula dair borc qəbzində olan əlyazmalar və qəbzin orta hissəsində “imza” yazısının qarşısındakı imza – Cavabdeh1 tərəfindən icra edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. -hüquqi yardımın göstərilməsi haqqında 472 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, müraciət edən İddiaçı ilə Bakı şəhəri Arbitrium vəkil bürosunun vəkil Nümayəndə arasında birinci instansiya məhkəməsində hüquqların müdafiəsi tapşırığı ilə müqavilə bağlanmışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla ümumi olaraq 280 manat və əlavə 20 manat müəyyən olunmuşdur. -xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, iddiaçı tərəfindən Arbitrium vəkil bürosunun hesabına cəmi 300 manat pul köçürülmüşdür. -********** və ********** nömrəli qəbzlərin surətlərindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün cəmi 129 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsaəsn əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 742.1-cu maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. -1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh1 2023cü ilin noyabr ayında qaytarmaq şərtilə 12850 manat məbləğində pul verilmişdir. Bu hal iş materiallarında olan əlyazmalarla təsdiq olunur. Belə ki, həmin əlyazmaların Cavabdeh1 tərəfindən icra edilməsi iş üzrə aparılmış ekspertiza tədqiqatı ilə təsdiq olunmuş və bu halın əksinə dəlalət edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etirazını iddiaçıdan Cavabdeh1 tərəfindən borca pul götürülməməsi, iddiaçı tərəfindən borca pulu digər Cavabdeh2 verilməsi və Cavabdeh2 hədə-qorxusu ilə Cavabdeh1 tanımadığı şəxs olan iddiaçıya belə əlyazmanın yazmasına məcbur olması ilə əsaslandırsa da, bu əsaslandırdığı hallara dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh1 12850 manat məbləğində pulun verilməsi və qaytarılması şərtləri barədə hər iki tərəfin iradə ifadəsini əks etdirən qanunvericilikdə nəzərdə tutulmuş formada borcun verilməsinə dair “borc müqaviləsi” imzalanmamışdır. İş üzrə müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh1 12850 manat məbləğində pulun verildiyi müəyyən olduğundan, lakin bu münasibət qanunvericilikdə nəzərdə tutulmuş formada sənədləşdirilmədiyindən Cavabdeh1 iddiaçı qarşısında borc münasibətlərindən irəli gələn öhdəliklərin daşıyıcısı kimi qiymətləndirilməsi mümkün deyil. Lakin o, iddiaçıya məxsus əmlakı (12850 manat pul məbləğini) əldə etməklə bu əmlakı heç bir hüquqi əsas olmadan qaytarmadığından məhkəmə hesab edir ki, Cavabdeh1 əsassız varlnamış şəxs hesab edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, o, əsassız əldə etdiyi əmlakı məhrum olana, yəni iddiaçıya geri qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia, Cavabdeh1 qarşı hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə, Cavabdeh2 münasibətdə isə qeyd edir ki, iddia tələbi ona münsaibətdə təmin edilməməlidir. Belə ki, iddia tələbinin Cavabdeh2 qarşı irəli sürülməsinin əsasını Cavabdeh1 tərəfindən iddiaçıdan alınmış pul məbləğinin qaytarılması barədə öz üzərinə öhdəlik götürməsinin təşkil etməsini nəzərə alaraq məhkəmə bildirir ki, bu barədə sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırılması zamanı da bu əsasın mövcud olması müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh1ndən 12850 manat pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin Cavabdeh1 münasibət təmin olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 129 manat və hüquqi yaradımla bağlı vəkilə ödədiyi 300 manat (iddiada 320 manat tələb olunmasına baxmayaraq iş üzrə bu halın 300 manat təşkil etməsinin müəyyən edilməsinə əsasən) məbləğində pul Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Eyni zamanda iş üzrə aparılmış eksertiza tədqiqatının dəyərini təşkil edən 124 manat məbləğində pul Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 12850 manat məbləğində pul, dövlət rüsumuna görə ödənilmiş 129 manat, hüquqi yaradımla bağlı ödədiyi 300 manat, cəmi 13279 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 12850 manat məbləğində pul, dövlət rüsumuna görə ödənilmiş 129 manat, hüquqi yaradımla bağlı ödədiyi 300 manat, cəmi 13279 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-287/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-287/2025
17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver