Məhkəmə qərarları › İş №e-2(003)-2934/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2934/2025

27.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2934/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7000 (yeddi min) manat məbləğində pulun və ödədiyi 90 (doxsan) manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının dayısına məxsus Ağstafa rayonu, Kol xəlfəli kəndində yerləşən 12 sot olduğu bildirilən torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı Cavabdeh2 (iddiaçının dayısının həyat yoldaşı), Cavabdeh1 və baldızı Hüseynova Sevinc bu barədə məlumatı İddiaçı bildirmiş və tərəflər həmin torpaq sahəsinin 7000 (yeddi min) manat qarşılığında satılmasına razılaşmışlar. Daha sonra razılaşmaya uyğun olaraq İddiaçı Cavabdeh1 7000 manat pulu, cavabdeh isə torpağa aid sənədləri ona vermiş, iddiaçı sənədləri aldıqdan bir neçə gün sonra sənədlərə diqqət yetirdikdə sənəddə torpağın 12 sot deyil, 6 sot qeyd edilmiş olduğunu öyrənmişdir. Buna görə də Cavabdeh1 zəng edərək torpağı almayacağını və bu səbəblə də pulunun geri qaytarılmasını istəmiş, cavabdeh isə pulu atasının müalicəsinə xərclədiyi üçün pulu yalnız torpağı satdıqdan sonra qaytara biləcəyini bildirmişdir. İddiaçı tərəfindən cavabdehə pulun hara xərclənməsinin ona aidəyyəti olmadığı söylənildikdə, cavabdeh notariat ofisində işlədiyini, hara istəyirsə şikayət edə biləcəyini bildirmişdir. Cavabdehin bu sözlərindən sonra onun iddiaçıya təqdim etmiş olduğu torpaqlara aid sənəddə əlyazmasına diqqət etdikdə, nə torpağının sotunun, nə də pulu almağının tarixini yazmadığı aşkarlanmış, bu da onun iddiaçını aldatmaq niyyıtinin əvvəlcədən mövcud olduğunun göstəricisidir. Cavabdehlər İddiaçı adına olan etibarnaməni ləğv edərək torpağı satmış, lakin yenə də pulu qaytarmamışlar. Bununla əlaqədar iddiaçı tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmiş, Cavabdeh1 pulu aldığını etiraf etmiş, polis idarəsindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, bu iş mülki xarakterli olduğundan məhkəməyə müraciət olunmalıdır.

3. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı etiraz təqdim edərək, eyni tərəf, eyni predmet və eyni əsasa dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-601/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (qanuni qüvvəyə minmiş) ona qarşı olan iddia tələbinin rədd edildiyini bildirərək, hazırkı iddia tələbinə ona aid olan hissədə xitam verilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2934/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir.

Proses iştirakçılarının izahatı:

5. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında tərəflərin dayıoğlu-bibiqızı olduğunu, iddiaçı ilə cavabdehin ortaq nənə-babalarına məxsus həyətin Cavabdeh2 olduğunu, lakin onların şəhərdə qalması səbəbilə həmin yerin sahibsiz olduğunu, buna görə iddiaçının cavabdehə həmin yeri ona satmağı təklif etdiyini, tərəflərin əvvəlcə bu barədə razılığa gəldiyini, iddiaçı tərəfindən cavabdehə qızı Könül vasitəsilə 7000 manat pul verildiyini, lakin iddiaçının sənədləşməyə gedən zaman sənədlərdə ona vəd edilən torpaqdan 2 dəfə az sahə olduğunu, bu zaman cavabdehin ona torpağın qalan hissəsinin başqasının adına olduğunu, həmin torpaq sahəsini ondan almalı olduğunu, bundan sonra iddiaçının həmin pulu verərək, torpağı etibarnamə əsasında aldığını, lakin hazırda həmin etibarnamənin ləğv olunduğunu, belə olduğu təqdirdə iddiaçının həmin torpaq sahəsi üzərində hər hansı hüququnun qalmadığını, bu səbəblə iddiaçının verdiyi 7000 manat məbləği geri tələb etdiyini, lakin cavabdehin həmin vəsaitin bugünədək qaytarmadığını bildirmişdir. Əlavə olaraq izahatda qeyd olunmuşdur ki, iddiaçı daha əvvəl Cavabdeh1 qarşı eyni tələblə məhkəməyə müraciət etmiş, həmin iş üzrə həm Cavabdeh1, həm də Cavabdeh2 tərəfindən 7000 manat pulun onlara verilməsinin etiraf edilmiş, həmin tələb birinci instansiya məhkəməsi tərəfindən təmin olunsa da, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 qarşı “pul” tələbinə dair iddianın rədd edilməsini qərara alınmışdır.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********34-10301 nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 0.29 ha torpaq sahəsi Cavabdeh2, X4 və X3 paylı mülkiyyətindədir.

8. AR-İİİ seriyalı 304769 saylı etibarnamədən görünür ki, Cavabdeh2 və X4 tərəfindən etibarnamə üzrə qeyd olunan səlahiyyətlər 1 il müddətinə İddiaçı verilmişdir.

9. xx.xx.2024-cü il tarixli, 3/2-N-2791 nömrəli Nizami RPİ 25-ci PŞ-nin cavab məktubundan görünür ki, X1 müraciəti mülki xarakterli olduğundan, aidiyyəti məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunmuşdur.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin İddiaçı Cavabdeh1 (X2, Cavabdeh2 və X4 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair müki iş üzrə e-2(003)-3028/2025 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 7000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 90 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-601/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3028/2025 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh1 (X2, Cavabdeh2 və X4 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dari iddiası rədd edilmişdir.

12. Xəzər Rayon Məhkəməsinin icraatında olmuş e-2(003)-3028/2025 saylı mülki işin iş materillarına əlavə edilmiş Cavabdeh2 tərəfindən yazılmış ərizədən görünür ki, Ağstafa rayonu, Kolxəlfəli kəndində yerləşən atalarından miras qalan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin, həmçinin pay torpağının onlara məxsus olan hissəsini bibisi oğlu İddiaçı 7000 manata satdıqları və pulu tam şəkildə aldıqları qeyd edilmişdir. Ərizənin Cavabdeh2 və Cavabdeh1 tərəfindən imzalandığı görünür.

13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində (səh 3, abz. 2) məhkəmə iclasında şahid Cavabdeh2 ifadəsində bildirdi ki, cavabdeh onun qızı, iddiaçı isə bibisi oğludur. Torpağın mülkiyyətçisi odur. Sənədlər onun və bacısının adınadır. Lətif torpaq sahəsini almaq istəyirdi. O, Lətifə satmaq istəmirdi. Daha sonra əri xəstələnmişdir. Müalicəsinə pul lazım olmuşdur. O da məcbur qalaraq torpaq sahəsini Lətifə satmışdır. Qızı Könül Bakıya gedərək 7000 manat pulu götürmüşdür. Daha sonra isə digər şəriklə yola getmədikləri üçün pulu qaytarmalarını tələb etmişlər

14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-601/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin 19-cu bəndində qeyd olunur ki, məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 bildirmişdir ki, onlar qarşı tərəfə evi satmaq istəmirdilər, lakin qarşı tərəf bütün qohumlara dedi ki, ona satsınlar. Daha sonra onlar razılaşdılar. Rayona getdilər, bacısı ilə notariusun qabağına getdilər, Lətif müəllimlə görüşdülər. Notariusla danışdılar, onlar etibarnamə verdilər. Onların şəriki vardır. Lətif müəllim onlara dedi ki, öz payınızı verin, o, həmin şəxsdən qalan hissəni alacaq. Daha sonra Lətif müəllimlə onlar danışdı, lakin razılıq əldə olunmamışdır. Lətif müəllimlə pulun Bakıda olduğunu dedi, o da sənədləri rayonda vermədi, sadəcə etibarnamə verdi. O, qızının nömrəsini orada Lətif müəllimə verdi. Bakıda Lətif müəllimin qızı onun qızına zəng vuraraq pulun hazır olduğunu dedi, evdə pulu almağı ilə bağlı yazdı və imza çəkdi. Qızı getdi və pulu aldı gətirdi. Burada Könülə aid heç nə yoxdur. O, qarşı tərəfə bildirmişdir ki, ona vaxt versinlər, pulu qaytaracıq.

15. 01.07.2025-ci il tarixli ********** saylı mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 90 manat (doxsan manat) məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):

16. 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

17. 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

18. 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

19. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

22. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

24. 1092.1.2-ci maddəsinə əsasən, qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM):

25. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

Məhkəmənin mövqeyi:

30. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

31. Məhkəmə ilk öncə qeyd etməyi zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

32. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdehin paylı mülkiyyətində olan torpaq sahəsi İddiaçı şifahi olaraq satılmış, iddiaçıya etibarnamə verilmiş, əvəzində iddiaçı tərəfindən cavabdehə 7.000 manat pul verilmiş, lakin tərəflər arasında hər hansı yazılı alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Sonradan iddiaçı həmin torpaq sahəsinin əslində 12 sot yox, 6 sot olduğunu öyrəndikdən sonra fikrindən daşınaraq pulun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh iddiaçı tərəfindən ona verilən 7.000 manat məbləğində vəsaitin tərəfindən şəxsi ehtiyacları üçün xərclənməsi səbəbilə həmin vəsaiti geri qaytarmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin 7000 manat pul vəsaitinin və ödənilmiş 90 manat dövlət rüsumunun ona qaytarılmasını tələb edir.

33. Bu kateqoriyadan olan iddianın düzgün həlli üçün tərəflər arasında olan öhdəlik hüquq münasibətlərinin xarakteri və nəticəsi düzgün müəyyən edilməlidir. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır.

34. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

35. Öhdəliklərin əmələ gəlməsi əsasları arasında müqavilə aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında bir-birinə uyğun qarşılıqlı iradə ifadəsi olmalı, qanunla müəyyən edilmiş formaya uyğun müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.

36. Mülki qanunvericiliyin tələbinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ bir qayda olaraq onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (§ 16- 18)

37. Məhkəmə araşdırması ilə müəyən edilmiş işin halları ondan ibarətdir ki, tərəflər arasında cavabdehə məxsus daşınmaz əmlakın alqı-satqısı barədə şifahi razılaşma əsasında iddiaçı tərəfindən cavabdehə 7000 manat pul verilmişdir. Ancaq tərəflər arasında hər hansı yazılı müqavilə bağlanılmamışdır. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, tərəflərin daşınmaz əmlakın alqı-satqısı barədə şifahi razılaşması hüquqi nəticə yaratmaq imkanına malik deyil, başqa sözlə bu fakt müqavilə bağlanılması mənasına gəlmir. Çünki qeyd olunduğu kimi, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Halbuki tərəflər arasında belə bir müqavilənin olması təsdiq olunmur. Mübahisə predmeti olan məbləğin iddiaçının razılığı ilə cavabdehin sahibliyinə keçməsi, habelə cavabdeh tərəfindən iddiaçıya əmlaka dair etibarnamə verilməsi də onlar arasında müqavilə münasibətlərinin yaranmasına dəlalət etmir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər (İddiaçı ilə Cavabdeh2) arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibəti yaranmamışdır.

38. İddianın əsassız varlanmaya dair normaların şərtləri əsasında yoxlanılması üçün nəzərə alınmalıdır ki, əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün borclunun əmlak əldə etməsi, həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi, bu əldəetmə üçün heç bir qanuni əsas və ya müqavilə əsasının olmaması və ya bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi kimi şərtlərin mövcudluğu vacibdir. Mülki Məcəllənin müvafiq maddələrinin məzmununa görə, əmlakdan məhrum olan şəxs əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.

39. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, 7.000 manat məbləğində pul vəsaiti hüquqi əsas olmadan (yuxarıda qeyd edildiyi kimi tərəflər arasında müqavilə münasibətinin olması istisna olunur) Cavabdeh2 cavabdehin sahibliyinə keçmişdir. Məhkəmə qeyd edir ki, cavabdehə dəfələrlə məhkəmə iclası barədə rəsmi məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş və hər hansı etiraz da təqdim etməmişdir. Bununla belə, iş materiallarında olan məhkəmə qətnamələrindən (§ 13-14), habelə həmin işə əlavə edilmiş ərizədən (§ 12) görünür ki, Cavabdeh2 həmin iş üzrə şahid və müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi məhkəmədə verdiyi izahatlarında, qızı Cavabdeh1 vasitəsilə iddiaçıdan (torpağı ona satması qarşılığımda) 7.000 manat məbləğində pul vəsaitini aldığını, lakin həmin məbləği qaytarmadığını, ona vaxt verilməsini, pulu qaytaracağını bildirmişdir. Yəni izahatlardan göründüyü kimi, cavabdeh iddiaçıdan 7.000 manat məbləğində pul aldığını özü etiraf etmişdir.

40. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı mülki iş üzrə sübuta yetirilməli olan digər hal isə cavabdeh tərəfindən qeyd olunan pul məbləğinin geri qaytarılması ilə əlaqədardır ki, bu halı sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəməyə həmin pul vəsaitini qaytardığını təsdiq edən heç bir sübut təqdim etməmiş, məhkəmə araşdırması ilə də həmin pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması müəyyən edilməmişdir.

41. Beləliklə, yuxarıda qeyd olunanlar əsasında müəyyən olunur ki, cavabdeh iddiaçının hesabına 7.000 AZN (yeddi min manat) məbləğində əsassız varlanmışdır. Əsassız varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

42. Məhkəmə iddianın ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi və iddia tam təmin edildiyi üçün iddiaçı onu da tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də təmin edilməli, ödənilmiş 90 AZN (doxsan manat) məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

43. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 7.000 AZN (yeddi min manat) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 90 AZN (doxsan manat) dövlət rüsumunun məbləği tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. Cavabdeh2 7.000 AZN (yeddi min manat) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 90 AZN (doxsan manat) dövlət rüsumunun məbləği tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar