Məhkəmə qərarları › İş №e-2(003)-3009/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3009/2023

14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3009/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına xx.xx.2013-cü il tarixində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli çıxarış verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 240,20 kv.metr fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə Cavabdeh2 payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ona borcu olduğundan və ödəmədiyindən pul tələbi ilə aidiyyəti qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(003)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilərək Cavabdeh1 40000 manat və ödənilmiş dövlət rüsumuna görə 210 manat pul vəsaitinin tutularaq ona ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə qüvvəyə minməsi səbəbindən 04 may 2023-cü il tarixində icra vərəqəsi verilmiş və iş icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən qəbul edilərək icra məmuru Mübariz Abbasov tərəfindən icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, könüllü icra barədə eyni tarixli bildiriş borclu tərəfindən xx.xx.2023-cü il tarixində öz imza qeydi ilə qəbul edilmişdir. Bildirişin təqdim edildiyi tarixdə borclu Cavabdeh1 izahat alınmış və o, izahatında icra işindən, yəni məhkəmə qətnaməsindən xəbərdar olmasını, imkanı olmadığı üçün tam ödəyə bilmədiyini, hissə-hissə ödəcəyinə dair söz verdiyini qeyd etmişdir. O cümlədən, xx.xx.2023-cü il tarixli izahatında da 2500 manatdan az olmayaraq ödəniş edəcəyini, əks halda inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyini qəbul etdiyini bildirmişdir. Lakin, söz verdiyinin əksinə olaraq ödənişləri etməkdən yayındığı üçün borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və məcburi gətirmədən sonra alınmış xx.xx.2023-cü il tarixli izahatında izahat yazılan günə 4000 manat və qalan borcunu isə 2500 manatdan az olmayaraq ödəyəcəyini qeyd etsə də vədlərinə əməl etməmişdir. İzahatlarında gah imkanının olmadığını, gah da xəstə olduğunu bəhanə gətirmiş, o cümlədən barəsində hansısa tədbir görülməməsi üçün isə hər dəfə izahatında borcunu qısa müddətə ödəcəyini öhdəsinə götürmüşdür. İzahatlarında ona məxsus hansısa daşınmaz əşya və pul olmadığını qeyd etsə də əldə olunmuş məlumata əsasən birgə nikah dövründə yoldaşının adına rəsmiləşdirilmiş daşınmaz əmlak və torpaq sahəsi mövcuddur. Bu da onu göstərir ki, borclu öhdəliyini imkanı olduğu halda qərəzli şəkildə icra etmir və icranı da əmlakının olmaması ilə aldadır. Belə ki, cavabdeh tərəflər xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və yuxarıda qeyd edilən Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 240.20 kv.metr fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2013-cü il tarixində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Odur ki, ona olan borcun ödənilməsi, məhkəmə aktının tam icra olunması üçün Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 arvadı Cavabdeh2 adına xx.xx.2013-cü il tarixində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli çıxarış verilmiş 240.20 kv.metr fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi üzərində Cavabdeh1 ½ nisbətində pay hüququ müəyyənləşdirilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, onların iştirakı olmadan işə baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-456/2023 saylı qiyabi qətnaməsindən görünür ki, iddia tələbi təmin edilməklə Cavabdeh1 40000 manat və ödənilmiş dövlət rüsumuna görə 210 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-456/2023 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh1 40000 manat və ödənilmiş dövlət rüsumuna görə 210 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməlidir. - Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(003)-456/2023 saylı icra sənədi üzrə icra icraatına başlanılaraq borclu Cavabdeh1 icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Həmin qərar və bildiriş borclu tərəfindən xx.xx.2023-cü il tarixdə şəxsən imza edilməklə alınmışdır. - Borclu tərəfindən icra qurumuna müxtəlif vaxtlarda verilmiş izahatlardan məlum olur ki, borclu öz borcundan xəbərdar olmuş, müxtəlif məbləğlərdə ödəniş edəcəyinə dair vədlər vermişdir. - Bakı şəhəri Xəzər rayon icra şöbəsindən məhkəməyə ünvanlanan məktubdan görünür ki, borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixədək tələbkarın hesabına yalnız 8500 manat məbləğində pul vəsaiti ödəmişdir. - ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-2826/2023 nömrəli məktubundan məlum olur ki, xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən 0,06 ha torpaq və onun üzərində yerləşən sahəsi 240,20 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 adına qeydiyyatdan keçirilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi: **********49-10301). Həmin torpaq sahəsi xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 tərəfindən Cavabdeh2 satılmışdır. Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 303 nömrəli sərəncamına əsasən Cavabdeh2 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0,06 ha torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli 3-16-5/8-10-1514 nömrəli məktubdan görünür ki, Cavabdeh1 ilə X1 nikahları xx.xx.2002-ci il tarixdə Bakı Nikah Evində (Səadət Sarayı) 886 saylı aktla qeydə alınmışdır. Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində əlavə məlumat aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 İddiaçı 40000 manat borc pul almış, lakin öhdəliyini icra etməmişdir. Sonradan iddiaçı məhkəməyə müraciət etmiş və məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə həmin məbləğdə pulun cavabdehdən tutulması qət edilmişdir. Lakin cavabdeh yenə də icra vərəqəsini tam icra etməyərək borcunu tam olaraq qaytarmamışdır. Bu səbəbdən iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə müraciət edərək birgə borclular olan ər-arvad arasında onların birgə nikah dövründə əldə etdikləri əmlakın aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, cavabdehlər arasında rəsmi nikah xx.xx.2002-ci il tarixdə bağlanmış, bölünməsi istənilən daşınmaz əmlak isə onların birgə nikahları dövründə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. AM-in 37.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. MM-in 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Həmin qərara əsasən şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Həmçinin kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Göründüyü kimi, qeyd edilən əmlak cavabdehlərin birgə nikahda olduqları müddətdə əldə edilmişdir. Həmçinin, iddiaçı, Cavabdeh1 kreditoru olmaqla onun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququna sahib şəxsdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan cavabdehlərin qeyd edilən əmlak üzərində payları müəyyən edilməlidir. Belə ki, tərəflər xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Göstərilən ünvan 2i ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 adına olan, ünvan 2ində yerləşən, sahəsi 240,20 kv.metr olan fərdi yaşayış evinin və üzərində yerləşdiyi, sahəsi 0,06 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə Cavabdeh2 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 adına olan, ünvan 2ində yerləşən, sahəsi 240,20 kv.metr olan fərdi yaşayış evinin və üzərində yerləşdiyi, sahəsi 0,06 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə Cavabdeh2 payı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar