Məhkəmə qərarları › İş №e-2(003)-304/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-304/2025

31.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-304/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 50 saylıevə dair istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh 08 avqust 2009-cu il tarixdə nikaha daxil olmuş, həmin nikahdan bir övladları vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-72/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, övladları X6 anasının yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11717/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatmayan X13 ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 50 saylı evdən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri qət edilmişdir. Həmin vaxtdan bu günə qədər cavabdeh 1 gün olsun həmin evdə yaşamamış, istifadə etməmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Göl küçəsi 50 saylı ev iddiaçının mülkiyyətindədir və dövlət qeydiyyatına alınmaqla FM 010184 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh ona görə həmin evdən istifadə etməmişdir ki, iddiaçı ilə boşandıqdan sonra yenidən nikaha daxil olmuş və yeni nikahdan artıq 2 övladı vardır. Həmçinin iddiaçı da boşandıqdan sonra yeni nikaha daxil olmuş və yeni nikahdan 3 övladı vardır. Qeyd olun halları Yeni Suraxanı qəsəbə inzibatiərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış təsdiq edir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdeh mübahisəli evdə yaşamır, 2019-cu il tarixdə ailə həyatı qurub ərinin evinə köçmüşdür. Buna görə də, iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli məktubunun surətinə əsasən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl kuçəsi 50 saylı fərdi yaşayış evində adları aşağıda qeyd olunan şəxslər qeydiyyatdadır və faktıkı olaraq qeyd olunan ünvanda yaşayırlar İddiaçı, X7, X11, X16, X14. Cavabdeh və X6 yuxarıda qeyd olunan ünvanda yaşayıb yaşamaması barədə Yeni ünvan 1 kitablarında heç bir məlumat yoxdur. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-72/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X8 arasında 08 avqust 2009-cu il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində 591 sayla qeyd edilmiş nikah pozulması, boşanmadan sonra 22 sentyabr 2010-cu il təvəllüdlü X9 anası X3 yanında qaldığı müəyyən edilməsi, İddiaçı 17 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay 22 sentyabr 2010-cu il təvəllüdlü X1 üçün 1000 (bir min) manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-11717/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X3 yetkinlik yaşına çatmayan övladı X13 ilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl kuçəsi 50 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. - FM №010184 saylı Qeydiyyat vəsiqəsinin sürətindən görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl kuçəsi 50 saylı fərdi yaşayış evi X10 adına qeydiyyatdan keçmışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının arxivinin xx.xx.21024-cü il tarixli məktubunun surətinə əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cavabdeh xx.xx.2021-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində xx.xx.1985-ci il təvəllüdlü X12 ilə nikahının qeydə alındığı məlum olmuşdur. Bu nikahdan doğulmuş övladları xx.xx.2021-ci il təvəllüdlü X2 doğumu xx.xx.2021-ci ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində, xx.xx.2022-ci il təvəllüdlü X4 doğumu isə xx.xx.2022-ci ildə 2 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində qeydə alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının sürətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-11717/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 30.7-ci maddəsinə görə mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının iddia tələbinin əsasını cavabdehin ona məxsus fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 11717/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə mübahisəli ünvana köçürülmüşdür. Lakin cavabdeh xx.xx.2021-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində xx.xx.1985-ci il təvəllüdlü X12 ilə ikinci dəfə ailə quraraq daimi yaşayış yerini dəyişmişdir və uzun müddətdir ki, həmin ünvanda yaşamır. Mübahisəli ünvanda hazırda iddiaçı öz ailəsi ilə yaşayır. Məhkəmə ilk növbədə qeyd edir ki, əgər cavabdeh faktiki olaraq mənzildə yaşamırsa və uzun müddət bu mənzildən istifadə etmirsə, bu, onun yaşayış sahəsindən istifadə hüququnun ləğv edilməsinə əsas verir. Əgər cavabdeh yeni ailə qurub və başqa ünvanda yaşayırsa, bu, onun əvvəlki mənzildə yaşamaq və istifadə hüququnu itirməsinə dəlalət edir. Qanunvericiliyə əsasən, yaşayış sahəsinə olan istifadə hüququ şəxsə daimi yaşamaq məqsədilə verilir. Bundan başqa iddiaçı mənzilin yeganə mülkiyyətçisidir və cavabdehin mübahisə predmetinə aid olan mənzildə faktiki olaraq yaşamaması, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas olmamalıdır. Cavabdehin başqa ünvanda yaşaması belə qənaətə gəlməyə imkan verir ki, onun daimi yaşayış yeri var və həmin mənzilə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında yaşayış sahəsinə istifadə hüququnun qorunması və onun xitamı ilə bağlı mühüm hüquqi müddəalara əsasən, yaşayış sahəsinə istifadə hüququ şəxsin orada faktiki yaşaması və həmin mülkiyyətçinin razılığı ilə əldə edilmiş hüququna əsaslanır. Lakin müəyyən hallarda bu hüquq mülkiyyətçinin mənafelərinin qorunması və hüquqlarının müdafiəsi məqsədilə xitam edilə bilər. Qərarda vurğulanmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə mülkiyyət hüququ olan şəxs üçüncü şəxslərə həmin sahədən istifadə hüququ verə bilər. Lakin bu hüquq qeyri-məhdud müddətə davam edə bilməz və müəyyən şərtlər daxilində xitam edilə bilər. Məhkəmənin qərarında göstərildiyi kimi, əgər istifadəçi (cavabdeh) uzun müddət ərzində yaşayış sahəsində faktiki yaşamırsa və həmin yerdə qeydiyyatda olsa belə, faktiki olaraq yaşayış sahəsinə ehtiyacı qalmayıbsa, mülkiyyətçinin məhkəməyə müraciət edərək həmin şəxsin istifadəsinə xitam verilməsi tələbi qanuni əsaslı hesab edilməlidir. Qərarda həmçinin vurğulanır ki, ailə münasibətlərinin pozulması və nikahın ləğvi keçmiş həyat yoldaşının yaşayış sahəsinə daimi istifadə hüququnun saxlanılması üçün əsas təşkil etmir. Əgər cavabdeh nikahın pozulmasından sonra həmin mənzildə yaşamır və başqa ünvanda məskunlaşıbsa, xüsusilə də yeni ailə quraraq fərqli yaşayış şəraitinə malik olubsa, onun əvvəlki yaşayış sahəsinə olan hüququna xitam verilməsi qanunauyğun hesab edilir. Bu səbəblərə əsasən, iddianın təmin edilməsi və cavabdehin mənzildən istifadə hüququnun ləğv edilməsi qanuni və əsaslı hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ qorunur və bu hüquq məhdudlaşdırıla bilməz. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, mülkiyyətçinin razılığı olmadan digər şəxsin mülkiyyətində olan mənzildən qeyri-məhdud müddətdə istifadə etməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Bu baxımdan, iddiaçının keçmiş həyat yoldaşının yaşayış sahəsindən istifadə hüququnun xitam edilməsinə dair tələbinin təmin edilməsi hüquqi əsaslara malikdir və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 50 saylı evə dair istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 50 saylı evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar