Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-315/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2019-cu ilin noyabr ayından 2020-ci ilin may ayınadək olan dövr ərzində dələduzluq yolu ilə ondan aldığı 95000 manatın və dövlət rüsumu kimi ödədiyi 375 manat pul vəsaitinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Vidadi Nəciyev 24 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində idarə etdiyi avtomobillə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. 2-3 gün sonra yaxın qohumları ilə birlikdə hadisə nəticəsində ölmüş şəxsin yas mərasimində iştirak etmək üçün getsələr də, onları məclisə buraxmamışlar. Bir müddət sonra uzaq qohumu vasitəsilə Bakı şəhər sakini X5 ilə tanış olmuş və Rəşad bildirmişdir ki, bu məsələni həll edə biləcəkdir. Belə ki, Cavabdeh ona vəd etmişdir ki, oğlu Vidadi Nəciyevin törətdiyi hadisə vaxtı ölmüş şəxsin yaxın qohumları ilə barışıq əldə etməklə oğluna məhkəmədə aşağı cəza təyin etdirə biləcəkdir. Ona inanmış və Cavabdeh tələbi ilə ona 2019-cu ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində üst-üstə 85000 manat pul vermişdir. Cavabdeh onu inandırmışdır ki, həmin pulun 60000 manatını ölmüş şəxsin ailə üzvlərinə və yaxın qohumlarına ödəyərək onlarla barışıq əldə edəcəkdir. Lakin oğlu X12 rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh bundan sonra işin Apellyasiya Məhkəməsində həll olunacağını vəd etmiş, ondan əlavə olaraq 10000 manat pul almışdır. Lakin zərər çəkmiş tərəf oğlu ilə barışmaqdan imtina etmiş, şikayətlərini davam etdirmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Sabunçu rayon Məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Artıq onlara tam aydın olmuşdur ki, Cavabdeh 95000 manat pulunu dələduzluq yolu ilə talamış, ona külli miqdarda ziyan vurmuşdur. Bundan sonrakı dövrdə ondan dəfələrlə pulunu tələb etsə də, Cavabdeh müxtəlif bəhanələr gətirib aldığı 95000 manat pulu ödəməkdən yayınmışdır. Ona görə də məcbur olub onun barəsində prokurorluq orqanına şikayət etmişdir. Cavabdeh ona qarşı törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CMnin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə cinayət əməlləri törətməkdə təqsirləndirilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin Məhkəmənin 16 mart 2022-ci il tarixli, 1(101)—320/2022 saylı hökmü ilə Cavabdeh 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiə tərəfi çıxarılmış hökmdən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(103) — 1058/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü dəyişdirilmədən saxlanılmışdır. İbtidai istintaq zamanı o, iş üzrə istər zərərçəkmiş şəxs, istərsə də mülki iddiaçı qismində tanınmamış, yalnız şahid qismində dindirilmişdir. Cavabdeh tərəfindən ona vurulmuş 95000 manat ziyan hal-hazıradək ona ödənilməmişdir. Məhkum Cavabdeh istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı zamanı ifadələrində ondan həmin pulu ayrı-ayrı vaxtlarda aldığını etiraf etmiş, ondan pulu barışıq əldə etmək üçün zərərçəkmiş şəxsə vermək məqsədilə aldığını bildirmişdir. Lakin hadisə nəticəsində ölmüş şəxsin qohumları barışıq verməmişlər. İşə birinci instansiya məhkəməsində baxıldığı dövrdə məhkum Cavabdeh dələduzluq yolu ilə ondan aldığı 95000 manat pulun ona ödənilməsi ilə bağlı məhkəmə kollegiyasına iddia ərizəsi ilə müraciət etsə də, məhkəmə ərizəsini geri qaytarmışdır. Odur ki, bu barədə məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İşin baxılması zamanı iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehdən 95000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 375 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iştirak etməklə iddia tələbini etiraf edərək iddiaçıdan 95000 manat məbləğində pulun aldığını və qaytarmadığını bildirmişdir. Həmçinin iddia tələbinin qəbul etməsi barədə məhkəməyə ərizə də təqdim etmişdir. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi ilə razı olmadığını bildirmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, iddiaçının ona qarşı olan 95 min manat pul tələbi barədə iddiasının qəbul etdiyini bildirmişdir. Bele ki, iş materiallarında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-320/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq ona 8 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2013-cü ildə Daxili İşlər orqanlarından xaric olundugu halda özünün polis əməkdaşı olmasını bildirdiyi, Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmiş X6 cinayət məsuliyyətindən azad edilməsi və yaxud əməlinin tövsifinin yüngülləşdirilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin noyabr ayında özünə müraciət etmiş sonuncunun atası X8 ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında görüşləri zamanı sonuncuya özünün guya Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və Prokurorluq orqanlarında işləyən vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə Vidadi Nəciyevə gələcəkdə məhkəmədə həbslə bağlı olmayan cəza təyin etdirmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vidadi Nəciyevin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə ilkin olaraq maddi nemət qismində 30000 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Ağəddin Nəciyevi aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin noyabr ayında X1 cinayətdən xəbərsiz olan X7 vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən Gülnar Seyfullayevanın icarəyə götürdüyü ofisdə 15000 manat, eyni niyyətlə, 2019-cu ilin noyabr ayında həmin ünvanda 10000 manat, eyni niyyətlə, rüşvət qismində əlavə pul vəsaitinin də verilməsinin zəruri olmasını bildirib sövdələşməklə, 2019-cu ilin dekabr ayında qeyd edilən yerdə 40000 manat və 2019-cu ilin dekabr ayında eyni qaydada və həmin ünvanda 20000 manat pul vəsaitini alıb, Vidadi Nəciyev Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən sonra öz cinayətkar niyyətini davam etdirərək 2020-ci ilin may ayında Ağəddin Nəciyevlə danışıqları zamanı yalandan Bakı Apellyasiya məhkəməsində işə baxılarkən Vidadi Nəciyevi həbsdən azad etdirəcəyini bildirib, həmin məsələnin müsbət həlli üçün Bakı Apellyasiya Məhkəməsində işləyən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vidadi Nəciyevin xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 10000 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Ağəddin Nəciyevi aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin may ayında Bakı şəhəri, Xətaı rayonu, Xocalı prospektində yerləşən Xətai Rayon İcra Hakimiyyətinin inzibatı binasının yaxınlığında Ağəddin Nəciyevdən şəxsən 10000 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə X3 məxsus cəmi 95000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin səlahiyyətlərinin icrası ilə əlaqədar Vidadi Nəciyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə X4 təkrarən təhrik etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)- 1058/2022 saylı qərarından görünür ki, məhkum Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-320/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-320/2022 saylı hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda Nəciyev X2 Rəşad Cavanşir oğluna qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh dələduzluq etməklə iddiaçıdan 95000 manat məbləğində pul almış və bununla da iddiaçıya həmin məbləğdə ziyan vurmuşdur. Bu hal iş materialları ilə və məhkəmə iclasında araşdırılmış hallar (cavabdehin izahatı və məhkəməyə təqdim etdiyi ərizəsi ilə) ilə də müəyyən edilmişdir. Həmçinin məhkəmə, cavabdehin məhkəməyə ünvanladığı iddia tələbi ilə razı olmaması barədə ərizəsinə qiymət verərək qeyd edir ki, cavabdeh iddia tələbi ilə razı olmamasını bildirsə də, 95000 manat məbləğində pulun iddiaçıya qaytarmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmiş və işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cavabdehin həmin ərizəsinə tənqidi yanaşaraq hər hansı bir sübuta əsaslanmadığını qeyd edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddia tələbi təmin edilməli, Cavabdeh 95000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 375 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 95000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 375 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-315/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-315/2023
02.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver