Məhkəmə qərarları › İş №e-2(003)-3163/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3163/2023

30.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3163/2023 30.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 6425,86 manat debitor borcun, 400 manat hüquqi xidmət haqqının və 84,26 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6910,12 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qanuni qüvvəyə miniş qətnamə əsasında 3398,86 manat məbləğin tutulduğunu nəzərə alaraq hazırki iddia üzrə 3027 manat borcun tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2019-cu il tarixli, AMX- 6391/19 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir (müqavilələr əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01830 hesab nömrəsi verilmişdir. Cavabdeh istixanada qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş lakin, tam ödəniş aparılmamışdır. Belə ki, Cavabdeh tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin tam şəkildə ödənilməməsi ilə əlaqədar olaraq 6425,86 manat borcu qalmışdır. Cavabdeh “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilələrinin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İstehlakçı barəsində İddiaçı İB tərəfindən heç bir “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilməmişdir. Mübahisə olunan borc məbləği yalnız istehlakçı tərəfindən qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə olunması və ödənişin həyata keçirilməməsi nəticəsində yaranmış borc məbləğidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, iddia ərizəsində tələb olunan borc məbləği təxminən 2010-2011-ci illərin borcudur. Cavabdehin ünvanına heç bir akt əsasında borc yazılmamışdır. Abonentin sayğacı dəyişildiyindən həmin (2010-2011-ci illər üzrə) borcun yaranmasına dair əsaslar mövcud saldoda (sənədlərdə) göstərilməmiş və saldoya 2020-ci ilin avqust ayında ümumi məbləğ kimi -3027 manat hesablanmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, həmin ev onun mərhum həyat yoldaşı Manaf Əskərova məxsus olmuşdur. Həmin evdə onlar daimi olaraq yaşamamışlar. Ünvanına quraşdırılmış sayğac dəyişdirilmiş və mexaniki sayğac yerləşdirilmişdir. Mərhum əri tərəfindən həmin evdə istifadə olunmuş təbii qaza görə borc olmamışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Eyni zamanda iddia müddətinin keçdiyini bildirərək, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2016-cı il tarixli 2452-09-16 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə, paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. - Cavabdehə məxsus olan ev üzrə abonentin saldosundan görünür ki, **********01830 saylı abonent kodu üzrə cavabdehin ünvanına 2020-ci ilin may ayına 3398,86 manat borc hesablanmışdır. 2023-cü ilin avqust ayı üzrə ödəniş qrafasında “- 3027” manat çəxəlməş ödəniş qeyd edilmişdir. - Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-3076/2020 saylı qətnaməsinə əsasən Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3398.86 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3428.86 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən aydın olur ki, xx.xx.2020-ci il tarixə olan borc məbləğidir. - Cavadeh tərəfindən məhkjəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddia müddətinin keçməsi səbəbindən hazırki iddia ərizəsinin rədd olunmasını xahiş edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının tələb etdiyi debitor borc məbləği (3027 manat) 2011-2012-ci illərə aid borcdur. Bu halda isə iddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia ərizəsi məhkəməyə verilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia olunan borc məbləğinin hesablanması üçün əsas olmuş halları (hesablanmış borcun əsaslığını) və borcun mövcud olmasını sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. Hazırda isə iddiaçı tərəfindən cavabdehin 3027 manat məbləğində debitor borcu olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddia müddətinin keçməsi səbəbindən, eyni zamanda əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu tam şəkildə onun özünə aid edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı 3027 manat debitor borcun, 400 manat hüquqi xidmət haqqının və 84,26 manat ödənilmiş dövlət rüsumu əvəzinin ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar