Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3233/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 4253 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 400 manatın və 66,53 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 4719,53 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixində AMX-2540/19 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6 markalı mexaniki qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1728 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2851,20 manat, cəmi 4579,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymişdir. Cavabdehin göstərilən məbləğdən başqa əlavə olaraq 446,34 manat məbləğində borcu qalmışdır. Cavabdehin ümumi borcu 5025,54 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiyini zaman birinci dəfə 2021-ci ilin oktyabr ayında tutulmuşdur. Həmin zaman 600-700 manat borcu olduğuna görə sayğacdan istifadə edə bilməməsi üçün İddiaçı əməkdaşları tərəfindən sayğaca “probka” qoyulmuşdur. Sayğac işləyə-işləyə o əlavə nazik rezin şlanq vasitəsilə qazdan istifadə etmişdir. Həmin şlanq vasitəsilə 10 gün müddətində qazdan istifadə etmiş və bundan sonra tutulmuşdur. İkinci dəfə də təxminən 10-15 gün qazdan əlavə xətt vasitəsilə istifadə etmişdir. Buna baxmayaraq ona 2800 manat borc yazılmışdır. Hazırda onu etirazı yazılmış borcun məbləğləri ilə bağlıdır. Belə ki, çox məbləğlərdə borc yazılmışdır. İzahatında həmçinin bildirmişdir ki, onun ünvanında 2 sayğac yerləşdirilmişdir. Bir sayğac yaşadığı ev üçün, digər sayğac isə istixana üçün quraşdırılmışdır. Həyətində 3 istixanası var və bir kvardat formasında peçi var, həmin peç vasitəsilə istixanaları qızdırır. O, oktyabr ayının əvvəlindən əkin əkməyə başlayır və həmin vaxtdan da istixanaları qızdırmaq üçün qazdan istifadə edir və axşam saat 8:00-dan səhər saat 08:00-dək qazdan istifadə edir. Əlavə xəttdən yalnız gecə vaxtı istifadə etmiş, gündüzlər isə gava yaxşı olduğundan istifadə etməmişdir. Fevral ayında isə daimi qaz yandırır. Yay aylarında isə ümumiyyətlə qazdan istifadə etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - qaz paylayıcı İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Həmçinin həmin müqavilədən görünür ki, cavabdehin ünvanına G-6 markalı, 28024118 nömrəli mexaniki sayğac quraşdırılmışdır. -təbii X1nın pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent Cavabdeh ünvanına baxış keçirilmiş və abonentin istixanada sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi aşkar edilmişdir. -dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 8640 m3 ( kvadrat şəkilli istilik sisteminin maksimal saatlıq qaz sərfi 6 m3/saat x 24 saat orta günlük iş rejimi x 60 gün = 8640) həcmində dəymiş ziyan hesablanmışdır. -təbii X1nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent Cavabdeh ünvanına baxış keçirilmiş və abonentin istixanada sayğacdan kənar əlavə qaz xəttdən (rezin boru ilə) təbii qazdan istifad etməsi aşkar edilmişdir. -dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 12960 m3 ( kvadrat şəkilli istilik sisteminin maksimal saatlıq qaz sərfi 6 m3/saat x 24 saat orta günlük iş rejimi x 90 gün = 12960) həcmində dəymiş ziyan hesablanmışdır. - cavabdehin adına olan abonent saldosundan ( abonent kodu **********00000) görünür ki, cavabdehin abonent hesabına aktlar əsasında 2021-ci ilin oktyabr ayında 1728 manat (8640 m3 x 0.2 manat) və 2022-ci ilin mart ayında 2851,20 manat (12960 m3 x 0.22 manat), cəmi 4579,2 manat borc yazılmışdır. Hazırda cavabdehin borcu 4253,12 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi və istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. Həmin Qaydaların: -6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-4-cü bəndinə əsasən Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. - 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. - 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən 2021-ci ilin oktyabr ayında və 2022-ci ilin mart ayında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə olunmuşdur. Bu hallar tərtib edilmiş aktlar və cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq olunur. Məhkəmə, iş üzrə müəyyən olunmuş halı nəzərə alaraq aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən “təbii X1nın pozulması haqqında” aktlar əsasında dəymiş ziyanın hesablanmasına dair tələbnamələrdən görünür ki, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 və 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə qeyd edir ki, həmin hesabatların aparılmasına əsas “təbii X1nın pozulması haqqında” aktların olmasını və həmin aktların tərtib edilməsinə əsas olmuş bütün hallara dair sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Buna baxmayaraq itirilmiş qazın bərpası üçün orta günlük iş rejiminin 24 saat və əlavə xətt vasitəsilə qazdan istifadə edilməsi 60 və 90 gün müddətində olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri orta günlük iş rejiminin 24 saat və istifadə edilməsinin 60 və 90 gün müddətində hesablanması əsassız olmuşdur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, tərtib edilmiş aktlar əsasında itirilmiş qazın dəyəri orta günlük iş rejimi 12 saat və 30 gün müddəti hesablanmalıdır. Belə ki, cavabdehin izahatından görünür ki, o, qazdan əlavə xətt vasitəsilə yalnız gecə vaxtı istifadə etmiş, eyni zamanda əlavə xətt vasitəsilə qazdan hər iki halda 10-15 gün müddətinə istifadə etməsini bildirsə də bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin izahatından görünür ki, o, 2021-ci ilin oktyabr ayında və 2022-ci ilin mart ayında qazdan əlavə xətt vasitəsilə istifadə etmişdir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 432 manat (6 m3/saat x 12 saat x 30 gün=2160 m3 x 0.2 manat= 432 manat) və xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 432 manat (6 m3/saat x 12 saat x 30 gün=2160 m3 x 0.2 manat= 432 manat), cəmi 864 manat dəymiş ziyan hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin adına olan **********00000 nömrəli abonent saldosundan görünür ki, cavabdeh tərəfindən ödənişlər aparılmışdır. Həmin ödənişlərdən aktlar əsasında hesablanmış və sayğac göstəriciləri əsasında hesablanmış borcların bir qismi çıxıldıqdan sonra onun hazırda 4253,12 manat borcu qalmışdır. Cavabdehin abonent saldosuna aktlar əsasında yazılmış cəmi borcun 4579,2 manat təşkil etməsi nəzərə alındıqda müəyyən olunur ki, hazırda cavabdehin yalnız tərtib edilmiş aktlar əsasında borcun qalması mümkündür. Hazırda borcun 4253,12 manat təşkil etməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılmış ödənişlər nəticəsində aktlar əsasında hesablanmış borcdan 326,08 manat hissəsi (4579,2 manat - 4253,12 manat) silinmişdir. Qeyd olunanlara əsasən məhkəmə, cavabdeh tərəfindən əlavə xətt vasitəsilə qazdan istifadə edilməsi nəticəsində itirilmiş qazın dəyərinin 864 manat məbləğində müəyyən edilməsini və cavabdeh tərəfindən aparılmış ödənişlərə görə iddiaçı tərəfindən aktlar əsasında dəymiş ziyana görə 326,08 manat məbləğində pulun çıxılmasını nəzərə alaraq hesab edir ki, vurulmuş ziyanla bağlı cavabdehdən 537,92 manat (864 manat - 326,08 manat) məbləğində pul tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, cavabdehdən hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pul tələb olunsa da bununla bağlı (hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 400 manat məbləğində hüquqi yardım üçün iddiaçı tərəfindən ödənişin aparılması ilə bağlı) bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən vurulmuş zərərə görə 537,92 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 66,53 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 537,92 manat məbləğində dəymiş zərər və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 36,53 manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi (elektron kabinet vasitəsilə) ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-3233/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3233/2023
06.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver