Məhkəmə qərarları › İş №e-2(003)-338/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-338/2023

18.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-338/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6100 manatın və həmin məbləğdən 2021-ci il may ayından başlayaraq bank uçot dərəcəsini və ödədiyi 91 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci il may ayında ondan bir il müddətinə götürdüyü pul məbləğlərindən 6100 manat qaytarması vəd vermiş, lakin qaytarmaqdan boyun qaçırmışdır. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Nizami RPİ-nin qərarı ilə qeyd etdiyi faktlar təsdiqlənsə də, ona Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə dair yazılı etirazını məhkəməyə göndərərək (xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur) bildirmişdir ki, İddiaçı ilə 20 ildən artıq yoldaşlıq münasibətləri olmuşdur. Vaxtilə işlədiyi bər-bər salonunun bir hissəsini ona ofis kimi işlətməyi üçün təmənnasız vermişdir. Bu illər ərzində bir-birilərinə çətin günlərində həm maddi və həm də mənəvi olaraq dəstək olmuşlar. İddiaçı faizlə pul verməklə məşğuldur. Elə vaxtlar olub ki, onlara yaxın ərazidə işləyən sahibkarlara faizlə pul vermiş və onu zamin bilmişdir. Bütün pullar ona faizi ilə birlikdə qaytarılmışdır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, İddiaçı bank olmayan kredit təşkilatı deyil. Lombard fəaliyyəti ilə də qeyri rəsmi fəaliyyət göstərir ki, bununda nəticəsi qanunsuz sahibkarlıq və qanunsuz olaraq varlanmadan ibarətdir. Həmin şəxsdən 2020-ci ilin may ayında borca pul almışdır. Pandemiya vaxtına təsadüf etdiyindən maddi cəhətdən çətinliyi olmuşdur. Həmin borcu tədricən ödəmişdir. Lakin 2021-ci ilin yay aylarında birneçə ay çətinlik çəkmişdir. İddiaçı onu qalan borca görə polisə şikayət etmişdir. Polisdə olarkən qalan borcunu 2021-ci ilin sonunadək ödəyəcəyi ilə bağlı məlumat vermişdir. İddiaçı aralarında olan yoldaşlıq münasibətlərinə kölgə salmış və həmin tarixdən sonra üz-üzə gəlməkdən qaçmışdır. Nəhayət ki, 2021-ci ilin sonuna ona olan borcunu tam şəkildə ödəyərək borcunu bağlamışdır. Onun həmin şəxsə heç bir borcu qalmamışdır. İddiaçı qanunsuz olaraq varlanmaq məqsədilə onu məhkəməyə vermişdir. Aralarında hansısa mötəbər sayılacaq müqavilə mövcud deyil. İddiaçının fəaliyyəti qanuni deyil. Heç bir notariusda təsdiqlənməmiş və hal-hazırda mövcud olmayan borca görə ona qarşı iddia tələbi irəli sürmüş İddiaçı qanunsuz hərəkətləri barədə ayrıca olaraq hüquq mühafizə orqanlarına müraciət ünvanlayacaqdır. Beynəlxalq hüquq normalarında da qeyd olunduğu kimi (affirmanti,non neganti incumbit probation) iddianı sübut etmək vəzifəsi cavabdehin yox iddiaçının üzərindədir. İddia tələbi əsassızdır və böhtan xarakterlidir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək (ərizə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur) bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və böhtan xarakterlidir. İddiaçı qarşısında hər-hansı borc öhdəliyi yoxdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Rövşən Nəcəfov tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, şikayətçiyə Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, izahatı alınan Cavabdeh bildirmişdir ki, İddiaçı uzun illərdir tanıyır. Təxminən bir il əvvəl tanıdığı şəxs ev almaq istədiyini, lakin müəyyən məbləğdə pulunun çatmadığı demiş, ona borca pul tapmağı xahiş etmişdir. O, bu barədə Ələkbərə dedikdə, o, hər ay müəyyən məbləğdə faizlə birlikdə pul qaytarmaq şərtilə ona 4111 ABŞ dolları pul vermişdir. Razılaşdıqları kimi ona hər ay 375 ABŞ dolları faiz borcunu qaytarmalı olmuşdur. Pulu ondan alandan sonra tanıdığı şəxsin işi alınmadığı üçün pulu götürməmiş, bu zaman o, Ələkbərə özünün götürdüyünü və faiz borcunun özü ödəyəcəyini bildirmiş, Ələkbər də etiraz etməmişdir. Bu qayda ilə o, hər ay 375 ABŞ dolları olmaqla, ona üç ay pul ödəmiş, sonra isə ümumilikdə 200 ABŞ dolları da pul ödəmişdir. İşində yaranmış çətinliklər səbəbindən bir müddət Ələkbərə hər hansı məbləğdə pul ödəyə bilməmişdir. Bununla yanaşı bir neçə il bundan əvvəl onların ümumi tanışı Ələkbərdən müəyyən məbləğdə borc pul götürmüş, 2300 manat hissəsini qaytara bilməmişdir. Münasibətləri olduğu üçün həmin pulu da o, ödəyəcəyini öhdəsinə götürmüş və bu barədə Ələkbərə də demişdir. Sonra isə həmin puldan ona 800 manat pul qaytarmışdır. Halhazırda İddiaçı ümumilikdə 6100 manat borcun olduğunu həmin məbləğdə pulu hər ay 200 manat olmaqla qaytaracağını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə cavabdehin etiraz ərizələrini, iddiaçının şikayəti əsasında qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında qərarı nəzərdən keçirirək hesab edir ki, cavabdeh iddiaya olan etirazında da və iddiaçının şikayəti əsasında hüquq-mühafizə orqanı tərəfindən aparılan araşdırma zamanı da iddiaçıdan pul aldığını etiraf etmiş, aldığı pulların bir qismini qaytardığını və iddiaçıya 6100 manat borcunun qaldığını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə borca pul verildiyi müəyyən olunur və bu barədə iddiaçının sübut etmə vəzifəsi aradan qalxmışdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı borc məbləğlərinin tam şəkildə qaytardığını bildirsədə bununla bağlı hər hansı bir sübutü məhkəməyə təqdim etməmiş, yalnız iddiaya etiraz ərizəsi ilə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2020-ci ilin may ayında iddiaçı tərəfindən cavabdehə borca pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, şifahi qaydada həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında 2020-ci ilin may ayında şifahi qaydada bağlanmış borc kimi pulun verilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında borca pulun verilməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 6100 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Məhkəmə, iddia tələbinin öhdəliyin gecikdirilməsi nəticəsində 6100 manatın 2021-ci il may ayından başlayaraq bank uçot dərəcəsinin tutulmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanmaqla qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pulu özündə saxlamaqla faydalanması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 91 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6100 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 91 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6100 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 91 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar