Məhkəmə qərarları › İş №e-2(003)-342/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-342/2025

26.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-342/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü, 4(otaqlı), 1(bir) mərtəbəli, 2/37 saylı fərdi yaşayış evindən cavabdeh X9 və onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə çıxarılması və evin açarlarının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsi almışdır. Həmin sahədə özbaşına tikili olaraq 1(bir) mərtəbəli, 9 daş kürsüdən, ümumi sahəsi tikinti altı sahə ilə birlikdə 143,0 kv.m olan 4(dörd) otaqlı, hamam-sanitar qovşağı,mətbəx və dəhlizdən ibarət 2/37 saylı fərdi yaşayiş evini öz vəsaiti hesabına tikmişdir. Evin tikintisinə və təmirinə 60.000 (altmış min) manat məbləğində pul xərcləmişdir. 2009-cu ildə X7 ilə nikaha daxil olmuşdur. Ailə münasibətləri korlandığından nikahlarının pozulması tələbinə dair məhkəməyə müraciət etdikdən sonra Xəzər rayon məhkəməsinin xx.xx.2021 tarixli, 2/008/-3165/2021 saylı qətnaməsilə nikah münasibətləri pozulmuşdur. Həmin adıçəkilən evdə 2021-ci ilin mart ayına kimi X7 ilə birgə yaşamışdır. 2021-ci ilin mart ayinda Elnurənin ona etdiyi xəyanətdən sonra yaşadığı evi tərk edərək valideynlərinin yanında yaşamışdır. X7 azyaşlı övladları ilə birlikdə həmin evi tərk edərək öz valideyinlərinin yanına köçmüşdür. Məhkəmə qaydasında nikahları pozulandan sonra Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağ massivində özbaşına tikilmiş evdə heç kim yaşamamışdır. Hazırkı cavabdehin həmin evə heç bir aidiyyəti yoxdur. Keçmiş həyat yoldaşının atası X6 yaranmış ailə münasibətlərinin pozulmasından sonra məqsədli şəkildə həmin evi qeyri-qanuni zəbt edərək ora daxil olmuş və ondan istifadə etmədiyi halda orda yaşadığını göstərməyə çalışmış və fərdi yaşayış evindən Aslan Aslanovun çıxarılması barədə tələbi üzrə məhkəmə gedişatı zamanı (yerli baxışdan sonra) xx.xx.2023-cü il tarixli etibarnamə əsasında (xx.xx.2113-cü ilədək) Cavabdeh 45 000 manata satmışdır. Evin qaz, işiq, "təmiz şəhər" müqavilələri onunla bağlanmışdır. xx.xx.2022-ci il tarixli Qala Bələdiyyəsinin **********3795 saylı tədiyyə bildirişinə əsasən 12031xxxxxxx kodu ilə verilmiş şəhadətnaməyə əsasən 2022-ci il üçün əmlak vergisi və torpaq vergisi (31.64 manat və 2.16 manat) ödənilməsi xəbərdarlığı olunmuşdur. Tərəfindən müvafiq ödənişlər edilmişdir. Digər tərəfdən "xxxx" ASC-nin onun adına göndərilən bildirişdə kod və onun adı qeyd edilmişdir. ”Azərişıq ASC-nin abunə haqqında məlumatlardan görünür ki, xx.xx.2016-cı ildən abonent olaraq onun adı qeyd edilmişdir. Hazırda da onun adına qeydiyyatdadır. ”Expert” LTD müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, E/31 saylı “Qiymətləndirmə Akt”ında (mütəxəssis rəyində) isə adıçəkilən evin tikintisinə və təmirinə çəkilən xərclər bazar qiymətlərinə uyğun olaraq 60.000 (altımış min) manat məbləğində qiymətləndirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli “Qiymətləndirmə Rəyi”ndən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa- Xuna bağ massivində yerləşən ümumi sahəsi 360 m2, tikinti sahəsi 143 m2 olan tikilinin dəyəri 68.500 (altımış səkkiz min beş yüz) manat məbləğində qiymətləndirilmişdir. Həmçinin, adı çəklilən fərdi yaşayış evinin lisenziyalı təşkilat tərəfindən hazırlanmış və təsdiq edilmiş “Memarlıq planlaşdırma layihəsi” 2016-cı il tarixdə ona verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2914/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində İddiaçı cavabdeh X1 qarşı “cavabdehin özbaşına tikilidən çıxarılması barədə” tələbi üzrə məhkəmənin mövqeyi belə olmuşdur ki, mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək - ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar tikintiyə xərc çəkmiş şəxsə, əşya sahibinə məxsusdur.Yaranan mübahisə iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi üzrə yaranmışdır. Bu baxımdan işin halları Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında yoxlanmalıdır.Öncə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Həmin qətnamənin 47-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən istifadə, həm də oradan maneəsiz və dinc istifadəni ehtiva edir. Buna görə də iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması barədə iddia tələbi, onun Konstitusiyada təsbit olunmuş hüququnu səmərəli səviyyədə təmin etməlidir. Həmin qətnamənin 51-ci bəndində qeyd edilmişdir ki, sözügedən fərdi yaşayış evi özbaşına tikili olsa belə, hər bir halda həmin fərdi yaşayış evinə dair “gözlənti” hüququnun məhz kimə məxsus olmasından asılı olaraq iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olub olmaması halı müəyyən edilməlidir. Həmin qətnamənin 54-cü bəndində qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi işdə iddiaçının mübahisəli tikiliyə dair müvafiq iddia tələbi ilə müraciət etməsini istisna edən, onun subyektiv hüquqa malik olmadığını müəyyən edən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halı təkzib edən hər hansı sübut mövcud deyil. Yəni mübahisəli fərdi yaşayış evinin iddiaçının qazandığı vəsaiti hesabına tikildiyi, həmin evə dair, ev özbaşına tikili olsa belə, “gözlənti” hüququnun həm də ona məxsus olduğu halı işdə olan sənədlərə əsasən təkzib edilmir. Həmin qətnamənin 55-ci bəndində qeyd edilmişdir ki, belə olan halda iddiaçının mübahisəli tikiliyə sahiblik etmək hüququ yaranmışdır və o, bu hüququnu üçüncü şəxslərin müdaxilələrindən məhkəmə qaydasında müdafiə etmək üzrə subyektiv hüquqa malikdir. İddia ərizəsindən də göründüyü kimi tələbin mahiyyəti iddiaçının özbaşına tikili hesab edilən fərdi yaşayış evindən məhrum olmaqla, həmin fərdi yaşayış evinin onun sahibliyinə verilməsindən ibarətdir. Cavabdehə xəbərdarlıq etmişəm ki,mübahisəli fərdi yaşayış evini buna hüququ olmayan şəxsdən əldə etmisiz və evi boşaltmalısız. Ona məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən boşaldılması təklifinə cavabdehin Aslanov Aslana ödədiyi pulu geri alacağı təqdirdə evi boşaldacagının bildirimişdir. Sonuncu dəfə 06 oktyabr 2024-cü il tarixdə cavabdehlə mübahisəli evin qarşısında görüşərək ona 5 gün müddətində qanunsuz tutduğu yaşayış evinin boşaldılması barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Ona məxsus yaşayış evi qanunsuz olaraq cavabdeh X10 və onu ailə üzvləri tərəfindən istifadə olunur, o isə göstərilən yaşayış evindən istifadə etməkdən ondan asılı olmayan səbələrə görə məhrum olmuşdur. Cavabdeh isə heç bir hüquqi əsas olmadan ona məxsus fərdi yaşayış evindən istifadə edir, onun hesabına varlanır, əmlak əldə edir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, yuxarıda göstərilən mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa -Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən özbaşına tikili olaraq onun tərəfindən tikilmiş, ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü, 4(otaqlı), 1(bir) mərtəbəli,2/37 saylı fərdi yaşayış evinə sahiblik etmək hüququ yaranmışdır və bu hüququn cavabdehin qanunsuz müdaxiləsindən məhkəmə qaydasında müdafiə etmək üzrə subyektiv hüquqa malikdir. Tələbinin mahiyyəti öz vəsaiti hesabına inşa etdiyi özbaşına tikili hesab edilən fərdi yaşayış evindən məhrum olduğundan həmin fərdi yaşayış evinin onun istifadə və sahibliyinə qaytarılmalı və cavabdeh X4 ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2914/2024 saylı qətnaməsindən müəyyən edilir ki, -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3165/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X8 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 1709 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları X3 yanında saxlanılması qət edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı cavabdeh X8 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 3, 37 saylı evin tikintisi üçün xərclənən pul vəsaitinin 1/2 hissəsinin cavabdehə ödənilməklə onun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2, 37 saylı mənzildən çıxarılması barədə iddiası rədd edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1621/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızına qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. -“EXPERT” LTD müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, E/47saylı “Qiymətləndirmə Akt”ında (Mütəxəssis Rəyində) isə adıçəkilən evin tikintisinə və təmirinə çəkilən xərclər bazar qiymətlərinə uyğun olaraq 60000 (altımış min) manat məbləğində qiymətləndirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli “Qiymətləndirmə Rəyi”ndən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi XaşaXuna bağ massivində yerləşən ümumi sahəsi 360 m2 , tikinti sahəsi 143 m2 olan tikilinin dəyəri 68500 (altmış səkkiz min beş yüz) manat məbləğində qiymətləndirilmişdir. Müstəqil qiymətləndiricilər tərəfindən verilmiş hər 2(iki) rəylər məhkəmə tərəfindən qəbul edilməmiş və bunu əsaslandırmamışdır. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2296/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin 5-ci səhifəsinin 7-ci abzasında məhkəmə şahid ifadələrinin nəticəsi olaraq belə qənaətə gəlmişdir ki, onun tərəfindən tikilmiş özbaşına tikilinin tikintisi ilə bağlı xərcləri hər iki tərəf (o və həm də hazırki cavabdeh) çəkmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-282/2024 nömrəli, 15 fevral 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. 12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaya ilkin olaraq Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa- Xuna bağları ev 2, 37 saylı fərdi yaşayış evinin əmlak xarakterini (mülkiyyət və ya özbaşına tikili) və həmin əmlakın ümumiyyətlə İddiaçı məxsus olub-olmaması araşdırılmalıdır. Belə ki, mübahisə predmeti olan əmlak mülkiyyət olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Yəni mübahisə predmeti olan ev özbaşına tikili olmaqla həmin evə və torpaq sahəsinə dair iş üzrə tərəflərin hər hansı bir hüququnun (sahiblik, istifadə və sərəncam vermək) yaranması müəyyən edilməmiş, mübahisə predmeti olan evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı təsdiq edici sənədlər təqdim edilməmişdir. -İşin mübahisələndirilməyən halları da bundan ibarətdir ki, mübahisəli ev özbaşına tikilidir və bu tikiliyə və tikilinin altındakı torpaq sahəsinə dair tərəflərin hər hansı hüquqmüəyyənedici sənəd (dövlət reyestrindən çıxarış, order, texniki pasport, kirayə müqaviləsi, alqı-satqı, bağışlama və s.) mövcud deyildir. -Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Belə ki, ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək - ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar tikintiyə xərc çəkmiş şəxsə, əşya sahibinə məxsusdur. -Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə dair hər hansı iddia tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. -İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı sonuncu ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları 2/37 saylı evin tikintisi üçün xərclənən pul vəsaitinin 1/2 hissəsinin cavabdehə ödənilməklə onun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları 2/37 saylı evdən çıxarılması barədə iddiası rədd edilmişdir. -Buna baxmayaraq qanuni qüvvəsini almış bu qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli özbaşına tikilinin tikintisi ilə bağlı xərcləri hər iki tərəf (bu işdə iddiaçı ilə cavabdehin qızı) çəkmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin məzmununun mahiyyəti baxımından qeyd edir ki, hazırki işdə tərəflərin (cavabdeh qismində cəlb olunmuş şəxslərin) eyni olmaması Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halın bu məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını istisna edir, bu səbəbdən istinad olunan həmin hala yenidən hüquqi qiymət verilməsi zəruridir. -Belə ki, iş materiallarından göründüyü kimi işdə iddiaçının mübahisəli tikiliyə dair müvafiq iddia tələbi ilə müraciət etməsini istisna edən, onun subyektiv hüquqa malik olmadığını müəyyən edən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halı təkzib edən hər hansı sübut mövcud deyil. Yəni mübahisəli fərdi yaşayış evinin iddiaçının cavabdehin qızı ilə birgə nikah dövründə qazandığı vəsaiti hesabına tikildiyi, həmin evə dair, ev özbaşına tikili olsa belə, “gözlənti” hüququnun həm də ona məxsus olduğu halı işdə olan sənədlərə əsasən təkzib edilmir. -Belə olan halda iddiaçının mübahisəli tikiliyə sahiblik etmək hüququ yaranmışdır və o, bu hüququnu üçüncü şəxslərin müdaxilələrindən məhkəmə qaydasında müdafiə etmək üzrə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2296/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin 5-ci səhifəsinin 7-ci abzasında məhkəmə şahid ifadələrinin nəticəsi olaraq belə qənaətə gəlmişdir ki, onun tərəfindən tikilmiş özbaşına tikilinin tikintisi ilə bağlı xərcləri hər iki tərəf (o və həm də hazırki cavabdeh) çəkmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisə predmeti olan evə dair iddiaçının ½ hissədə pay hüququ olduğuna görə cavabdehi evdən çıxarmağa dair onun subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, o, qeyd olunan torpaq sahəsində tikilmiş mübahisəli fərdi yaşayış evinin üzərində qanunla nəzərdə tutulmuş yarı-yarıya pay hüququna sahibdir. Tikili özbaşına tikili olduğuna görə ona çəkilmiş xərcin yarısı iddiaçıya aiddir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar