Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3495/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 8İ-13728 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2022/1910 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən şəxsi məqsədlər üçün illik 32% dərəcəsi ilə 36 ay müddətinə 30.000 manat məbləğində kredit almışdır. Həmin kredit müqaviləsinin təminatı kimi onun, "xxxx" MMC-nin və X1 arasında xx.xx.2022-ci il tarixdə 2022/1910-İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 2022/1910 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsində yerləşən 32a nömrəli evin 9 nömrəli mənzili "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülüyə dair xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Kredit müqaviləsi bağlanandan sonra müqavilə üzrə öhdəliyini vaxtında icra etmişdir. Lakin, sonradan ailəsində maddi problemlər yarandığından o, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra edə bilməmişdir. "xxxx" MMC-nin müraciətinə əsasən Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-13728 reyestr nömrəli icra qeydinə əsasən 25.406,90 manat əsas borc, 5022.04 manat faiz borcu və 10.680 manat dəbbə pulu olmaqla, cəmi 41.108,94 manat məbləğində kredit borcu üzrə tutma X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsində yerləşən 32a nömrəli evin 9 nömrəli mənzilə yönəldilmişdir. Cavabdeh1 icra məmuru Yaqub Qafarov tərəfindən icra şöbəsinə dəvət edilən zaman icra qeydindən məlumatlı olmuşdur. Həmin günə qədər "xxxx" MMC tərəfindən ona nə şifahi, nə də yazılı qaydada xəbərdarlıq edilməmiş, icra qeydi ona təqdim edilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, icra qeydləri hüquqi məsələ mübahisəsiz olduqda tərtib edilir. İcra qeydləri tərtib olunarkən bu barədə borclu şəxsə məlumat verilməlidir. Hazırkı icra qeydinə nəzər saldıqda isə görünür ki, tələb olunan dəbbə pulunun məbləği əsas borca mütənasib deyildir. Bu da işin mübahisə edilən halı hesab edilir. Əgər, mübahisə mövcuddursa icra qeydi də tərtib edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh1 nümayəndəsi və Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişlər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişlər. Həmçinin onlar etiraz ərizəsi ilə müraciət edərək orada bildirmişlər ki, iddia tələbini əsassız hesab edirlər. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Tərəflər arasında 2022/1910 saylı xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən 2022/1910 saylı xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-13728 reyestr nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsində yerləşən 32a nömrəli evin 9 nömrəli mənzilinə tutma yönəldilmişdir. İcra qeydi xx.xx.2023-cü il tarixində aparılmışdır. Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023cü il tarixli 8İ13728 reyestr nömrəli İcra qeydinin aparılması qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İcra qeydi üzrə verilmiş icra vərəqəsi Cavabdeh1 icraatına daxil olmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı bildiriş göndərilmişdir. Belə ki, həmin bildiriş poçt xidmətinə xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Poçt qəbzində yazılmışdır ki, bildirişi qəbul edən şəxsin soyadı- Mirzəyeva (iş materiallarına bildirişin çatdırılmasına dair poçt qəbzi əlavə edilmişdir). Qanunvericiliyə əsasən, ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Lakin, İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən məhkəməyə şikayət verilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən, İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi, müəyyən edilmiş müddət ərzində qeydiyyat orqanına müraciət edilməsi "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2-ci maddələri). 2(003)-3495/2024 saylı mülki iş üzrə cavabdeh "xxxx" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda göstərilən sənədləri - ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən çıxarışı, ipoteka müqaviləsini və ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişi və onun ipoteka qoyana göndərilməsini təsdiq edən poçt sənədini elektron qaydada iş üzrə digər cavabdeh olan notariat ofisinə təqdim etmişdir. e-2(003)-3495/2024 saylı mülki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə digər cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət edilmiş, sonuncu tərəfindən də icra qeydinin aparılması zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Bundan öncə isə ipoteka saxlayan “KƏPƏZ BOKT" MMC “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı (müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası) əks etdirən bildirişi ipoteka qoyan iddiaçının ünvanına göndərmiş, iddiaçı həmin bildirişi xx.xx.2023-cü il tarixində qəbul etmiş, bundan sonra ipoteka saxlayan bildirişi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etmiş, bununla da tutmanın yönəldilməsi proseduruna riayət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Borcverən "xxxx" MMC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/1910 saylı kredit müqaviləsinin surətindən görünür ki, kredit təşkilatı şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 32 faiz olmaqla 30000 manat məbləğində pulu borcalan İddiaçı verməyi, borcalan isə müəyyən edilmiş müddətdə əsas borcu faizilə birgə qaytarmağı öhdəsinə götürmüşdür. - Müqavilənin 3.1-ci bəndinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu ödəyir. - xx.xx.2022-ci il tarixli 2022/1910-İP saylı ipoteka müqaviləsinin surətindən görünür ki, 2022/1910 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsində yerləşən 32a nömrəli evin 9 nömrəli mənzili "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2023-cü il tarixli 8İ-13728 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 32a ünvanında yerləşən 9 saylı mənzilə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 3M-1115 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 25406,90 manat əsas borc, 5022,04 manat faiz borcu, 10680 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 41108,94 manat təşkil edir). - ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, X2 məxsus ünvan 1 ünvanı xx.xx.2022ci il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir. - "xxxx" MMC tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2772 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ərizədən görünür ki, notariat orqanından X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 32a ünvanında yerləşən 9 saylı mənzilə tutmanın yönəldilməsi, ilkin satış qiymətinin 75000 manat olmaqla daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə icra qeydinin aparılması xahiş edilmişdir. - "xxxx" MMC tərəfindən borcalan İddiaçı və ipoteka qoyan X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 2421 saylı bildirişin surətindən görünür ki, borcluya öhdəliyi icra etməsi, əks təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi üçün notariat orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 2688 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli 1910/2022 saylı müqavilə üzrə əsas borca görə 25406,90 manat, faizə görə 5022,04 manat, cəriməyə görə 10680 manat olmaqla cəmi 41108,94 manat borcu mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Borcverən "xxxx" MMC ilə borcalan İddiaçı arasında xx.xx.2022-ci il tarixli 2022/1910 saylı kredit müqaviləsi imzalanmışdır. Daha sonra ipoteka saxlayan "xxxx" MMC, ipotekaqoyan X3 və borc alan İddiaçı arasında xx.xx.2022-ci il tarixli 2022/1910-İP saylı ipoteka müqaviləsi imzalanmışdır. Borcalan İddiaçı tərəfindən öhdəlik vaxtında və düzgün qaydada həyata keçirilmədiyindən ipoteka saxlayan tərəfindən notarius orqanına ərizə yazılaraq tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi qəbul edilməsi xahiş edilmişdir. Bununla bağlı notariat orqanı tərəfindən icra qeydi qəbul edilmişdir. Hazırda iddiaçı olan borclu İddiaçı tərəfindən həmin icra qeydi mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3 və 34.1.4cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumat, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası göstərilməlidir. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4.2-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Sadalanan normativ hüquqi aktların maddələrinin tələblərindən görünür ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və bu hal “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumat, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatları əks etdirən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipotekaqoyana sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İşin araşdırılmış hallarından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada tərtib edilmiş bildiriş ipoteka saxlayan tərəfindən ipotekaqoyana təqdim edilmişdir. Lakin, notariat orqanı tərəfindən qəbul edilən icra qeydi borcluya təqdim edilməmişdir. Borclunun icra qeydinə münasibəti ümumiyyətlə öyrənilməmişdir. Belə olan halda da icra qeydinin tərtib edilməsinə əsas olmuş öhdəliyin mübahisəsiz öhdəlik olması hesab edilə bilməz. Həmçinin, icra qeydinin tərtib edilməsinə əsas olmuş öhdəlikdən görünür ki, borclunun əsas borcuna münasibətdə qeyd olunan cərimə məbləği tənasübsüz olaraq çox hesablanmışdır. Bu halın özü də öhdəliyin mübahisəsiz olması ilə bağlı olan halı aradan qaldırır. Məhkəmə borcverən tərəfindən hesablanan cərimənin borcalanın borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-13728 saylı icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edi ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-13728 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ- 13728 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-3495/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3495/2024
09.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver