Məhkəmə qərarları › İş №e-2(003)-3589/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3589/2022

21.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3589/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Firdovsi oğlunun, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X10 oğlunun, Üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı notariat ofisinə və üçüncü şəxs Maraqlı şəxs qarşı icra qeydinin etibarsız hesab edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı notariat ofisinə və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə İddiaçı Hədəli oğlu arasında 02 may 2007ci il tarixdə bağlanmış formal borc müqaviləsi əsasında Bakı şəhəri 31 saylı Notariat Ofisi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə aparılmış 5021 nömrəli icra qeydinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri 31 saylı Notariat Ofisi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə aparılmış 5021 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə indiki Pirallahı rayonu Gürgən qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsini Bələdiyyə ilə müqavilə bağlamaqla əldə etmişdir. 2007-ci ilin may ayında X4 ilə razılaşmışlar ki, həmin torpaq sahəsini Nailəyə 17284 manat müqabilində satsın. Torpaq sahəsinin alqı-satqısı üçün müvafiq sənədlər olmadığına görə qərara gəlmişlər ki, o, bələdiyyəyə gedərək həmin torpaq sahəsindən imtina edsin, Maraqlı şəxs isə torpaq sahəsini anasının adına rəsmiləşdirsin. Sonuncunun ona pul verməsinin təminatı kimi onlar 31 saylı dövlət notariat ofisina gedərək borc müqaviləsi bağlamışlar ki, guya Nailə Abdullayevə ona 17284 manat pulu 2 ay müddətinə borc verir. 2007-ci ilin iyul ayında N.Abdullayevə torpağı anası X2 adma rəsmiləşdirdi və onlar müqaviləni fiziki yolla məhv etmişlər. 29 sentyabr 2022-ci il tarixdə Xəzər rayon icra şöbəsi tərəfindən ona icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar və eyni tarixli, 12530/5A nömrəli bildiriş göndərdi və həmin bildirişdə Bakı şəhəri 31 saylı Notariat Ofisimin 5021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün ərzində könüllü icra etməyim xahiş olunurdu. Belə ki, Bakı şəhəri 31 saylı Notariat Ofisi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə icra qeydi aparılmışdır. İcra qeydi 5021 reyestr nömrəsi ilə qeydə alınmışdır. İcra qeydinə əsasən xüsusi notarius X6 ondan Maraqlı şəxs xeyrinə xx.xx.2007-ci il üçün vaxtında ödənilməmiş 17284 manat məbləğində pulun tutulmasını təklif etmişdir. X1 arasında 02 may 2007-ci il tarixdə bağlanmış guya borc müqaviləsi əsasında Bakı şəhəri 31 saylı Notariat ofisi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə verilmiş, 5021 nömrəli icra qeydini aşağıdakı səbəblərə görə etibarsız hesab edir: onun X3 heç bir borcu yoxdur. Belə ki, həmin borc müqaviləsi formal xarakterli idi və sonuncunun torpaq sahəsini alması üçün aralarındakı alqı-satqı əməliyyəti üzrə ona pul verməsinin təminatı kimi tərtib edilmişdi. Həmin pulun müqabilində o, cavabdehə Gürgən qəsəbəsində yerləşən torpaq sahəmi satmışdır ki, hazırda həmin torpaq sahəsi Maraqlı şəxs anasının adına rəsmiləşdirilib. Həmin torpaq sahəsinin 2005- 2007-ci illərdə ona məxsus olmasını təsdiqləyəcək şahidləri var və məhkəmənin hazırlıq iclaslarında şahidləri təqdim edəcəkdir. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin qanunun 3-cü hissəsində göstərilmişdir ki, barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 02 may 2007-ci il tarixdə X4 ilə bağladığı müqavilənin 3-cü bəndində pulun qaytarılması üçün müəyyən edilən son müddət 02 iyul 2007-ci il tarixi olduğu qeyd edilmişdir ki, Maraqlı şəxs tələb etmək hüququ məhz həmin tarixdə yaranıb və həmin vaxtdan etibarən artıq 15 ildən çox vaxt keçib. Bu əsasla da hesab edir ki, Bakı şəhəri 31 saylı Notariat Ofisi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə verilmiş, 5021 nömrəli icra qeydi "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə ziddir. Sadalanan xüsusatlar onunla Maraqlı şəxs arasında bağlanmış 02 may 2007-ci il tarixli formal borc müqaviləsi əsasında 31 saylı Notariat Ofisi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə aparılmış, 5021 nömrəli icra qeydinin etibarsız sayılmasına əsas verir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X6 məhkəməyə bildirdi ki, Maraqlı şəxs icra qeydinin verilməsi üçün 2022-ci ildə müraciət etmişdir. Həmin vaxt məhkəmə borc müqaviləsinin qüvvəsi ilə bağlı möhürdə yeni tarix olduğuna görə icra qeydi vermişdir. Həqiqətən də icra qeydi verilərkən Təlimatda göstərilən tələblərə əməl edilməmişdir. Odur ki, iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, icra qeydinin etibarsız hesab edilməsi üçün heç bir əsası yoxdur. İddiaçı ona heç bir torpaq verməyib. Aralarında borc münasibətləri olub, o, iddiaçıya 17284 manat pul vermişdir. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, Maraqlı şəxs 17284 manat məbləğində pulu xx.xx.2007-ci il tarixədək qaytarmaq şərti ilə X5 vermişdir. İş materiallarından görünür ki, Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə icra qeydi aparılmışdır. Məhkəmə tərəfindən iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Maraqlı şəxs ilə xx.xx.2007-ci il tarixdə İddiaçı arasında bağlanmış borc müqaviləsinə əsasən Maraqlı şəxs 17284 manat məbləğində krediti xx.xx.2007-ci il tarixədək qaytarmaq şərti ilə borcluya vermişdir. Sözügedən borcun tutulması barədə Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə icra qeydi aparılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin işin məhkəmə tərəfindən araşdırılması zamanı Maraqlı şəxs qanunun tələblərinə riayət etməklə İddiaçı borcun ödənilməsi haqqında bildiriş göndərilməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi, Maraqlı şəxs tərəfindən İddiaçı 2 ay müddətinə 17284 manat məbləğində krediti pul vəsaiti verilməsi və İddiaçı onun qarşısında kredit müqaviləsi əsasında öhdəliklər daşıması işin mübahisəsiz hallarına aiddir. Lakin nəzərə almaq lazımdır ki, borc pul vəsaitinin icra qeydi verilməklə tələb edilməsinin qaydaları qanunvericiliklə tənzimlənir. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə icra qeydinin verilməsi üçün borcludan tələb edilən borc mübahisəsiz olmalı və təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində həmçinin göstərilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İş materiallarından göründüyü kimi tələbkar tərəfindən borcluya bildiriş göndərilməsi və bildirişin borcluya təqdim edilməsi müəyyən olunmur. Halbuki, iddiaçı hazırda borcun mövcud olmadığını və borc müqaviləsinin uydurma xarakter daşıdığını bildirir. Göründüyü kimi borcludan tələb edilən borc məbləği iddiaçı tərəfindən mübahisələndirildiyindən və bildiriş borcluya rəsmi qaydada çatdırılmadığından, həmçinin, hazırkı tələb üzrə iddia müddəti keçdiyindən Bakı şəhəri 31 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri 31 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli (reyestrdə 8İ-5021 nömrə ilə qeyd edilib) icra qeydi ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar