Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-40/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı (üçüncü şəxs X5 oğlu olmaqla) pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X5 oğlu olmaqla –cavabdehdən 180.000 manat maddi zərər və mənəvi ziyana görə 4000 (dörd min) manat olmaqla cəmi 184000 manat alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında fərdi yaşayış evi Cavabdeh tərəfindən dağıdılaraq ev əşyaları talan edilmişdir. Ona məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin olmasını "xxxx" QSC tərəfindən Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin qazlandırılmasına dair 44/TŞ-084310D sənədindən, ona əlavə olunmuş İNİL-465/2010 saylı, 17 dekabr 2019-cu il tarixli Lisenziyadan va həmin Lisenziyaya əlavədən və tərtib olunmuş Aktlardan müəyyən etmək olar. Bundan əlavə "xxxx" ASC-nin Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqi- satqısının birtipli müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən mənə məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsinə dair mənimlə ATS arasında **********9456 nömrəli müqavilə imzalanmiş və mənə **********A0028 sayli abonent kodu verilməklə həmin evimə sayğac quraşdırılmışdır. Buna dair ******* sayli Akt tərtib olunmuşdur. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında "Azərişıq ASC”-nin Sayğac quraşdırma va uçota nəzarəti idarəsinin Xəzər Rayon filialı tərəfindən ona verilmiş digər ******* saylı, xx.xx.2021 -ci il tarixli sənəddə yazılanlardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində ona məxsus fərdi yaşayış evinə 21533962 nömrəli, M 600 tipli, A 5/100 v 220 olan ******* nömrəli dövlət möhürlü, ******* alt qapaq möhürlü sayğacın icraçı Cəfər Quliyev tərəfindən quraşdırılması protokollaşdırılmışdir.Xəzər Rayonu, Buzovna Bələdiyyəsi tərəfindən ona verilmiş 527 saylı 07 aprel 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsiz yaşayır. Xəzər Rayonu, Buzovna Bələdiyyəsi tərəfindən ona verilimiş 531 sayli 10 aprel 2023-cü il tarixli digər arayışdan görünür ki, onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən torpaq və əmlak vergisinə 2023-cü il daxil olmaqla vergi borcu yoxdur.Əlavə olaraq bildirmişdir ki, “Azərsu ASC-nin 004/1/922-lş saylı 12 oktyabr 2021-ci il tarixli Texniki Şərtlərdən görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsindəki fərdi yaşayış evimin su və kanalizasiya xətti ilə təchiz olunmasına dair müqavilə imzalanmaqla təmin olunmuşdur. ünvan 3 ünvanında 01 sentyabr 2003- cü il tarixdən qeydiyyatdadır, 1365 saylı, xx.xx.2021-ci il tarixli digər arayışdan görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində fərdi yaşayış evində qediyyatsız yaşayır.Elektron çıxarışını bu ərizəyə daxil etdiyi sənəddən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən 0,0889 ha torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Bu sənəddə ona məxsus torpaq sahəsinin Situasiya Planı koordinatlari və sərhədləri göstərilmişdir. Məhkəməyə əlavə məlumat verərək bildirmişdir ki, o, ailəlikcə 4 ildir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində özünə məxsus 0,0889 ha torpaq sahasindaki Saha evda qeydiyyatsiz yaşayır. Məhkəməyə bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi ona İcra hakimiyyətinin sərəncamı ilə 1999-cu ildə verilmişdir, lakin həmin torpaq sahəsində fərdi yaşayış evini dostluq etdiyi Zoya Kavalenko adlı qadın inşa etdiyindən Bakı şəhəri, Xazar rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən 1 sayli evi mən 2010-cu ildə Zoya Kavalenko adlı qadından 25000 (iyirmi beş) min ABŞ dolları pul verməklə ondan almışam. Sözügedən evi ona satmış Zoya Kavalenko isə Rusiya federasiyasına köçüb getmişdir. Sonra isə mən külli miqdarda pul xərcləyərək həmin birmərtəbəli evi təmir etdirmiş və həyətyanı sahədəki hasari isə yenisi ilə əvəz etmişdir. Adıçəkilən ünvanda həm torpaq sahəsinin, həm də evinin rəsmi sənədləşdirilməsindən ötəri Azarbaycan Respublikası ƏMDK yaninda DƏDRX-nə müraciət edərkən gözlənilmədən hücumlara və təzyiqlərə məruz, qaldim. Bu zaman qonşuluğunda yaşayan Cavabdeh adında şəxs peyda olaraq onun istifadəsinə olan torpaq sahasinin və evin ona məxsus olduğunu bildirdi. Qısa müddətdə Baki şəhəri, Xəzər Rayon Polis İdarəsindən mənə təzyiq göstərildi ki, həmin yaşadığı ünvandan təcili çıxmalı və buna görə ona 48 saat müddətində həbsdə saxladılar. Onların dediyi ilə razilaşmamışdır. Bunu görən polis əməkdaşları naməlum bir yüksək vəzifəli şəxsin göstərişi ilə ona cinayət işi açdılar və guya onların izahat üçün çağırışlarına gəlməmiş bəhanəsi ilə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xəzər Rayon Prokuroruna müraciət etdilər, lakin Xəzər Rayon Prokuroru barəsində habs qətimkan tədbiri seçilməsi üçün Xəzər Rayon Polis şöbəsinin müraciətini rədd etdi. Buna baxmayaraq onu qorxutmaq məqsədilə barəsində qondarma cinayət işi başlanmışdır. Həbsdə qaldığı müddətdə dövlət orqanları bir neçə texnika gətirərək heç bir məhkəmə qərarı olmadan ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, ev fərdi yaşayiş evini darmadağın edib uçurmuşlar. Aşkar görünür ki, naməlum vəzifəli şəxsin göstərişi ilə dövlət orqanları Cavabdeh qabağa verib ona himayədarlıq edərək heç bir məhkəmə qararı olmadan ona məxsus fərdi yaşayış evini uçurub dağıtdıqdan sonra, əlavə olaraq ona cinayat işi də açmışlar. Onun evini uçurulub, yerlə yeksan edilib, evnin aşyaları oğurlanıb, məhv- edilib, başqa yerə daşınıb. Evin içində qədim, keçmiş tarixə aid bahalı rəsm əsərləri yoxa çıxıbdır. Həmçinin evin keçmiş sahibindən ona qalan bahali servis dəstləri oğurlanmışdır. Qədim rəsm əsərləri 20 ədəd idi. Onlarin ümumi dəyəri 70 (yetmiş ) min manat qiymətləndirilmişdir. Çünki evin əvvəlki sahibi onları muzeyə tahvil vermək istəyini o zaman ona bildirmişdir. Həmin əsərlərin geri qaytarılması onun üçün çox vacibdir.Onun başına gətirilən bu oyunlar indiki məhkəmə və hüquq islahatlari dövründə olduqca çox ağır vəhşilikdir, vandalizmdir. Ona məxsus mənzilin içindəki əşyalarla dəyəri 180000(yüz səksən min) manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin elmək məqsədi ilə qanunla müəyyən edilmiş qa)dada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPMnin 82-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konistitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, iddiaçı qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq tutaraq Cavabdeh həmin torpaq sahəsində mülkiyyət hüququnu pozmağına görə məhkum edilmişdir. Həmin hökmdən aydın olur ki, İddiaçı nə tikiliyə, nə də torpaq sahəsinə heç bir hüququ olmadan oran zəbt etmişdir. Belə olan halda isə ona məxsus olmayan əmlaka görə iddiaçının kompensasiya tələb etməsi əsassızdır. Cavabdeh və üçüncü şəxs X5 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə məhkəmə iclasında gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin və üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra hakimiyyəti üzrə sərəncamından çıxarışdan görünür ki, vətəndaş İddiaçı 0:10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinn Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və Həmkarlar İttifaqı Komitəsinin 30 iyul 1999cu il tarixl 27\K N-li əmrinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan hökmün surətindən görünür ki, İddiaçı 2022-ci ilin yanvar ayından başlayaraq Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsini özbaşına hasarlaması, orda olan köhnə yarımtikilidən öz məqsədləri üçün istifadə etməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-50/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinib və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1599/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə X1 müdafiəçisi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(007)-50/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə məhkum İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü tarixli, 1(103)-1599/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, ünvan 5 ünvanında yerləşən fərdi ev və torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətndədir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi Sənədlər arxivinin direktorunun xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2023-cü il tarixli 28 saylı əmri ilə torpaq almış vətəndaşların siyahısında İddiaçı yoxdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli 10/2603 nömrəli ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.1 ha olsa da, faktiki olaraq hasardaxili 0.0890 ha təşkil edir. İddia edilən torpaq sahəsi **********04 reyestr nömrəsi ilə digər fiziki şəxs olan X3 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin qapısı bağlı olduğundan sahəyə daxil olmaq mümkün olmadı. Torpaq sahəsində inşası davam edən iki mərtəbəli (yarımçıqnatamam) yaşayış evi var. İddiaçıya aid torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməyib. İddiaçının iddia etdiyi yaşayış evi faktiki olaraq mövcud deyil (sökülüb). Faktiki olaraq göstərilən 0.0890 ha torpaq sahəsinin koordinatları əlavə olunur.Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının göstərdiyi sahə **********04 reyestr nömrəsi ilə X3 xüsusi mülkiyyətindədir.Sahə eynilik təşkil etməklə üst-üstə düşür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, ümumiyyətlə zərərin vurulması, eyni zamanda zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Məhkəmə həmçinin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərinin tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmadığından ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı –cavabdehdən 180.000 manat maddi zərər və mənəvi ziyana görə 4000 (dörd min) manat olmaqla, cəmi 184000 manat alınıb ona verlməsi barədə iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri .
Məhkəmə qərarları › İş №e-2(003)-40/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-40/2025
25.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver