Məhkəmə qərarları › İş №e-2(003)-424/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-424/2024

23.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-424/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi maraqlı şəxs qismində cəlb edilməklə "mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi maraqlı şəxs qismində cəlb edilməklə "mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən və çıxarışlar əsasında ərizəçinin mülkiyyətindəki 0,18 ha torpaq sahəsi ilə bərabər eyni hasar daxilində olan, üzərində yaşadığı ev olan onun uzunmüddətli istifadəsində və faktiki sahibliyindəki 0,06 ha torpaq sahəsinin ərizəçinin istifadəsində olmaqla ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin istifadəsində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan kəndi ərazisində 0,24 ha torpaq sahəsi var. O, həmin torpaq sahəsində 2 ev, üstü örtülü olan 4 avtomobil dayanacağı, 1 hovuz, təsərrüfat damları və s. inşa etdirmiş və adları qeyd olunan əmlaklar uzun müddətdir ki, onun istifadəsindədir. Yuxarıda qeyd olunan 0,24 ha torpaq sahəsinin 0,18 ha hissəsinə dair AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı, xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı və xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışlar mövcuddur. Qeyd olunan evlərdən birinin altında olan və həmin evi ("xxxx" ASC-nin **********90016 saylı abunə kodu və "xxxx" ASC-nin **********47100 saylı köhnə abunə kodu və **********00471 saylı abunə kodu, ***-***-**-** nömrəli telefon qovşağı və s. olan) əhatə edən 0,06 ha torpaq sahəsinin uzun müddət pretenziyaçının istifadəsində olmasını nəzərə alaraq sözügedən 0,06 torpaq sahəsinə dair isifadə hüququnun tanınması zərurəti yaranmışdır. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etmədiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd eymişdir ki, onun anası Bakı Şəhəri İcra Hakimiyyətində işlədiyi üçün 1989-cu ildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən onun anasına 0,06 ha torpaq sahəsi ayrılmışdır. O, sonradan həmin torpaq sahəsinin yanında yerləşən digər torpaq sahələrini alqı-satqı müqavilələri əsasında almışdır. O, 0,18 ha torpaq sahəsinə çıxarış əldə etsə də, faktiki olaraq 0,24 ha torpaq sahəsi onun istifadəsindədir və o, həmin torpaq sahəsini hasara almışdır. O, mübahisə olunan 0,06 ha torpaq sahəsinə çıxarış əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisə olunan torpaq sahəsinin ərizəçinin istifadəsində olmasını qəbul etsə də, həmin torpaq sahəsinin ərizəçiyə məxsus olmasını, ərizəçinin mülkiyyətində olmasını qəbul etmir. Həmin torpaq sahəsi bağ sahəsində yerləşir. Həmin torpaq sahəsi ərizəçi tərəfindən zəbt edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisə olunan torpaq sahəsinə yerli baxış keçirilmişdir. Həmin yerli baxış zamanı şahid qismində dindirilmiş X3 qeyd etmişdir ki, o, 2022-ci ilin iyun ayından həmin əraziyə köçmüşdür. Ərizəçi istifadə etdiyi mübahisəli torpaq sahəsində yerləşən evin qaz və işıq sayğacları ayrıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X2 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X2 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X2 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. AZ-İ seriyalı, 011412 nömrəli adın, ata adının və soyadın fəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X1 “Kərimbəyli” soyadı ilə, adını isə “Abbas” adı ilə dəyişdirmişdir. "xxxx" Firması tərəfindən verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 54 saylı bağ sahəsində yerləşən yaşayış evinin Memarlıq planlaşdırma layihəsində həmin evin çertyojları göstərilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki işin materiallarından görünür ki, ərizəçi tələb irəli sürdüyü torpaq sahəsinə aid olan sənədləri əldə edə bilməmişdir. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının, o cümlədən itirilmiş sənədlərin bərpasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən ərizənin rədd edilməsi qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Ərizəçiun ərizəsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas mövcud deyil. Ərizəçi ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.5-ci maddəsinə istinad etsə də, həmin maddədə daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış torpaq sahəsindən bəhs edilir. Ərizəçinin tələbinin irəli sürüldüyü torpaq sahəsi isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizəçi Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi maraqlı şəxs qismində cəlb edilməklə "mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar