Məhkəmə qərarları › İş №e-2(003)-4288/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4288/2025

17.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4288/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4rşı “ölüm faktının müəyyən olunması barədə” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4rşı “ölüm faktının müəyyən olunması barədə” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X3 adlı şəxsin xx.xx.2025 tarixində Bakı ş, Xəzər r, Şüvəlan qəs, Q.Qarayev küç, ev76, m 3-də vəfat etmiş olması faktının məhkəmə qaydasında müəyyən edilməsini; qərarın surətinin Ədliyyə Nazirliyinin qeydiyyat orqanına göndərilməsinin təmin edilməsini (ölüm haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün) xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra yalnız “MPM”) 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 8 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.6-cı bəndində qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. 1) Əvvəla, qeyd olunan qanunvericilik normalarının və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinin işin faktiki hallarına tətbiqi baxımından qeyd olunmalıdır ki, məhkəmə tərəfindən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında baxılır. Xüsusi icraat qaydasında işlərə isə ərizəçinin ərizəsi əsasında onun və maraqlı şəxsin iştirakı ilə baxılmalıdır. Bu baxımdan məhkəməyə iddia icraatı qaydasında iddia ərizəsi ilə deyil, xüsusi icraat qaydasında “ölüm faktının müəyyən olunması barədə” ərizə ilə müraciət edilməlidir. Lakin iddiaçı qanunvericiliyin tələbinə zidd olaraq məhkəməyə iddia icraatı qaydasında iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. MPM-in 153-cü maddəsinin tələbinə əsasən, iddianın yolverilməzliyinə görə iddiadan imtina edilməsi barədə əsaslandırılmış qərardad çıxarılır, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilir və bu, ərizəçiyə həmin şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa (ərizə verməyə) mane olur. Qərardaddan şikayət verilə bilər. Bununla yanaşı, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, qərardadda iddiaçının hansı məhkəməyə müraciət etməli olması göstərilməlidir. 2) Məhkəmə həmçinin onu da qeyd edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilə bilməsi üçün bir sıra şərtə əməl edilməlidir. Bu şərtlərdən biri də, ərizəçinin lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutların ərizəyə əlavə edilməsidir. Belə sübut qismində də müvafiq sənədi verən təşkilat tərəfindən tələb olunan sənədin verilməsindən imtina edilməsi barədə məktub, arayış və s. nəzərdə tutulur. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə isə məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçı ölüm haqqında şəhadətnamənin verilməsi üçün müvafiq orqana (Qeydiyyat şöbəsinə) müraciət etmədən, birbaşa məhkəməyə müraciət etmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi, ərizəçi əvvəlcə həmin sənədin verilməsi üçün əvvəlcə müvafiq Qeydiyyat şöbəsinə müraciət etməli, həmin orqan imtina etdiyi halda isə məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, ərizəçi qanunvericiliyin tələbinə əməl etmədən birbaşa məhkəməyə müraciət etmişdir. 3) Bundan əlavə, iddia ərizəsində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ cavabdeh olaraq qeyd olunmuş, lakin ona münasibətdə hər hansı tələb irəli sürülməmişdir. Ümumiyyətlə hazırkı tələb xüsusi icraat qaydasında baxılmalı olduğundan həmin mülki işlə əlaqədar hər hansı cavabdehin müəyyən olunması da qanunvericiliyin tələbinə uyğun deyildir. Çünki cavabdeh iddia icraatı qaydasında baxılan mülki işlər üzrə müəyyən olunur, barəsində bəhs olunan tələb isə xüsusi icraat qaydasında baxılmalı olan tələbdir və həmin tələblərə ərizəçi və maraqlı şəxsin iştirakı ilə baxılır. 4) Digər tərəfdən, qeyd olunan faktın təsdiq olunmasının İddiaçı barəsində hüquqi nəticələr doğurması ilə əlaqədar bildirilməlidir ki, o, ölüm faktının təsdiq olunmasını istədiyi şəxs – X3 ilə qohumluq əlaqələrini təsdiq edən sənədləri iş materiallarına əlavə etməmişdir. İddiaçı hər nə qədər məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində X1 anası olmasını qeyd etmiş olsa da, həmin faktı təsdiq edən sənəd(lər) iddia ərizəsinin qoşmasına əlavə olunmamışdır. MPM-in 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalı və qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Bunula yanaşı, iddiaçıya izah olunur ki, ölüm haqqında şəhadətnamənin alınması üçün əvvəlcə müvafiq Qeydiyyat şöbəsinə müraciət edilməli, həmin orqan tərəfindən imtina edildiyi təqdirdə, xüsusi icraat qaydasında ərizə ilə aidiyyəti məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4rşı “ölüm faktının müəyyən olunması barədə” iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun məbləği ona geri qaytarılsın. İddiaçıya, ölüm haqqında şəhadətnamənin alınması üçün əvvəlcə müvafiq Qeydiyyat şöbəsinə müraciət etməli olduğu, həmin orqan tərəfindən imtina edildiyi halda, xüsusi icraat qaydasında ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar