Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4336/2025 23.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19915 (on doqquz min doqquz yüz on beş ) manat pulun və ödənilmiş 150 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qardaşı X1 vasitəsilə tanımışdır. Belə ki, iddiaçının qardaşı M.Mehman 2024-cü ilin yay aylarında Afrikada olarkən Cavabdeh ilə tanış olmuşdur. Orada olarkən aralarında tanışlıq yaranmış, vətənə qayıtdıqdan sonra da əlaqədə qalmışlar. Cavabdehlə aralarında yaranmış tanışlıq və etimaddan irəli gələrək M.Məhəmmədliyə bərabər biznes qurmağı təklif etmişdir. İddiaçının qardaşı cavabdehə heç vaxt şəxsi biznesinin olmadığını və belə işlərdən başının çıxmadığını bildirsə də, cavabdeh onunla dəfələrlə söhbət aparmış, uzun illərdir belə işlərin içində olduğunu və narahat olmalı heç nəyin olmadığın bıldirmişdir Hətta 2024-cü ilin dekabr ayında iddiaçının qardaşını Dubaya dəvət etmişdir. Maddi imkanının buna yol vermədiyini bildirdikdə isə onunüçün bilet və digər xərcləri ödəmişdir. Bir daha ona bir yerdə biznes yaratmağı təklif etmiş və aralarında olan etimada görə onunla razılaşmışdır. Beləliklə, 2025-ci ilin əvvəlində onlar şirkət açmışdır. Əvvəl Cavabdeh özünü təsisçi direktor kimi qeydiyyata almış, sonradan iddiaçının qardaşını direktor kimi qeydiyyata alınmışdır. Cavabdehin dediyinə görə onlar, firmalardan spirtli içki alıb üzərinə qiymət əlavə etməklə satmalı və gəlir əldə etməli idi. İddiaçı cavabdehlə qardaşı vasitəsilə tanış olmuş və əlaqə yaratmışdır. Bir neçə müddət sonra aralarında etimad və tanışlıq yaranmışdır. Cavabdeh iddiaçının etimadından istifadə edərək bizneslərinə dəstək olmaq adı altında ondan borc istəmişdir. İddiaçı həm qardaşının xətrinə, həm də cavabdehlə aralarında olan yaxşı münasibətə görə ona müxtəlif vaxtlarda borc pul vermişdir. İddiaçı hətta özünə məxsus evi girov qoyaraq 23000 (iyirmi üç min) manat məbləğində pulun bir hissəsini cavabdehə vermişdir. İddiaçı tərəfindən cavabdehin kart hesablarına göndərilmiş pul vəsaitlərinin qəbzləri də mövcuddur. Bir müddət sonra iddiaçı cavabdehin onu aldatdığını anlamışdır. Sonradan məlum olmuşdur ki, cavabdehin iddiaçı kimi başqalarına da borcu vardır. Belə ki, iddiaçının Cavabdeh ödədiyi ümumi məbləğ 19915 (on doqquz min doqquz yüz on beş) manatdır. Bu pul məbləğini isə iddiaçı öz qohum və tanışlarından borc alaraq, evini girov qoyaraq almışdır. Dəfələrlə cavabdehə aldığı pulu geri qaytarmağına dair müraciətlər etsə də, hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçmışdır. Ona görə ərizə ilə məhkəməyə müraciət edilmişdir.
3. İddiaçı vəkili və nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, cavabdeh məhkəmə proseslərində iştirak etmədiyi təqdirdə işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4336/2025 xx.xx.2026-cı il tarixli qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
5. İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar heç bir məhkəmə iclasında iştirak etməmişlər. Bununla belə iddiaçının vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizələr təqdim edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
6. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, ona bildirişin çatdırılması mümkün olmamış və o, məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin məlumatlandırılması üçün onun rəsmi qeydiyyat yeri üzrə nümayəndəliyə bildiriş göndərilsə də, nümayəndəlik tərəfindən göndərilən cavab məktubunda Xəzər RİHB-nın Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən araşdırma aparılsa da vətəndaş barədə heç bir məlumat əldə etmək mümkün olmadığı, bu səbəbdən məhkəmə bildirişini vətəndaş Cavabdeh təqdim etmək mümkün olmadığı qeyd olunmuşdur. Ona görə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
7. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
8. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
9. 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 10.406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
11. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 12.739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 13.739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 14.1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 15.1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 16.14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 18.88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 19.217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 20.218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
Məhkəmənin mövqeyi:
21.Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. 22.Məhkəmə ilk öncə qeyd etməyi zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin hüquqi əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin hüquqi əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 23.İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı cavabdehlə qardaşı vasitəsilə tanış olmuş, bir neçə müddət sonra aralarında etimad və tanışlıq yaranmışdır, cavabdeh iddiaçının etimadından istifadə edərək ondan borc istəmiş, iddiaçı həm qardaşının xətrinə, həm də cavabdehlə aralarında olan yaxşı münasibətə görə ona müxtəlif vaxtlarda borc pul vermiş, bir müddət sonra iddiaçı cavabdehin onu aldatdığını anlamış, sonradan məlum olmuşdur ki, cavabdehin iddiaçı kimi başqalarına da borcu vardır. Dəfələrlə cavabdehə aldığı pulu geri qaytarmasına dair müraciətlər etsə də, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçmışdır. Belə ki, iddiaçının cavabdehə ümumi 19.915 (on doqquz min doqquz yüz on beş) manat məbləğində borcu vardır və iddiaçı hazırda həmin borcun və ödənilmiş 150 manat dövlət rüsumunun ona qaytarılmasını tələb edir. 24.Bu kateqoriyadan olan iddianın düzgün həlli üçün tərəflər arasında olan öhdəlik hüquq münasibətlərinin xarakteri və nəticəsi düzgün müəyyən edilməlidir. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır. 25.Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 26.Mülki qanunvericiliyə əsasən, öhdəliklərin əmələ gəlməsi əsasları arasında müqavilə aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında bir-birinə uyğun qarşılıqlı iradə ifadəsi olmalı, qanunla müəyyən edilmiş formaya uyğun müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ tələblərə, o cümlədən, qanunvericilikdə həmin növ müqavilə üçün müəyyən edilmiş forma tələblərinə uyğun olmalıdır. 27.Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən də, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 28.Qeyd olunan qanunvericilik normalarının tələbinin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində hər nə qədər cavabdehə borc pul verdiyini, başqa sözlə tərəflər arasında borc münasibətinin (müqaviləsinin) olduğunu qeyd etsə də bu faktı təsdiq edən hər hansı mümkün və mötəbər sübut təqdim etməmişdir. Belə ki, qeyd olunan (19915 manat) borc məbləğinin üç min manatdan çox olduğunu nəzərə alsaq, qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arasında bağlanılmış olan hər hansı yazılı müqavilə müəyyən edilmir. Bununla yanaşı, iddiaçı ümumiyyətlə borc verilməsinə dair tərəflər arasında bir birinə uyğun iradə ifadəsinin olduğunu təsdiq edən heç bir mümkün və mötəbər sübut təqdim etməmişdir. Sübut edilməyən halları isə məhkəmə mövcud olmayan kimi qiymətləndirir. Beləliklə, iş materialları əsasında məhkəmə araşdırması nəticəsində tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin olmadığı qənaətinə gəlinir. 29.İddianın əsassız varlanmaya dair normaların şərtləri əsasında yoxlanılması üçün nəzərə alınmalıdır ki, əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün borclunun əmlak əldə etməsi, həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi, bu əldəetmə üçün heç bir qanuni əsas və ya müqavilə əsasının olmaması və ya bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi kimi şərtlərin mövcudluğu vacibdir. Mülki Məcəllənin müvafiq maddələrinin məzmununa görə, əmlakdan məhrum olan şəxs əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir. 30.Belə ki, iddiaçı tərəfindən cavabdehə pul verildiyini sübut etmək üçün iddia ərizəsinə “qəbz” adı ilə əlavə edilmiş fotoşəkillərə münasibətdə məhkəmə qeyd edir ki, həmin fotoşəkillər həm həmin köçürülmələrin həqiqətən də baş verdiyini, həm həmin məbləğlərin həqiqətən də iddiaçı tərəfindən cavabdehə köçürüldüyünü (eyniləşdirmə məlumatları ehtiva etmir), həm də əgər həqiqətən köçürülmüşdürsə, bu köçürülmələrin heç bir hüquqi əsasının olmadığını təsdiq edən mümkün və mötəbər sübut kimi qiymətləndirilə bilməz. 31.Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mümkün və mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, iddia ərizəsinə əlavə edilmiş həmin fotoşəkillər qeyd olunan sübut meyarlarına uyğun deyildir. Ona görə, tərəflər arasında əsassız varlanmadan irəli gələn öhdəlik hüquq münasibətinin də olduğu sübut olunmur. 32.“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki: 63. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.” 33.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov