Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-437/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4471,04 manat iddiaçı tərəfindən ödənilmiş 64,72 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 4535,76 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”-na əsasən müəyyən edilmişdir. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında göstərdi ki, Xəzər rayonu Xaşa-Xuna bağları Təzə sahə ünvanı onun mülkiyyətindədir və sayğac da onun adınadır. Həmin evdə qeyri-qanuni xətt vasitəsilə istifadə təxminən 10 gün ərzində olmuşdur. Əlavə xətt evdən kənarda quraşdırılmışdır. Xətt şlanq vasitəsilə qoşulmuşdur. Şlanqın qoşulmasında məqsəd xəttin yoxlanılması olmuşdur. Həmin müddətdə onun tərəfindən təxminən 50 manat məbləğində sərfiyyat edilmişdir. Evdə bir ədəd İran sobası və bir ədəd dördgözlü qaz plitəsi vardır. Etiraf etdiyi 50 manatdan başqa digər məbləği qətiyyətlə qəbul etmir. Qeyd edilənlərə əsasən iddia tələbinin qismən təmin olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpa edilməsi barədə tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 36720 m3 dəymiş ziyan hesablanmışdır (36720 x 0,12= 4406,40 manat). - Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X1 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli 139020 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. - Həmin müqavilənin 3.1 və 3.4-cü bəndlərinə əsasən, qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün illik istehlak həcmi 1200 kubmetrədək olan hissəsi üçün qazın dəyəri 0,12 manat, illik istehlak həcmi 1200-2500 kubmetr olan hissəsi üçün qazın dəyəri 0,20 manat, 2500 kubmetrdən çox olan hissəsi üçün isə qazın dəyəri 0,25 manat müəyyən edilir. Hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istahlakçı tərəfindən bank, internet, poçt və ya ödəmə terminalları vasitəsilə tam ödənilməlidir. - Cavabdehin adına olan abonent saldosundan ( abonent kodu **********00072) görünür ki, cavabdehin abonent hesabına akt əsasında 2022-ci ilin noyabr ayında 4406,4 manat zərər hesablanmışdır. Ünvana xx.xx.2022-ci il tarixdə mexaniki tipli “ZENNER G4T MEXANİKİ” sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən 2022-ci il ərzində təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktın təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair (cavabdehin etiraf etdiyi haldan başqa) hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin ildə tərtib edilmiş aktın əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktdan başqa, cavabdehin qazdan istifadə qaydalarının pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, akt tərtib edildiyi zaman istehlakçının iştirakı təmin edilməmiş, quraşdırılmış avadanlıqlara baxış keçirilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə edilməsi üçün hansı avadanlıqlardan istifadə oluması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatı, onun tərəfindən etiraf edilən məbləğdə nəzərə alınmalı və bu hal cavabdehin sayğacdan kənar təbii qazdan istifadəni təsdiq edən sübut kimi qəbul edilməlidir. Belə ki, cavabdeh həmin hissədə etirafedici izahat verməklə iddiaçını bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halın iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, etiraf olunan məbləğdən başqa, aktın tərtib edilməsinə əsas olmuş hallar sübut olunmadığından həmin akt əsasında cavabdehdən dəymiş ziyanın tələb edilməsi əsassızdır. Məhkəmə müəyyən edilmiş halı nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən 2022-ci il tarixində təbii qazdan qeyriqanuni xətt vasitəsilə istifadə etməsi nəticəsində iddiaçıya 50 manat dəyərində zərər dəymişdir. Abonentin saldosuna nəzər yetirdikdən qeyd edilən məbləğin digər aylardakı sərfiyat məbləğinə mütənasib olmaqla ağlabatan olduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi olan, yəni cavabdehin etiraf etdiyi hissədə kənar xətt vasitəsilə istehlak etdiyi qaza görə 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 64,72 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belələliklə məhkəmə, yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə vurulmuş zərərə görə 50 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 50 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat tutularaq İddiaçı "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə (Kod 805153 VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 54,72 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-437/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-437/2024
24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver