Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-456/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə uzun illərdir tanışdır. Maddi vəziyyətinin pis olduğunu, pula ehtiyacı olduğunu əsas gətirərək borc pul verməyini xahiş etdiyindən o da cavabdehin səmimiliyinə, tanışlığına, onu aldatmayacağına inanaraq 40000 manat məbləğində borc vermişdir. Lakin hazırda cavabdeh min bir xahişlə aldığı 40000 manat pulu qaytarmır, 2 ildir ki, onu bu gün sabah deyərək get-gələ salır. Cavabdehin özü də bilir ki, o, pulun bir hissəsini başqalarından alıb cavabdehi pis vəziyyətdən çıxartmışdır. İndi də hər dəfə min bir bəhanə, min bir xahiş edərək bu boyda elin ağsaqqalının əsəbləri ilə oynayır, camaat qarşısında onu pis vəziyyətdə qoyur. Çünki, onun cavabdehə pul alıb verdiyi şəxslər də ondan narazı qalır, pullarını istəyirlər. xx.xx.2022-ci il tarixində Cavabdeh Lənkəran rayon 1 saylı notariat ofisində ərizə yazıb notarial qaydada imzasını təsdiq etdirərək ehtiyacı olduğuna görə aldığı pulu vaxtında qaytara bilmədiyini etiraf etmiş və həmin pulu cari ilin oktyabr ayının sonuna kimi ödəyəcəyinə söz versə də, adam yenə də yalanlarına, bəhanələrinə davam edir. Əlavə olaraq, Lənkəran şəhəri Ağsaqqallar Şurasının sədridir, uzun əmək, həyat yolu keçmişdir. X2 Böyük Vətən müharibəsi iştirakçısı olub, igidliyinə görə orden və medallarla təltif olunub, uzun illər əmək qabaqcılı, ictimai işlər fəalı olaraq ölkəmizə xidmət edib. Ümummilli lider Heydər Əliyevin həmişə hörmət qoyduğu şəxslərdən olub. O da onun yolunu şərəflə davam etdirmiş və bu gün də o yoldadır. Ancaq Cavabdeh özünün X1 Limanının rəhbəri olmasından, vəzifəsindən istifadə edərək bu ahıl yaşında onu məhkəməyə müraciət etməyə vadar edir. Qeyd olunanlardan, əlavə edilmiş rəsmi sənəddən də göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş, borcu qaytarmamışdır. Göstərilən səbəbdən də o, ağır maddi vəziyyətə düşdüyündən, cavabdeh onun qarşısında öhdəlik daşıdığından iddianın predmeti olan pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Odur ki, Cavabdeh 40000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 210 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən Lənkəran rayon 1 saylı notariat ofisində yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Lənkəran şəhər sakini İddiaçı uzun müddətdir ki, yaxından tanıyır. Bir neçə il əvvəl ehtiyacı olduğuna görə İddiaçı 40000 manat borc verməsini xahiş etmiş və İddiaçı bir il müddətinə qaytarmaq şərti ilə 40000 manat borc vermişdir. Pulun qaytarılma müddəti keçməsinə baxmayaraq, həmin borcu qaytara bilməmişdir. 2022-ci ilin oktyabr ayının sonuna kimi qaytarmağa söz verir. İşin bütün araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qaytarılması şərtilə 40000,0 pul verilmiş, həmin məbləğdən cavabdeh tərəfindən iddiaçıya hərhansı vəsait qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsaəsn əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc kimi pulun verilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında borca pulun verilməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 40000,0 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 210,0 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı, tərəfindən çəkilmiş xərclərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 40000,0 manat və ödənilmiş dövlət rüsumuna görə 210,0 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 40000,0 manat və ödənilmiş dövlət rüsumuna görə 210,0 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-456/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-456/2023
03.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver