Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-518/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçıı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh və onun vəkli Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 İddiaçı mülkiyyətindədir. Cavabdeh onun qızının keçmiş əridir. İddiaçı Cavabdehə mülkiyyətindəki evdə müvəqqəti yaşamağa razılıq vermişidir. Hazırda isə, onun iradəsinə zidd olaraq evdən çıxmır. Bununla da onun mülkiyyət hüququnu məhdutlaşdırır. İddiaçı qeyd edilənləri və qannunvericiliyin tələblərini nəzərə alaraq, Cavabdeh ünvan 2dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçıı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia əriəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçını qızı X1 ilə 2007-ci il də ailə qurmuşdur. Ailə qurduqdan sonra 2011-ci ildə mübahisəli mənzil alınmışdır. Həmin mənzil alınarkən mənzilin alınmasına 30.000,0 manat pul vermişdir. Mənzili alarkən iddiaçının adına qeydiyyat aparıldı. 2011-ci ildən öz ailəsi ilə həmin mənzildə yaşayıb. Hal-hazırda mübahisəli mənzildə yaşayır. İddia tələbinin rədd olunmasınə xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İşə əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A. Bakıxanov küçəsi, 12-ci döngə, ev 4 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-265/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 794 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materialların əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayıb-yaşamaması müəyyən etmək məqsədi ilə xx.xx.2024-cü il tarixində Binə qəsəbəsi İƏD-üzrə nümayəndəliyinin əməkdaşı ilə birlikdə həmin ünvana baxış keçirilmişdir. Baxış keçirilən zaman vətəndaş Cavabdeh həmin ünvanda tək yaşaması faktı müəyyən olunmuşdur. Eyni zamanda sözü gedən ünvanda digər şəxlərin də yaşayıb yaşamaması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yaşayır. Cavabdeh idiaçının qızı ilə evli olmuş və cavabdeh ailə üzvləri ilə mübahisəli mənzildə yaşamışlar. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-265/2024 saylı qətnaməsi ilə X1 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Məhkəmə İddiaçı iddia tələbinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı iddiası əsaslıdır. Ona görə ki, , Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə, 4 saylı mənzili daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində onun mülkiyyət hüququ əmələ gəlmişdir. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçın göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıaxrılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmadığından İddiaçı öz mülahizəsinə görə mübahisəli mənzildən istifadə edə bilmir. Odur ki, iddia təmin edilməlidir. Belə ki, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə 4 saylı ünvanda yaşamış, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehin həmin mənzilə istifadə hüququ olmadığından, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı mənzili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə 4 saylı mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə 4 saylı mənzildən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-518/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-518/2025
27.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver