Məhkəmə qərarları › İş №e-2(003)-543/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-543/2024

14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-543/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "müqaviləyə texniki düzəliş edilməsi" tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "müqaviləyə texniki düzəliş edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanılmış 4Ə-592 reyestr N-si ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin 1-ci bəndinə düzəliş edilməsini və həmin bəndin “Satıcı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən, istifadəsində olan 0,0243 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin, ümumi sahəsi 182,59 kv/m olan bağ evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcının" mülkiyyətinə verir(lər): –Satıcı İddiaçı (bir hissə, 54,14 kv.m-dən ibarət olan “B” tikilisi) – Alıcı Cavabdeh QİZİNA” şəklində oxunmasını, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında 128,41 kv.m-dən ibarət olan “A” tikilisi üzərində mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh ilə notariusda müqavilə bağlayaraq mülkiyyətimdə olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında yerləşən “B” tikilisini Cavabdeh satmışdır. Təxminən 1 ay bundan əvvəl özünə aid olan çıxarışı almaq istəyərkən, ümumiyyətlə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında mənə aid çıxarışın olmadığını bilmişdir. Bundan sonra o, vəkilə müraciət etmişdir. Vəkilin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, həqiqətən də alqı-satqı müqaviləsi ilə bütün yaşayış sahələri satılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında 128,41 kv.mdən ibarət olan “A” tikilisi, 54,14 kv.m-dən ibarət olan “B” tikilisi vardır. Onun vəkili notariusa sorğu vermişdir. Notariusdan verilən müqavilə ilə o, səhvən yaşayış sahəsinin hamısını xx.xx.2022-ci il tarixində Cavabdeh satmışdır. Cavabdeh də bunu özü etiraf edir. Həmçinin cavabdeh ona faktiki olaraq satdığı “B” tikilisində yaşayır. “A” tikilisi isə mənim sərəncamımdadır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq iddiaçının nümayəndəsi qeyd etmişdir ki, həmin daşınmaz əmlakın “A” sahəsinin “B” sahəsi ilə birlikdə 200000 manatdan çox qiyməti var. İddiaçı hər iki sahəni 3 dəfə aşağı qiymətə sata bilməz. “X7 Mərkəzi” MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 2 ədəd fərdi yaşayış evlərinin ümumi bazar dəyəri və hər bir fərdi yaşayış evi hər birinə ayrılmış 0,03 ha torpaq sahəsi olmaqla bazar dəyəri qiymətləndirmə tarixinə aşağıda qeyd olunanlar kimi müəyyən edilmişdir: ümumi əmlakın dəyəri 219000 manat; 128,41 kv. m. sahədən ibarət və 0,03 ha torpaq sahəsi olan fərdi yaşayış evinin bazar dəyəri 129530 manat; 54,18 kv. m. sahədən ibarət və 0,03 ha torpaq sahəsi olan fərdi yaşayış evinin bazar dəyəri 89370 manat. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o evi bütöv olaraq almışdır. Onlar danışıq zamanı hər iki sahənin satılmasını razılaşdırmışlar. O, İddiaçı evin sahəsini soruşan zaman İddiaçı ona telefonunda elektron çıxarışı göstərmişdir. İddiaçı digər tikilini 1 aydır ki, kirayə vermişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, İddiaçı anasıdır. O, Cavabdeh tanımır. Sadəcə olaraq onun oğlu İddiaçı evi satışa qoymuşdur. Evin satışa qoyulduğu müddətdə müştəri gəlmiş və 2000 manat beh vermişdir. Daha sonra onun yaxından tanıdığı makler ona zəng edərək evə xanım müştəri gəldiyini və həmin müştərinin yaxşı adam olduğunu bildirmişdir. O, həmin maklerin xətrinə evi beh verən adama satmaqdan imtina edib evi xanım müştəriyə satmaq qərarına gəlmişdir. O, evi 100000 manata satışa qoymuşdur. Sonra onun oğlu Kəmalə xanımı götürub evə gəlmiş və evi alan şəxsin həmin xanım olduğunu bildirmişdir. Onlar behi behin 2 qatını ödəmək şərti ilə qaytarmışlar. Kəmalə xanım söhbət zamanı tək qadın olduğunu bildirmiş, ona görə də o, evin qiymətində endirim etmişdir. Onlar aşağı hədd kimi 95000 manat təklif etdikləri evi sonda 80000 manata Kəmalə xanıma satmışlar. Razılıq yalnız “B” sahəsi ilə bağlı olmuşdur. O, alqı-satqı müqaviləsi bağlamağa getməmişdən öncə Kəmalə xanıma fikrini dəqiqləşdirməyi təklif etmişdir. O, 8 il həmin evdə yaşamış və evi 1 il kirayə vermişdir. O, evi satışa qoyduğum üçün evin bütün qazını, işığını, suyunu ayırmışdır. Kəmalə xanım onu 9-cu mikrorayonda yerləşən notariusa aparmışdır. O, notariusda da İlham adlı şəxsə həmin yerdə 2 mülkün olduğunu, onların mülklərin birini satdıqlarını bildirmişdir. Oğlu da orada evin birini satdıqlarını bildirmişdir. O, əvvəllər də bir neçə bələdiyyəyə məxsus sənədi olan evi notariusda alqı-satqı müqaviləsi ilə satmışdır. Amma bu ev çıxarışlı olduğuna görə həmin evin “A” və “B” sahələrindən ibarət olduğunu bilməmişdir. Kəmalə xanım hər dəfə ona digər evdə gözü olmadığını bildirmişdir. Amma sonradan evi bütövlükdə izolyasiya etdikdən sonra qalan sahəni adlarına keçirdəcəyini bildirmişdir. Onun bir çox əşyaları mübahisəli evdə qalmışdır. Hal-hazırda Kəmalə xanım “B” sahəsində yaşayır. “A” sahəsi onun oğlunundur. O, “A” sahəsini kirayəyə vermiş və buna görə kirayə pulu alır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, İddiaçı qonşusudur. Nurəlinin orada 2 evi var. Həmin evlər bir-birinə bitişik evlərdir və aralarında hasar var. İddiaçı evin bir hissəsini çoxdan kirayə vermiş, evin digər hissəsini isə satmışdır. Evin satış qiyməti ilə maraqlanmadığına görə o, evin satış qiymətini bilmir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, İddiaçı qonşusudur. Nurəlinin orada 2 evi var. Evin bir hissəsində Nurəlinin ailəsi yaşayır. Nurəli evin digər hissəsini satmışdır. 2 evin arasında çəpər mövcuddur. O, evin satış qiyməti ilə maraqlanmadığına görə evin satış qiymətini bilrmir. O, evin satılması üçün daşınıqlarda iştirak etməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, 0,0243 ha torpaq sahəsində və ünvan 3 ünvanında yerləşən bağ evi ümumi sahəsi 128,41 m2 olan “A” sahəsindən və ümumi sahəsi 54,18 m2 olan “B” sahəsindən ibarətdir. Həmin bağ evinin cəmi sahəsi 182,59 m2-dir. Həmin bağ sahəsi xx.xx.2015-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0,0243 ha torpaq sahəsində, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 182,59 m2 olan bağ evi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən, istifadəsində olan 0,0243 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini, ümumi sahəsi 182,59 kv/m olan bağ evini 80000 manat müqabilində tam olaraq Cavabdeh mülkiyyətinə vermişdir. "xxxx" ASC-nin 07 oktyabr 2022-ci il tarixli mədaxil orderindən görünür ki, 80000 manat Cavabdeh verilmişdir Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 182,59 m2 olan bağ evi xx.xx.2015-ci il tarixdə “A” və “B” sahələri qeyd edilməklə X6 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixdə həmin bağ evi yuxarıda göstərilən sahələr qeyd edilmədən İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı həmin bağ evinin hamısını Cavabdeh 80000 manat qiymətə satmışdır. Hazırda İddiaçı həmin bağ evinin ümumi sahəsi 54,14 kv.m olan “B” sahəsini Cavabdeh satdığını iddia edərək müqavilənin şərtlərinin dəyişdirilməsini və bağ evinin “A” sahəsi üzərində onun mülkiyyət hüququnun bərpa edilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir və həmin bağ sahəsinin tam olaraq ona satıldığını bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 422-ci maddəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin daşınmaz əmlakın alqı-satqı müqaviləsinə düzəliş edilməsi hissəsinə münasibətdə hesab edir ki, alqı-satqı müqaviləsinə düzəliş edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş heç bir əsas mövcud olmadığına və müqaviləyə düzəliş edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş halların olması sübuta yetirilmədiyinə görə iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə İddiaçı iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında 128,41 kv.m-dən ibarət olan “A” tikilisi üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə münasibətdə hesab edir ki, iddia tələbinin müqaviləyə düzəliş edilməsi hissəsi təmin edilmədiyinə görə bu tələbin təmin edilməsi mümkün deyil. Həmçinin məhkəmə qeyd edir ki, yuxarıda göstərilən əmlak alqı-satqı müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə verilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı "müqaviləyə texniki düzəliş edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar